Tahir Rzayev: İndiyədək 1033 bələdiyyə birləşib - MÜSAHİBƏ
30 iyun 2009 20:00 (UTC +04:00)

Tahir Rzayev: İndiyədək 1033 bələdiyyə birləşib - MÜSAHİBƏ

Prezident İlham Əliyevin bu ilin aprelində imzaladığı fərmana uyğun olaraq ölkə ərazisində kiçik bələdiyyələrin birləşməsi prosesinə başlanıb. Artıq “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlara əlavə və dəyişikliklər də edilib və indi yeni qaydalar üzrə bələdiyyələrin birləşməsi prosesi gedir.

Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Tahir Rzayev Lent.az-a müsahibəsində bələdiyyələrin birləşməsindən onun gözlənilən nəticələrindən danışıb:

- Əvvəla deyim ki, bələdiyyələrin birləşməsi çox vacib və düzgün yoldur. Çünki həm beynəlxalq, həm də yerli təcrübə göstərir ki, kiçik bələdiyyələrin birləşməsi daha effektiv nəticə verər. Ona görə ki, həqiqətən də kiçik bələdiyyələr özlərini doğrultmur. Onların maliyyəsi, mülkiyyəti, kadr potensialı yoxdur və bu səbəbdən effektiv fəaliyyət göstərə bilmir. Bəzi bələdiyyələr 10 ildir oturub gözləyir ki, dövlət onlara dotasiya ayırar, yaxud da mülkiyyətində olan torpağı icarəyə verər və bunun hesabına pul götürər. Bu pul isə onların özlərinin əməkhaqqına güclə çatır. Ona görə də kiçik bələdiyyələrin birləşməsi zəruridir. Prezidentin məlum sərəncamından sonra təxminən 1000-dən artıq bələdiyyə birləşdi və mənə elə gəlir ki, bu, effekt verəcək. Üstəlik gələcəkdə bu işlərin bir qədər də təkmilləşməsi yenə vacib olacaq. Məncə, bu istiqamətdə lazımi tədbirlər görüləcək. Çünki bu gün elə kənd var ki, orada 40-50 nəfər əhali yaşayır və bu bələdiyyə heç bir iş görə bilmir.

- Xarici təcrübədə necədir?

- Biz bir neçə xarici ölkədə bu məsələni dərindən öyrənmişik. Bu məsə bir neçə ildir ki, ortadadır və bununla əlaqədar biz bir neçə dəfə Norveçdə, Almaniyada, Latviyada olub təcrübəni öyrənmişik. Həmin qrupda Milli Məclisin nümayəndələri ilə yanaşı bələdiyyə nümayəndələri, onların assosiasiyaları, hətta Avropa Şurasının ekspertləri də vardı. Həmin ölkələrdə də vaxtilə kiçik bələdiyyələr çox olub. Ancaq onların 50-100 ilkik təcrübəsi var və bu müddət ərzində kifayət qədər təkmilləşiblər. Hazırda Bolqarıstan, Latviya, Danimarka kimi ölkələrdə bələdiyyələrin sayı 200–500 arasındadır. Bizdə isə 2757 bələdiyyə var və bu, həqiqətən də çoxdur.

- Bu birləşmədən nə gözləyirsiniz?

- Əvvəla bir çox izafi xərclər aradan qaldırılacaq. Bunlar nədir? Bələdiyyələr hazırda öz binaları üçün icarə haqqı, kommunal xidmət haqları ödəyirlər və bu əlavə xərclərdir. İkincisi, əməkhaqqı, müəyyən texniki vasitələr də əlavə xərc tələb edir. Bundan başqa, xırda bələdiyyələrdə kadrların səviyyəsi çox aşağıdır. Bələdiyyələrin birləşməsi bu problemi də həll edər. Həmçinin fəaliyyətdəki pərakəndəlik də aradan qalxar. Digər tərəfdən vətəndaşların özlərinin bələdiyyələrə etimadı artacaq və özünüidarəetmədə ümumi bir nəzarət imkanı yaranacaq.

- Birləşmə hansı mexanizmlər əsasında aparılir: ərazi, yoxsa əhalinin sayı əsas götürülür?

- Bununla bağlı eksperiment aparılıb. “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” qanun var və bu qanuna əsasən, bələdiyyələr könüllülük prinsipi ilə birləşə və ya ləğv oluna bilər. Bu, buraxılır vətəndaşların və bələdiyyələrin öz öhdəsinə. Lakin buna gedilmədi və bundan sonra yerlərdə də məsələ qalxdı ki, onların bələdiyyəsi iş görmürsə, nəyə lazımdır, ondan sonra biz könüllülük prinsipindən imtina barədə respublikada müxtəlif səviyyəli toplantılar, müzakirələr keçirdik. Sonra iki pinsip irəli sürüldü və bunlardan biri əhalinin sayına görə idi. Çünki bir çox ölkələrdə, məsələn, qonşu Türkiyədə 5 min nəfərdən az əhalisi olan ərazidə bələdiyyə yaradılmır. Amma bu, bizdə bir qədər çətindir, Azərbaycanda etnik qruplar çoxdur, dağ və aran şəraiti olan ərazilər var və bunlar insanların birləşməsi üçün müəyyən çətinlik yaradır. İkinci variant isə inzibati ərazi dairələri üzrə bələdiyyələrin yaradılmasıdır. Sovet dövründə bir neçə kiçik kəndi bir sovetlikdə birləşdirmişdilər və bu təcrübə indiki birləşmədə əsas götürülüb. Bununla bağlı təcrübəmiz də var, adamlar bunu uzun illər mənimsəyiblər, həm də o kəndlərin hamısı bir-birinə qohumlaşıb və onlar bir-birilərini tanıyırlar. Ona görə də qərara alındı ki, bələdiyyələr bu prinsip əsasında birləşsələr, daha effektiv nəticə verər.

- Belə çıxır ki, bələdiyyələrin birləşməsi könüllü deyil, məcburi qaydada həyata keçiriləcək?

- Belə demək də düzgün deyil. Elə bələdiyyələr var ki, onlara birləşmək barədə heç bir göstəriş verilməyib, sadəcə, özləri belə qərar qəbul ediblər. Biz bələdiyyələrin birləşməsi zamanı təmsilçilərin necə müəyyənləşməsi mexanizmi üzərində işləyirik. Nəzərdə tuturuq ki, mütləq digər kəndlərdən də təmsilçilər olmalıdır. Elə bələdiyyələr var ki, orada əhalinin sayına görə 6 üzvü var. Başqalarında isə üzvlərin sayı 9, 11, 15-dir. Tutaq ki, 5 kənd birləşib bir bələdiyyə yaradıbsa, hər kənddən 5 bələdiyyə üzvü seçilsin. Bundan sonra onlar özləri kollegial qaydada özlərinə sədr seçsin.

- Prezidentin sərəncamından əvvəl də deyilirdi, bəzi bələdiyyələr birləşmək üçün Milli Məclisə müraciət edib. Söhbət konkret olaraq, hansı bələdiyyələrdən gedirdi?

- Bizə bələdiyyə assosiasiyaları müraciət etmişdi. Həmçinin 2007-ci il iyulunda keçirilən ümumrespublika toplantısında bələdiyyələrin birləşməsi məsələsi geniş müzakirə olunmuşdu. Hətta qeyri-hökumət təşkilatları da dəfələrlə birləşmənin tərəfdarı kimi çıxış ediblər. Bu, həmin təşkilatlardırlar ki, onlar bu sahədə beynəlxalq qurumlarla sıx əlaqədədirlər və onların Milli Məclisdə proqramları, layihələri var.

- Proses indi nə yerdədir, birləşmə hansı müddətə başa çatmalıdır?

- Birləşmə prosesinə artıq başlanıb. İndi respublikada 993 bələdiyyə özlərinin birləşməsi barədə təkliflərini və protokollarını müvafiq orqanlara təqdim etmişdilər. Bu müraciətlərin hamısını baxılıb və Milli Məclisə göndərilib. Artıq Milli Məclis 993 bələdiyyənin birləşməsi barədə qərar da qəbul edib. Həmin bələdiyyələrin siyahısı da verilib. Bundan başqa bəzi müxalif qüvvələr Naxçıvan bələdiyyələrinin də birləşməməsinə etiraz edirdi. Amma bir həftə keçməmiş Naxçıvandan da 40 bələdiyyə özlərinin birləşmək barədə qərarlarını müvafiq qurumlara göndərdi. Həmin bələdiyyələrin hamısı əvvəlcə birləşənlərin siyahısına əlavə olunub və indi 1033 bələdiyyə artıq birləşib.

- Azərbaycanda bələdiyyə institutunun gücləndirilməsi üçün başqa tədbirlər də nəzərdə tutulurmu?

- Bu istiqamətdə çox ciddi tədbirlər nəzərdə tutulur. Bələdiyyə institutunun birləşməsi üçün qeyri-hökumət təşkilatları da ciddi fəaliyyət göstərir. O cümlədən Avropa Şurasının özü də bələdiyyə institutunun güclənməsində çox maraqlıdır. Bütün bunlar həmçinin Azərbaycan dövlətinin maraqlarına uyğundur və dəfələrlə bəyan olunub ki, bələdiyyələr təkmilləşməlidir. Mən özüm də bu işin içində olan adam kimi deyə bilərəm ki, yerlərdə bir çox problemləri bələdiyyələr həll edir. Məsələn, Ağcabədi bələdiyyəsi ən yaxşı fəaliyyət göstərən özünüidarəetmə orqanlarındandır. Yaşıllıq, suvarma, küçələrin abadlaşdırılması kimi işləri bələdiyyələr görür. Amma bu işləri genişləndirmək üçün maliyyə imkanları lazımdır. Ağcabədi bələdiyyəsi böyük olduğuna görə müəyyən maliyyə imkanları var. Lakin elə bələdiyyələr var ki, 10 il fəaliyyət göstərməsinə baxmayaraq, onun gördüyü iş gözə görünmür. Çünki maliyyəsi yoxdur.

- Bələdiyyələrin maliyyə imkanının yaxşılaşdırılması üçün hansısa təşəbbüslər varmı?

- Əlbəttə, belə təşəbbüslər var. Bizim özümüz dəfələrlə təşəbbüs göstərmişik ki, bələdiyyələrin maliyyə imkanları artırılsın. Hazırda dövlət özü hər il bələdiyyələrə 3,5 milyon manat dotasiya ayırır. Lakin düzünü deyim ki, bu, çox az məbləğdir. Maliyyə Nazirliyi bizim təkliflərə münasibət bildirib ki, yaxşı bələdiyyələr yüksək səviyyəli layihələr hazırlasınlar və dövlət həmin layihələrə əlavə vəsait ayırsın. Başqa bir təklif odur ki, bələdiyyələr yerli özünüidarəetmə orqanı kimi vətəndaşlarla sıx birləşib maliyyə potensialını özü yaratmalıdır. Biz Milli Məclisdə məsələ qaldırmışıq ki, dotasiyalar yaxşı bələdiyyələr verilsin. Yaxşı olar ki, dövlətin bu vəsaiti 100 ən yaxşı bələdiyyə arasında bölüşdürülsün. Çünki zəif bələdiyyələr onsuz da işləyə bilmir və onların xərclədiyi pullar lazımi effektiv nəticə vermir. Amma məsələn, Qobu bələdiyyəsi məktəb, uşaq baxçası, xəstəxana tikir, yol salır. Çünki həmin qəsəbədə 10 mindən artıq əhali yaşayır və hər kəs öz vergisini vaxtında ödəyir. Üstəlik imkanlı şəxslər də bələdiyyələrə maliyyə yardımı göstərir.

- Elə etmək olarmı ki, bələdiyyələr dövlət yardımı olmasın əvəzində onun səlahiyyətləri artırılsın?

- Bu yaxınlarda “Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında” qanun layihəsi Milli Məclisdə birinci oxunuşdan keçib. İstədik ki, bələdiyyələrin birləşməsi prosesi başa çatsın, sonra bu qanun ikinci oxunuşa çıxarılsın. Orada bir çox əlavə səlahiyyətlər var ki, onlar bələdiyyələrin səlahiyyətinə veriləcək. Məsələn, kommunal xidmətlər, yaşıllaşdırma işləri, suvarma təchizatının yaxşılaşdırılması işləri bələdiyyələrə veriləcək. Hazırda bu işlərin çoxunu onsuz da bələdiyyələr görür, ancaq bunun üçün ayrılmış vəsaitləri başqa qurumlar alır. Yeri gələndə də bələdiyyələri günahlandırırlar ki, niyə filan kəndin yolları pis gündədir? Halbuki, həmin kəndin yollarını başqa qurumlar düzəltməlidir. Yəqin ki, “Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında” qanun layihəsi payız sessiyasında Milli Məclisdə qəbul olunacaq. Bundan sonra biz bələdiyyələrin daha geniş imkanlara və maliyyə potensialına malik olacağını düşünürük.

Elxan SALAHOV
# 1606

Oxşar yazılar