APA-nın 37-si və “Turan”nın 7-si
19 iyun 2009 20:00 (UTC +04:00)

APA-nın 37-si və “Turan”nın 7-si

...Mehman bəyin nömrəsi olsaydı, ona da zəng edərdim və ona da Vüsalə xanıma dediklərimi birbəbir deyərdim. Ona da deyərdim ki, Sən, Mehman Əliyev - Azərbaycanın yalnız jurnalistikasında deyil, ümumən ictimai-siyasi və mədəni həyatında böyük yeri və rolu olan bir İnsansan! Sən Azərbaycanda ilk müstəqil informasiya agentliyinin yaradıcısı kimi (özü də "TURAN" adında), ədalətli fikir sahibi, şəxsən və qiyabi tanıyanların (təəssüf ki, mən ikincilərə aidəm) gözündə həmişə əsl vətəndaş mövqeyi ilə seçilən BİRİSİSƏN, nəyə lazımdı bunlar?

...Artıq kimin tərəfindən başlanmasının heç bir əhəmiyyəti olmayan bu "dava"dan, məşhur lətifədə deyildiyi kimi, təzə xəbər tutduğumdan, bir az qonağı olduğum "Ekspress"in redaksiyasında, bir az da öz-özümə deyinəndən sonra telefon açdığım Vüsalə Mahirqızına yuxarıda yazdığım sayaq "düşmən"ini xeyli təriflədim və nə vaxtdan bəri yazmadığım "Lent.az"a bir yazı yazmaq istədiyimi dedim. "Turan" şefiylə APA şefinin bu qalmaqalının bundan irəliki mərhələləri ilə tanış olmadığımdan, hər iki agentlik və agentlik rəhbərləri barədə informasiyalardan ibarət bir yazı alındı.

Bakı şəhəri. 16.46.

"Turan" gözümüzün ağı-qarası, hamımızın sevimlisidir. Yuxarıda söylədim nəyə görə. Ancaq indi az-çox qəzetçiliklə məşğul olanlar, ciddi informasiya mənbələrinə malik olmadıqlarından zülm yaşayan redaktorlar, Azərbaycanda, yaxın-uzaq xaricdə baş verən olaylar haqda bilgi əldə eləmək istəyən hər kəs - şirkətlər, müəssisələr, əcnəbilər və sair və ilaxırlar bilirlər ki, bəd ayaqda gözümüzün ağı-qarası, hamımızın sevimlisi "Turan"a ümid etməyinə dəyməz. İnanmırsınızsa, elə təkcə qəzetçilərlə televiziyaçılar arasında sorğu keçirin və bunun bir daha şahidi olun. Niyə? Niyəsini sonrakı xəbərlərdə izləyin!

Bakı şəhəri. 16.50

APA "Turan"dan cavan olsa belə, o da gözümüzün ağı-qarası və hamımımızın sevimlisidir. Özü də bu hörməti-izzəti “Turan” kimi “ağsaqqala hörmət” naminə deyil, sırf peşəkarlığına görə qazanıb. Bu informasiya agentliyinin informasiya bloku geniş və hərtərəfli olmaqdan əlavə, tərəfsizliyində də bir problem yoxdur. Ölkənin televiziya və qəzetlərinin APA-ya istinadən verdiyi xəbərlərin monitorinqi keçirilsə, vəziyyətin nə yerdə olduğu bariz görünər. İnhisar səviyyəsinə çatacaq qədər liderlik! Yarandığı qısa müddətdə bu reytinqi toplamaq, razılaşaq ki, hər agentliyə nəsib olası şey deyil.

Bakı şəhəri. 16.53

And olsun “Turan”ın keçmiş, APA-nın isə indiki şan-şöhrətinə ki, hələ bu qalmaqaldan xeyli çox-çox əvvəllər bəndəniz informasiya agentliklərindən söhbət düşəndə, birinci haqda deyirdi: “Turan” indi ancaq əvvəlki nüfuzunu və reytinqini xərcləməklə məşğuldur. “Turan” relsə düşmüş qatara bənzəyir ki, əvvəlki sürətinin hesabına ətaləti ilə hərəkət edir, vəssalam!»
Özü də eyni fikri ayrı-ayrı formalarda çoxundan eşitmişəm. Burada inciməli nə var ki? İndi maliyyə problemidir, yaxud başqa səbəbdir, bunu məsələyə qatmıram. Ancaq fakt-faktlıında qalır ki, müstəqilliyimizin ilk informasiya “qaranquşu” çətinlik çəkir, informasiya sarıdan xeyli axsayır.

Bakı şəhəri. 16.58

Çox hörmətli Mehman bəyin bəzi fikirlərini dünən qəzetlərdən oxudum. Deyir ki, APA-ya xeyli vəsait ayrılıb ki, APA olub. Təbii ki, parasız iş olmaz. Ancaq yəqin, Mehman bəy Azərbaycanda iri paralar qarşılığında informasiya məkanını dolduran yazılı və elektron KİV-lərin, üzr istəyirəm, zibil-zibil qəzetlərin və bir neçə agentliyin adını məndən də yaxşı bilir. Axı, başımızın üstündə Allah var, onlara ayrılan pul kimə ayrılsaydı, dağı dağ üstünə qoyardı. Onlarsa nə vaxtdan bəridi yüzminlərin hesabına özlərinə bir qəpiklik auditoriya toplaya bilməyiblər. APA-ya isə para ayrılıbsa da, bu paralar havaya sovrulmayıb, iş görülüb. İllərin agentlikləri taytıya-taytıya gic-gic informasiyalar yayanda, APA sürətlə, özü də ildırım sürətiylə hamını qabaqlayaraq, təşəbbüsü ələ götürüb. Hələ mən elə bu yazımı dərc eləyən və APA şefinin daha uğurlu layihəsinin – “Lent.az”ın vur-tut 1 il ərzində qazanıqlarını demirəm. Vallahi ki, bu uğurları, Mehman bəy dediyi kimi, paranın ayağına yazmaq, ən azı insafsızlıqdır. Gərək onda idarəetməni, kollektivin zəhmətini, ayrı-ayrı peşəkarların bacarığını qaldırıb yerə vurasan ki, bu da olmaz!

Bakı şəhəri. 17.07

Azərbaycanda informasiya agentliklərinin sayı o qədər də çox deyil. Köhnənin qəzetçisi kimi bunların hansılarından daha çox istifadə edilir, mən də bilirəm, Mehman bəy də. Ancaq o da etiraf olunmalıdır ki, son illərdə retytinqinə və qazandığı uğurlara, auditoriyasına görə APA-nın yeri xüsusi qeyd olunmalıdır və bu yer danılmazdır. Artıq kimin tərəfindən söylənirsə-söylənsin, cığallamaları qəbul etmirəm. Özü də “deyir, Avropa bürosu var, ancaq yoxdu”, yaxud “onun filan müxbiri bizim filan müxbirdi, onlara qonorarla yazır”, ya da “filan xəbəri birinci onlar yox, düz 50 dəqiqə qabaq biz yaymışıq” sayaq fikirləri sevimli “Turan”ın şefinə heç yaraşdırmadım.
Bunların məsələyə nə aidiyyatı var axı, adam gərək başqasının “məhsuluna” zəhər deyəndə, bir öz “məhsuluna” da baxsın. Mehman bəy axı, həmişə tamam başqa çapda şeylər danışardı. İndisə…

Bakı şəhəri. 17.13

Çox uzunçuluq olmasın deyə, sonda bircə “informasiya” ilə “dartışma”da olan “Turan”la APA-nın dünən, yəni 18 iyun 2007-ci il tarixli buraxılışlarına nəzər salaq. Deyir, fikir subyektiv ola bilər, ancaq gəlin, hər şeyi “dartışanların” öhdələrinə buraxaq. Agentliyin qiymətini nə verər? Onun informasiyası! Məsələn, göstərilən tarixdə APA Siyasət buraxılışında nə az-nə çox – düz 37 xəbər yaymışdı. Bunun qarşılığında ağsaqqal “Turan”da vur-tut 7 xəbəri vardı. Özü də Mehman bəyin xətrinə dəyməsin, 7-si birə dəyməzdi, biri də heçə… Xəbərlərdən biri isə ümumiyyətlə, xəbər deyildi, yarışərh-fason bir şey idi…

Hər iki agentliyə uğurlar arzusuyla…
# 1273

Oxşar yazılar