Satışı qadağan edilən ərzaq məhsulları - SİYAHI
26 yanvar 2010 18:00 (UTC +04:00)

Satışı qadağan edilən ərzaq məhsulları - SİYAHI

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları keyfiyyətə dövlət nəzarəti tədbirləri nəticəsində bir sıra qanun pozuntuları aşkarlayıblar.

Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, keçirilən nəzarət tədbirləri zamanı müəyyən olunub ki, “Marko” MMC idxal etdiyi “Zlato” günəbaxan yağı, “Avedov” günəbaxan yağı, “Osoboya Krakovskaya” kolbasası (yarım hisə verilmiş), “Braunveqskaya Osoboya” kolbasası (çiy hisə verilmiş), “Moskovskiy Servelat” kolbasası (bişmiş hisə verilmiş), “Lyubitelskaya” kolbasası (bişmiş), “Doktorskaya” kolbasası (bişmiş) məhsullarında AZS Milli Sertifikatlaşdırma Sisteminin tələblərini tətbiq etməyib.

Müəssisə sertifikatlaşdırmadan yayınıb və məhsulların markalanması qanunvericiliyə uyğun aparılmayıb. Aşkarlanan qanun pozuntuları ilə bağlı müəssisə rəhbərliyinə iradnamə, partiya satışının qadağan edilməsi barədə tələbnamələr verilib və inzibati protokol tərtib olunaraq, 4000 manat cərimə tətbiq edilib.

Analoji problem fiziki şəxs E.Vəliyevin rəhbərlik etdiyi təsərrüfat subyektində də qeydə alınıb. Müəssisə tərəfindən idxal olunan “Ltkarinski Kombinat (Rusiya)” markalı ketçup və xardalın, süfrə suyunun, “Beslen” makaronlarının və “Soliti” duzlarının partiya satışı qadağan edilib, təsərrüfat subyektinə iradnamə və tələbnamələr təqdim edilib.

“ADA Ticarət” QSC-də biskvitli kremli tort, şərq şirniyyatı və xingal sertifikatlaşdırılmadan satışa çıxarıldığına görə həmin məhsulların istehsalı qadağan edilib. Müəssisəyə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 4000 manat cərimə kəsilib.

Fiziki şəxs B.Şahverdiyevə məxsus müəssisədə isə “Səma” nişanlı alkoqolsuz içkilər və qazlı suyun istehsalında nöqsanlar müəyyən olunub. Müəssisədə istehsal qadağan edilib, məhsulların məhv edilməsi barədə akt hazırlanıb.
# 798

Oxşar yazılar