Hacı Əbdül: “Məscidin dörd yanında narkotik alveri gedir” - MÜSAHİBƏ
25 dekabr 2009 15:30 (UTC +04:00)

Hacı Əbdül: “Məscidin dörd yanında narkotik alveri gedir” - MÜSAHİBƏ

Müsahibimiz təqdimata ehtiyacı olmayan “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdüldür. Bir neçə il əvvəl ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edən, səsi tez-tez eşidilən Hacı Əbdül indi necə yaşayır, hansı işlərlə məşğuldur, ölkədə baş verənlərə münasibəti necədir? Arayıb-axtarıb, onunla İmam Hüseyn məscidində görüşdük.

- Hacı Əbdülün həyatında nələr dəyişib, necə yaşayır?

- Həyatımızda heç bir dəyişiklik yoxdur. Necə vardıqsa, elə də varıq, necə yaşayırdıqsa, elə də yaşayırıq. 1985-ci ildən tövbə ilə məşğul olurduq, yenə də həmin “Tövbə” cəmiyyəti İmam Hüseyn məscidində fəaliyyət göstərir. Yəni böyük bir dəyişiklik yoxdur.

- Ancaq 1990-cı illərdə Hacı Əbdülü telekanallarda, mətbuatda tez-tez görürdük, aktiv idi, indi telefonunu belə çətinliklə tapdıq.

- Düz deyirsiniz. O dövr başqa idi. Parlamentdəydik, üstəlik, fəaliyyətimiz televiziyada, mətbuatda işıqlandırılırdı. O cümlədən bəzi məsələlər vardı. Məsələn, vəhhabilərin, missionerlərin Azərbaycana gəlişi, geniş fəaliyyət göstərməyə başladıqları dövr idi. O dövrlərdə biz də öz borcumuzu yerinə yetirirdik. Vəhhabilərlə, şeytani missionerlərlə mübarizə aparırdıq. Geniş meydan, fəaliyyət vardı. İstər-istəməz adam çıxırdı, televiziyada, mətbuatda görünürdü. O dövrdə öz borcumuzu yerinə yetirirdik.
Bu gün də elə məsələlər var ki, sözünü deyirsən, qarışırsan. Sadəcə, çox güman ki, bu gün bəzi problemlərlə bağlı münasibətimiz televiziya kanallarına sərf etmir. Ona görə də televiziyada az görünürük. Amma mətbuatda sözümüzü deyirik. Ümumiyyətlə, telekanallar mənfəət güdür, hansısa bir quruma, yaxud hökumətə qulluq edir. Bu qurumla, yaxud hökumətlə hər hansı məsələyə münasibətimizdə toqquşma yarandığı üçün istər-istəməz bizi efirə çıxarmırlar. Telekanallar haradan maliyyələşirsə, ora xidmət edirlər.

- Vəhhabilər, missionerlər indi yoxdurmu, yığışdırılıbmı?

- Hər dövrdə onların bir cür fəaliyyəti olur. Əvvəlki dövrlərdə fəaliyyətləri gözə görünürdü. Geniş fəaliyyət göstərirdilər. Bu da istər-istəməz hamını qıcıqlandırırdı. Amma indi elə sakit fəaliyyət göstərirlər ki, onları görmək üçün gərək iti gözün, hissiyyatın ola. Dinimiz milli-mənəvi sərvətimizdir. Bu dini saxlayan da məscidlərimizdir. Din özbaşına ağac deyil ki, əkəsən, bitsin. Məscidlərin hesabına din dayanır, inkişaf edir. Ancaq gecələr məscidlərin sökülməsi böyük söhbətdir. İnsana bəzən elə görünər ki, bu, boş, xırda söhbətdir. Amma xırda deyil. Hər hansı məscidin sökülməsi Allahın evinin sökülməsi deməkdir.

- Yeri gəlmişkən, sökülən məscidlərin vəhhabi məskəni olduğu da deyilir.

- Əgər həmin məscidlər vəhhabi məskəni olubsa da, o vəhhabini bura kim gətirib? Vəhhabi özbaşına gəlməyib. Vəhhabini ora gətirənlər cavab verməlidirlər. Burada çox məsələlər var. Bu vəhhabidir, bu krişnadır, bu Yəhova Şahidləridir... Öz məmləkətlərində qadağan olunmuş missioner cəmiyyətlər ölkəmizdə geniş fəaliyyət göstərirlər, elə bil ki, dini cərəyanlar poliqonudur. Balaca bir məmləkətdə 500-dən artıq şeytani missioner fəaliyyət göstərir. Hər biri 5-10 nəfər ətrafında toplasa, hələ ən azı deyirəm, bəs onda yerdə nə qaldı? Dinimizin, xalqımızın aqibəti budur.
Digər bir məqam. Elə bir küçə yoxdur ki, narkotik vasitələrin alveri olmasın. Bizimlə üzbəüz, məscidin o yanında da, bu yanında da narkotik vasitələrin alveri gedir. Elə bir küçə yoxdur ki, hər başında narkotik vasitələrin alveri olmasın. Bu yazıq cavanların biri, ikisi ilişmir, sonra biri ilişir. Avtomatik olaraq o birilərini də xəstələndirir.

- Məscidlərlə bağlı məsələyə şeyxülislam Allahşükür Paşazadə nə dərəcədə müdaxilə etməli idi və edib?

- Məscidlər birbaşa şeyxülislamın ixtiyarında olmalıdır və o, bu məsələlərə qarışmalıdır. Necə ola bilər ki, qarışmasın? Bir yerdə məktəbə bir şey olsa, Misir Mərdanov danışacaq. Məscidlər də şeyxülislama baxır. Bir yerdə ev tikirsən, deyirlər ki, bura neft sahəsidir. Nə qədər elə evlər söküblər. Heç o torpaq onlara lazım deyil, ancaq deyirlər ki, yox, neft sahəsidir. Belə götürəndə, məscidlər də şeyxin ərazisidir. Nəinki baxmalı, şeyxülislam məscidlərin qayğısını çəkməli, keşiyində durmalıdır.

- Bəs şeyxülislam nə dərəcədə məscidlərin keşiyində dura bilir?

- Görünən kəndə nə bələdçi! Əgər keşiyində dura bilsə, məscidləri sökməzlər ki!? Belədə insan bir az da şübhələnir: bəlkə elə məscidlərin sökülməsində şeyxülislamın da əli var?... Belə bir şəxs fəaliyyət göstərməyəndə, o tərzdə etirazını bildirməyəndə necə fikirləşəsən? Danışmamaq özü də razılığın bir əlamətidir.

- Siz özünüz məscidlərlə bağlı şeyxülislama müraciət etmisiniz?

- Şeyxülislamın yubileyində bu məsələni qaldırdım. Dedim ki, ay kişi nə edirsiniz, hara baxırsınız? Azərbaycanı yəhudiləşdirirsiniz!

- Hacı, ümumilikdə necə fikirləşirsiniz, bu gün cəmiyyətimizdə şallaqlanmalı insanların sayı artır, yoxsa azalır?

- Bu gün şallaqlanmalı insanlar azalır, dara çəkilməli insanlar çoxalır. Çünki şallağın son mərhələsi dar ağacıdır. Şallaqdan keçənlər çoxalıb, indi beləyə qalsa, onları dar ağacı gözləyir.

- Deputat olmusunuz, aktiv fəaliyyətlə seçilmisiniz. Ötən dövrdə dostlarınız dəyişməyib ki?

- Mənim dostlarım demək olar ki, dəyişməyib. Dostlarımız deputatlıq dostları deyil, əqidə, əxlaq dostlarıdır. O dostlar bu gün də var, bu gün də bir yerdəyik.

- Dostlarınızdan bu gün də parlamentdə olanları və sizinlə münasibət saxlayanı varmı?

- Yox.

- Bir zamanlar Ayaz Mütəllibovla bağlı fəaliyyətinizi, münasibətinizi görürdük. O münasibətlərdən nəsə qalıb?

- O münasibətlərdən çox şey qalıb. Çox şeylərdən biri odur ki, o insan düz idi. Xalqını sevirdi, insanların yaşayışını, rifahını yaxşılaşdırmağa çalışırdı. Münasibətimiz yenə də elə eynilə qalıb.

- Bəs Ayaz Mütəllibovun bu gün sizə münasibəti necədir?

- Bu sualı ona vermək lazımdır, mən bilmərəm.

- Hacı, bir zamanlar Yasamal rayonunda, “Şüşəli” bazarın yaxınlığında, “Space” telekanalının binasının qarşısında bir çayxananız vardı. O çayxana niyə söküldü, məsələ nə yerdə qaldı?

- Hakimiyyətdə olan bəzi yoldaşlar o çayxananı məndən istəyirdilər. Deyirdilər ki, nə qədər pul istəyirsən, de, onu bizə sat, orada başqa bir şey tikdirəcəyik. Mən dedim ki, satmıram.

- Çayxananı özəlləşdirmişdiniz?

- Sənədlər özəlləşdirmədə idi. Ora mənim ata yerim idi. Məhəlləmiz də, evimiz də oradadır. Oralar bizim əkin yerləri olub. Təkliflərini qəbul etmədim. Satmayacağımı qəti söylədim. Mənə dedilər ki, əgər çayxananı bizə satmasan, biz buranı dağıtdıracağıq. Dedim ki, bacarırsınızsa, dağıtdırın. Onlar da Hacıbala Abutalıbovun əliylə oranı dağıtdılar. Hacıbala Abutalıbov da bilirsiniz ki, necə bir adamdır. Eləsinin əliylə çayxananı dağıtdılar. Nə qədər dedik, şikayət etdik, qulaq asan olmadı.

- Demək istədiyiniz bir söz qaldımı?

- Mötəbər şəxslərdən eşitmişəm ki, Allah qoysa, yeni ildə, 2010-cu ildə xalqın yaşayışını yaxşılaşdırmaq üçün benzinin, qazın, işığın, suyun qiyməti aşağı düşəcək. Həm də bundan sonra hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günündə qiymətlər enəcək. Mən bunu eşidəndə sovet dövləti yadıma düşdü. 5 dekabr Konstitusiya günü idi, Stalinin vaxtında hər il ucuzluq edirdilər. Bir qəpik də olsa, ucuzlaşma olurdu. Azərbaycanda da Həmrəylik Günü hər il ucuzlaşma olarsa, bu, çox şad xəbərdir. Azərbaycan xalqının əksəriyyəti də yetim-yesirlərdir, vəziyyəti ağırdır. Ucuzlaşma olarsa, onlar da bir təsəlli taparlar, dövlətə inamları artar. Bu qədər neft-qaz gəlirlərinin qabağında dövlət bunu gec-tez etməli idi. Bu fikrə düşüblər, sağ olsunlar.
Xalqımızı da yeni il münasibətiylə təbrik edirəm. Hər bir xalqın torpağı, vətəni ona əzizdir. Vətənimiz bizə əzizdir. Hər kəs öz vətəninin bütövlüyünü, saflığını, müstəqilliyini görə bilsin. Biz də onu istəyirik. Amma torpaqlarımızın qayıtması üçün müharibə etmək lazımdır, xalq səfərbər olmalıdır. Gərək oğullar saxlayasan, yetim gününə düşməyələr...

Ramiz Mikayıloğlu
# 1678

Oxşar yazılar