<span style="color:red;">“O yumruqdan sonra sifətim o qədər şişdi ki...”  – oğlu Qarabağ müharibəsinə yoxa çıxan NƏNƏNİN HEKAYƏSİ
21 aprel 2019 12:01 (UTC +04:00)

“O yumruqdan sonra sifətim o qədər şişdi ki...” – oğlu Qarabağ müharibəsinə yoxa çıxan NƏNƏNİN HEKAYƏSİ

Deyir: “Həyatımın yoldaşı” üzümə elə bir yumruq vurdu ki, bir ay “Semaşko” xəstəxanasında  yatdım. O yumruqdan sonra sifətim o qədər şişdi ki, danışa bilmirdim. Elə bildim dişim sınıb, ondadır. Həkimlər yoxladı və məlum oldu ki, məsələ dişlik deyil. Çənə sümüyüm sınmışdı. Hə, düz bir ay o xəstəxanada qaldım”.

Bunları deyib, gözlərini qıyır. Deyəsən xəyal yenə onu  həmin illərə qaytarmışdı.

 

"O" dediyim Səkinə adlı (ad şərtidir) yaşlı nənədir. Bir az diqqətli yolçu  Metronun “Gənclik” stansiyasından Atatürk prospekti istiqamətinə çıxar-çıxmaz həmin nənəni görə bilər. 18 saylı poliklinikanın tinində boynu azacıq yana əyilmiş formada  heykəl kimi hərəkətsiz dayanır. İllərdir yolum oradan düşəndə yaşlı nənəni  tində görürəm. Fərqi yoxdur ki,  qışın soyuğu, yayın istisidir.

 

Ağzını açıb heç kimə bir kəlmə də demir. Onu müşahidə edən elə başa düşər ki, qadın  gözünü bizim görmədiyimiz hansısa bir varlığa dikib. Bəzən  başını qaldırıb ovcuna pul basanlara belə baxmır. Yəqin mənim kimi çoxları elə bilir ki, bu yaşlı nənə danışa bilmir. Sən demə, ürəyi dolu imiş.

 

Bəs görəsən hər dəfə ovcuna pul basıb getdiymiz bu yaşlı nənəni hansı tale bu tində oturmağa məhkum edib?

 

“Hərənin  bir taleyi var, qızım,  mənimki də belə gətirib”-deyən Səkinə nənənin 78 yaşı var. Balaca, qıyıq gözləri yumuru, ətli sifətinin içindən parlayır. Gözlərində həyat eşqi görünür. Hansıki bu gün o sevinc çox gənclərimizin gözlərini çoxdan tərk edib. Çətinlik nənənin sifətini qocaman bir ağacın qabığı kimi cadar-cadar etsə də, gözlərindəki yaşama sevincini silib apara bilməyib.

 

“Qadınlar, analar güclüdür”,  boşuna deyilmir. Buna daha bir sübut üçün Səkinə nənənin taleyindən azacıq da olsa qələmə almağa çalışdım.

 

“Atam-anam yox idi. Yaxşı ki, hökümət mənə baxdı, böyütdü. Yoxsa Allah bilir, çoxdan ölüb getmişdim. Böyüdüm, evləndim. Necə deyərlər, istəyim xoşbəxt olmaqdı, amma əksi oldu...

Hə, evləndim üç övladım dünyaya gəldi. İki oğlan bir qız. Oğlanlarımdan biri yeniyetmə yaşında öldü. O biri isə Qarabağ müharibəsinə getdi və yoxa çıxdı. Bir daha qayıtmadı. Qaldı qızım”.

 

Ay nənə, bəs evləndiyin yoldaşından heç danışmırsan. O necə oldu? “Nə danışım ondan. Evi dolandırmaq yerinə mənim əlimdə olan pulları da alıb aparırdı.  Məni döyüb pulları alır, aparıb içkiyə verirdi. Sonradan da öldü. Onsuz da bir köməyini görmürdüm. Bu dəfə qızmla tək qaldım. O zamanlar xəstəxanalardan birində təmizlikçi işləyirdim. Az-çox qazanırdım. 30 il işlədim. Sonra  10 il də tum satmaqla dolanırdım”-deyir.

 

Səkinə nənə deyir ki, bir az da yaşlanandan sonra  tum masasını, torbasını ora-bura daşımaqda çətinlik çəkməyə başlayır və elə o zamandan da indiki məkanı, 18 saylı poliklinikanın tinini seçir: “10 ildən çoxdur ki, burada dayanıram. İnsanlar mənə kömək edir. Qızım da, mənim taleyimə oxşarını yaşadı. Evləndi və 4 uşaq dünyaya gətirdi. Onun da yoldaşı içən idi. Pul qazanmadığı bəs deyildi,  üstəlik hər gün döyürdü. Qızım o qədər əziyyət çəkib ki, indi xəstəliyi xəstəliyinə qarışıb. Yoldaşından boşandı. Atası uşaqlarına baxmadı. Nəvələrə  mən baxmalı oldum. Kiçik nəvəm 7 aylıq olandan bu tində dayanıram. İndi 17 yaşı var. Gəlib-keçən insanlar mənə kömək edir, pul verir mən də aparıb nəvələrə xərcləyirəm. Polislər də nəvələrimə baxdığımı bildiyi üçün mənə dinmirlər. Allah nə qədər ömür veribsə, qızımın arxasında duracağam. Anayam... onun problemlərini həll edəndə içim rahat olur”.

 

İndi başa düşdüm ki, Səkinə nənənin gözlərinə o parıltını verən kiməsə faydalı ola bildiyini bilməsi, qızına, nəvələrinə dəstək olmasıdır. Nəvələrin artıq böyüyüb, yəqin özlərinə iş taparlar sən də bir az dincələrsən, deyirəm:

 

“Ehh... Ay qızım, iş var ki, işləsinlər də. Həm mən evdə qala bilmərəm. Bircə gün qalan kimi ürəyim sıxılır. Bura öyrəşmişəm” -deyib gülümsəyir.

 

Mənə elə gəldi ki, nənə nəvələrin iş tapacağı fikrindən bir az diksindi. Kim bilir, bəlkə gərəksiz ola biləcəyindən çəkinir. Səkinə nənə “işinə sadiq qalanlardandır. İşə başlayandan heç bu tini də dəyişməyib. Bəlkə heç rahat həyatın necə, nə demək olduğunu  təsəvvür edə  bilmir.

 

Bəlkə hökumət sənə, qızına köməklik edər. Sənin də canın rahat olar deyəndə, gülümsəyir. Ya dediklərimə inanmadı, ya da öyrəşdiyi bu həyatdan əl çəkmək qorxusuna qapıldı. “Ay qızım, bu dünyada hər kəsin bir taleyi var. Mənimki də belə gətirib. Nə etmək olar”, deyib Tanrıya təvəkkülün örnəyini göstərir.

Onunla söhbət etdiyim yarım saat ərzində 5-6  insan yaxınlaşdı. Səkinə nənəyə salam verib, yuxarısı bir manat, aşağısı 10 qəpk olmaqla ovcuna pul qoyub, sakitcə uzaqlaşırdılar. Nənə də alma kimi yumuru sifətini azacıq qaldırıb minnətdarlıq dolu baxışlarla onu yaddan çıxarmayanları yola salırdı.

“Ay nənə, Allah sənə ömür versin”, -deyib, uzaqlaşıram.

 

Amma deyəsən, bu son söhbət olmayacaq. Hərdən gəlib Səkinə nənədən hal-əhval tutmağı, dərdləşməyi planlaşdırıram.

 

Əvvəllər bu nənəni görəndə içimə qəribə bir kədər dolardı. Onunla söhbətdən sonra  üzüntü yerini hüzura vermişdi.

 

Nənə  qarşımda özünəməxsus bir mübarizlik və nikbinlik örnəyi sərgiləmişdi... 

# 1519
avatar

Aygün İbrahimli

Oxşar yazılar