[b]“Tokio-2020” biletlərinin satışı nə vaxtdan başlayacaq?[/b]
06 mart 2019 19:21 (UTC +04:00)

[b]“Tokio-2020” biletlərinin satışı nə vaxtdan başlayacaq?[/b]

Tokioda keçiriləcək 2020-ci il Olimpiya oyunlarının biletləri iyunun 14-dən - Yaponiya sakinləri üçün satışın başlamasından bir neçə həftə sonra digər ölkələrin idman həvəskarlarına satılacaq.
 
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, biletlərin satışı qrafiki “Tokio-2020”-nin Asiya Olimpiya Şurasının Baş Assambleyasına təqdimatı mərasimində açıqlanıb. Yaponiyada biletlərin aprelin sonunda –“qızıl həftə” bayramı zamanı satışa veriləcəyi gözlənilir. Həmin bayram şənlikləri aprelin 27-dən mayın 6-dək davam edəcək.
 
Biletlərin daxili bazarda və əcnəbilər üçün ayrı-ayrı vaxtlarda satışa çıxarılması qərarı qeyri-adidir. Əvvəlki Oyunlarda biletlər həm ev sahibi ölkə həm də qonaqlar üçün eyni vaxtda satılırdı. Satışların 14 iyunda başlanması da təsadüfi deyil: həmin gün “Tokio-2020” biletlərinin surətinin çıxarılması və saxtalaşdırılmasını qadağan edən qanun qüvvəyə minir. Yeni qanuna görə, göstərilən hərəkətlərə görə bir ilədək azadlıqdan məhrumetmə və ya 9 min dollar cərimə, yaxud hər ikisi birlikdə olmaqla cəza tətbiq edilə bilər.
 
“Tokio-2020” Olimpiadasının ən bahalı biletləri açılış və bağlanış mərasimlərinə olacaq (300 min yen). Böyüklər üçün ən ucuz bilet 2500 yen, yaşlılar, uşaqlar və fiziki imkanları məhdud şəxslər üçün isə 2 020 yen olacaq.
 
Hər bir ölkə üçün ayrılacaq biletlərin miqdarı barədə aprel ayında həmin dövlətlərin səlahiyyətli orqanlarına məlumat veriləcək.
 
Azərbaycan Mərkəzi Bankının martın 6-na olan məlumatına görə, 1 yapon yeni 0,015 Azərbaycan manatına bərabərdir.
# 689
avatar

Oxşar yazılar