[b]Yunanıstan od içində -[/b] FOTOSESSİYA
25 iyul 2018 11:34 (UTC +04:00)

[b]Yunanıstan od içində -[/b] FOTOSESSİYA

Yunanıstanda dəhşətli meşə yanğınlarında ölənlərin sayı 74-ə çatıb.

 

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, saatda 100 km sürətlə əsən külək yanğının qarşısını almağı çətinləşdirir və nəticədə yanğın sürətlə yayılır. Yüzlərlə yanğınsöndürən ağır şərtlərdə yanğınla mübarizə aparmağa çalışır, qayıq və helikopterlər vasitəsilə insanlar təbii fəlakət zonasından təxliyə edilir.

 

Ən çox itki paytaxt Afinanın 40 kilometrliyində yerləşən Mati kəndində baş verib. Turistlər arasında populyar olan bu kəndi yerli əhali və turistlərin bir çoxu vaxtında tərk edə bilməyib. Kənd “alov divarı” ilə ətraf aləmdən tam təcrid vəziyyətində qalıb. Ərazidən qaçmaq istəyənlər avtomobillərin içində yanıblar. Kənddə qalanlar isə evlərdə və avtomobillərdə boğularaq ölüblər. Villaların birinin həyətində, dənizin bir neçə metrliyində  Qırmızı Xaçın əməkdaşları 26 meyit (böyüklər və uşaqlar) aşkarlayıblar. Onlar bir-birinə sarılmış şəkildə olub...

 

Dəhşətli yanğından xilas olanlar bildirilər ki, alovlar sanki odsaçan silahdan açılan atəş kimi sürətlə onlara doğru irəliləyirmiş. “Biz alovun təqibi altında özümüzü dənizə çatdırdıq. Suya atılanda artıq alov kürəyimizdə idi. Bu, Pompeyə oxşayırdı”, - deyə Kostas Laqanos adlı yerli sakin “Reuters”ə bildirib. (Qədim Roma şəhəri olan və Neapol yaxınlığında yerləşən Pompey eramızın 79-cu ilində, 24 avqust tarixində Vezuvi vulkanının püskürməsi nəticəsində məhv olub.)  

 

Bir çox yolun və mümkün təxliyə istiqamətlərinin alovlara qərq olması vəziyyəti ağırlaşdırır. Sosial şəbəkələrdə qatı duman altında avtomobillə qaçmaq istəyən insanların videoları yayılıb. Nikos Stavrinidis BBC-yə açıqlamasında kondisioneri qoşmasına baxmayaraq, avtomobilin içində alovların istisini hiss etməyə davam etdiklərini söyləyib: “Biz qatı duman bürümüş yolla irəliləyərkən qəflətən alov dilləri maşını əhatə etdi. Yol ətrafındakı təpədə olan evlərin hamısı külə dönmüşdü”.

 

Jurnalist Kostas Kukumakis Attika bölgəsinin şərqinin cəhənnəmə döndüyünü bildirib: “Mən çoxlu sayda insanın öldüyü yerə gedə bildim. Ətrafda dəhşətli qoxu var idi. Hər yer qatı tüstü və duman içində idi. Yüzlərlə ev və avtomobil yanmışdı. Ölənlərin əksəriyyəti xilas olmaq üçün hansısa daldalanacaq axtaran turistlər olub”.  

 

Yunanıstanın baş naziri Aleksis Tsipras faciə ilə əlaqədar Bosniyaya rəsmi səfərini təxirə salıb. Ölkədə 3 günlük matəm elan olunub, paytaxt Afinanın da daxil olduğu Attika bölgəsində fövqəladə vəziyyət elan edilib. “Bu gün Yunanıstan yasdadır. Biz vəziyyəti nəzarət altına almaq üçün insan gücünün yetdiyi hər şeyi edirik”, - deyə A. Tsipras vurğulayıb.

 

Hazırkı yanğınlar 2007-ci ildən bəri Yunanıstandakı ən güclü meşə yanğınlarıdır. Həmin il Peloponnes yarımadasında onlarla insan ölmüşdü.

 

Yunanıstan hökuməti kömək üçün Avropa İttifaqı ölkələrinə müraciət edib. Artıq Fransa, İtaliya, Polşa və digər ölkələr Yunanıstana yanğınsöndürən aviasiya, texnika və canlı qüvvə göndərib. Ölkədə yaxın günlərdə havanın hərarətinin yenidən yüksələcəyi proqnozlaşdırılır, bu səbəblə yanğının yayılmasının qarşısını almaq üçün az vaxt qalıb.  

 

Yanğının səbəbləri hələlik dəqiq məlum deyil. Faktla bağlı təhqiqat başlayıb. Bəzi hakimiyyət nümayəndələri istisna etmir ki, yanğın qəsdən törədilib. Hökumət nümayəndəsi Dimitras Tsanakopulos bildirib ki, yanğın Afina yaxınlığında eyni anda üç yerdə başlayıb. Yunan hökuməti şübhəli hərəkətləri havadan davamlı izləmək üçün ABŞ-a müraciət edərək pilotsuz aviasiya istəyib.

# 267
avatar

APA Baycan

Oxşar yazılar