Möcüzə gözləyənlər: “Mənə atam lazımdı” – Gəmisi batmış ailədən SƏBUHİ MƏMMƏDLİ YAZIR
30 yanvar 2018 12:26 (UTC +04:00)

Möcüzə gözləyənlər: “Mənə atam lazımdı” – Gəmisi batmış ailədən SƏBUHİ MƏMMƏDLİ YAZIR

…Yaxınları ilə sonuncu dəfə yanvarın 22-də danışıblar. İşlərinin qaydasında olduğunu deyib. 2 gün sonra isə onun matros kimi çalışdığı “Vostok” balıqçı gəmisi Cənubi Koreyadan Saxalinin Xolmsk limanına yola çıxıb. Və bir gün sonra... yoxa çıxıb. Artıq 5 gündür ki, gəmi sanki qeybə çəkilib, gördüm deyən yoxdur.

 

“Vostok”un heyəti isə necə deyərlər, çoxmillətli olub. Ruslar, ukraynalılar, moldovanlar, azərbaycanlılar. Hə, iki azərbaycanlı da olub bu gəmidə. 1972-ci il təvəllüdlü, əslən Salyanın Beştalı kəndindən olan 46 yaşlı Mübariz Hüseynov və əslən Mingəçevirdən olan 27 yaşlı Ruslan Əlizadə. Hər ikisi matros imiş...

 

***

 

Salyanda indi hamı bu hadisədən danışır. Hamı hər şeyi, bütün baş verənləri gözəl dərk edir. Amma yenə də ümid edirlər.

 

Salyan avtovağzalından Beştalıya, Mübarizin ata evinə gedəndə təsadüfən onun əmisi qızıyla yol yoldaşı olduq.

 

- Hamımız Allaha dua edirik. Səhər-axşam, bütün günü. Ancaq Allahın möcüzəsinə inanırıq. İnanırıq ki, tapılacaqlar.

 

Əmisi qızı deyir ki, Mübariz illərdir, Rusiyada yaşayır.

 

- Əsgərlikdən gedəndir. Elə oradaca evləndi. Bir oğlu oldu. Martda ona toy edəcəkdik. Əmim rəhmətə gedib, ötən ilin matında. Dedik, toyu saxlamayaq, 40-dan sonra edək. Razılaşmadı. Dedi el-obadı, ayıbdı, nə deyərlər. İli gözləyək. Gözlədik, indi də belə…

 

Bir müddət əvvəl Mübariz yığışıb birdəfəlik vətən qayıtmaq istəyib. Hətta gəlib də.

 

- Xeyli qaldı burada, ev tikdirdi. Amma iş tapa bilmədi. Çıxıb yenə getdi. Üç uşaq, işsizlik də bir yandan. Darıxırdı. Dedi, gedim bir az da işləyim, martda gəlib Elmarın toyunu edəcəyəm. Təki möcüzə baş verəydi, təki tapılaydılar.

 

***

 

Beştalıya aparan yola sonuncu dəfə nə vaxt asfalt vurulduğunu yəqin ki kəndin yaşlı nəsli xatırlayar. Dar və palçıqlı yolla birtəhər gəlib Mübarizin ata evinə çatırıq. Qapıda bizi qardaşı Yaşar qarşılayır. Qardaşının başına gələnlərdən sonra beli bükülüb. Evə dəvət edir. Dərhal da qohum-əqrəba, qonşular yığışır başımıza. O möcüzəni, o xəbəri bizdən gözləyirlər.

 

- Televizorda dedilər ki, təyyarələr gecə-gündüz axtarır gəmini. Amma hələ dəqiq bir xəbər yoxdur. Gözümüzü televizordan çəkmirik. Bütün günü Allaha yalvarırıq ki, nəsə bir xəbər çıxsın.

 

- Çoxdan Rusiyada yaşayır?


 

Bu dəfə qohumlarından biri dillənir:

 

- 90-cı ildə əsgərliyə getdi, Xabarovska düşmüşdü. Elə o vaxtdan orda qalandı. Rusiya vətəndaşıdır. Orda evləndi, bir oğlu oldu, Elmar. Elmarı da çağır gəlsin də.

 

Demə, yaxındaymış Elmar. Çox gərgin və əsəbidir. Kimliyimizlə maraqlanır. Özümüzü təqdim edirik. Dərhal da səsini qaldırır:

 

- Salyana gəlmək lazım deyil. Saxalinə getmək lazımdır. Mənə ordan xəbər gətirin, bura niyə gəlmisiniz?! Mənə yazı-zad lazım deyil. Atamdan xəbər verin, atamdan.

 

Əmisi birtəhər sakitləşdirmək istəyir. Amma özündən çıxır, otağın içində var-gəl edir. Siqareti siqaretə calayıb, sakitləşməsini gözləyirik. Amma bir yerdə durmur.

 

- Başa düşürsüz mənim vəziyyətimi? Atamın xəbərini gözləyirəm, atamın.

 

- Allah qoysa, tapılacaq.

 

- Bax, tapılanda gələrsiz. Xahiş edirəm, onsuz da dərdim özümə bəsdir.

 

Artıq başqa sözə ehtiyac yox idi. Bizi də elə qapıyacan Yaşar yola salır.

 

- Siz inciməyin o uşaqdan. Vəziyyəti başa düşün.

 

- Başa düşürük…

 

***

 

İtkin düşən digər matros Ruslan barəsində isə Saxalin vilayətinin Nevelsk şəhərindəki Azərbaycan icmasının Ağsaqqallar Şurasının sədri Camalxan Kərimov danışır. Onun BBC-yə verdiyi açıqlamaya görə, yerli qurumlar gəminin aşdığını deyirlər, amma rəsmilər gəmilərlə və helikopterlərlə axtarışları davam etdirilər.

 

Cənab Kərimov bildirib ki, Ruslan Əlizadənin ailəsini yaxından tanıyır.

 

- Onlar üzün müddətdir ki, balıqçılıqla məşğuldurlar. Gəmidə 21 nəfər olub, onlardan iki nəfər azərbaycanlıdır, hər ikisi də Rusiya vətəndaşıdır.

 

***

 

İndi Saxalində hava çox pisdir. Təyyarələr də uçuşları dayandırıb. Amma ümidlər itməyib, hamı möcüzəyə inanmaq istəyir. Həm Saxalində, həm Salyanda, həm də Mingəçevirdə. Təki möcüzə baş versin...

 

 

# 149
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar