<span style="color:red;">57 yaşlı, "xəcalətli" "Qozbel":  ona Xaçmazda heykəl də qoyublar - <span style="color:red;">FOTOLENT
22 noyabr 2017 14:40 (UTC +04:00)

57 yaşlı, "xəcalətli" "Qozbel": ona Xaçmazda heykəl də qoyublar - FOTOLENT

 

Yaşasaydı, indi 57 yaşı tamam olacaqdı. Amma ömrünü çox erkən başa vurdu: 34 yaşında.

 

Ona "Qozbel" də deyirdilər, "Çeburaşka" da. Hətta "Sabunqabı", "Konserv bankası" da. Çox unikal biriydi. 1960-cı ilin bu günü, noyabrın 22-də ilk dəfə "dünyaya gəlmişdi". O vaxtkı qiyməti 1800 rubl idi. Sovet insanı bu pula düz min dənə "Stoliçnaya" arağı ala bilərdi. Əgər həmin adam içən deyilsə... hə, min, sür... açıq satışda vardı.

 

Onun prototipi İtaliyanın məşhur "Fiat"ıydı. Amma italiyalı prototipindən daha rahat və qənaətcil idi. 100 kilometrə vur-tut 4 litr yarım yanacaq sərfiyyatı vardı.

 

***

 

Həyatda olduğu 34 il ərzində ondan 3 milyon ədəd istehsal etmişdilər. Elə minlərlə azərbaycanlının da qapısında vardı ondan. Böyük qardaşları "Jiquli" və "Volqa"dan qat-qat ucuz idi. Amma bir önəmli fərqi də vardı onlardan - mühərriki arxadaydı. Hə, bir də arxada cibləri də vardı.

 

***

 

O vaxt Azərbaycanda, necə deyərlər, ən bərkgedən nömrələri ona verərdilər. İndiki jarqonla desək, "zerkalnı" nömrələri. Qeyri-rəsmi tapşırıq idi, ya "təki maşınım olsun, nömrəni neynirəm" məntiqi, bax bunu deyə bilmərəm.

 

İndi çox az qalıb onlardan. Maşın kolleksiya edən oliqarxlar onun birinə 3 min avro xərcləməkdən belə çəkinmirlər. Elə bir qədər əvvəl Bakıda 1978-ci ildə konveyerdən çıxmışın birini hərraca çıxarıblar. Mühərriki 1,2 litr. 2013-cü ildə sıfırdan yığıblar. Salonu isə dəridən. Qiyməti ilkin olaraq 6 min manat müəyyən edilib. Elə təxminən 3 min avro.

 

***

 

Vətəni Ukrayna olsa da, maraqlıdır ki, ona Azərbaycanda heykəl qoyulub. Əslində buna heykəl demək də olmaz, amma... Amma iş ondadır ki, Xaçmazın Rəşid Behbudov küçəsində fəaliyyət göstərən avtoservisi tanıdan bir nişandır o. Onu avtoservisin qarşısında dayaqlar üzərinə qaldırıblar. Təhlükəsiz olsun deyə, konstruksiyaya qaynaq vasitəsilə də birləşdirilib.

 

Avtoservisin sahibi onu 2002-ci ildə köhnə əskinasla 300 min manat, yəni indiki pulla 60 manat ödəyərək alıb və onu servisinin tanıtımı üçün istifadə edib. Sahibkar deyir ki, onun sayəsində bütün regionda tanınıblar və indi müştəri sarıdan korluq çəkmirlər.

Bir qədər əvvəl isə Qusar rayon sakini Mirzəxan İmamquliyev 6 ildir ki, üzərində çalışdığı helikopteri ərsəyə gətirə bilib. Deyəcəksiz ki, helikopterin mövzuya nə dəxli?

Mirzəxan İmamquliyev bildirib ki, helikopteri hazırlamaq üçün 15 avtomobilin müxtəlif ehtiyat hissələrindən istifadə olunub: "Hazırladığım helikopterə isə onun mühərrikini qoymuşdum".

 

Görürsünüzmü bu "sabun qabının" gücünü?

 

Hə, yəqin bildiniz bayaqdan kimdən, daha doğrusu, nədən danışırdıq. Bu gün onun ad günüdür, "Zaporojets"in, elə arasında "Zapı" kimi tanınan "Çeburaşka"nın, "Qozbel"in...

 

***
 

Düzdür, sovetlər dönəmində maşınların "şahı" "QAZ-24" idi. Daha sonra "Jiquli" və "Moskviç" gəlirdi. Və sonda "Zaporojets". Ağasəlim Çıldağın meyxanasıydı deyəsən:

 

- Maşın bir "07"-dir maşınların içində,

Hamısından "vid"didi maşınların içində,

"Qaz-24" hörmətlidi maşınların içində,

"Zapı" xəcalətlidi maşınların içində...

 

 

 Və sonda...
 

Bir adam öz "Mersedes"i ilə svetoforda, qırmızı işıqda gözləyirmiş. Birdən bir "Zaporojets" gəlib onu arxadan vurur. Hər ikisi də maşından düşürlər və "zapı"nın sürücüsü deyir ki:

 

- Qaqaş, sən Allah bağışla, fikirliyəm, o qədər problem var ki, başımı itirmişəm.

 

"Mersedes"in yiyəsinin yazığı gəlir və heç nə demir, yoluna davam edir. Növbəti svetoforda "zapı" yenə də arxadan vurur və yenə də sürücü üzrxahlıq edir ki, bəs dediyim kimi, bu dəfə də bağışla, daha səhv etmərəm. Amma üçüncü dəfə svetoforda dayanarkən "zapı" yenə də gəlib arxadan vurur. "Mersedes"in sürücüsü hirslənir və başını pəncərədən çıxarıb qışqırmaq istəyir ki, "zapı"nın sürücüsü sakit-sakit deyir:

- Sür, qaqaş, sür, mənəm yenə...

 

P.S. Başqa məşhurları deyə bilmərəm, amma Rusiya prezidentinin ilk maşını məhz "Zaporojets" olub...

# 372
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar