Qadağan olunmuş erotika, peçenyeni qısqanan lider - <span style="color:red;">Səbuhi Məmmədli Şimali Koreyadan yazır – IV YAZI
11 avqust 2017 18:15 (UTC +04:00)

Qadağan olunmuş erotika, peçenyeni qısqanan lider - Səbuhi Məmmədli Şimali Koreyadan yazır – IV YAZI

 

 

Əvvəli bu linklərdə:

 

(http://news.lent.az/news/280853

http://news.lent.az/news/280919

http://news.lent.az/news/280981)

 

 

İnsafən, təbiətinə söz ola bilməz. Bu ölkədə meşələrin vəhşi soyqırımı yoxdur. Hətta buna görə ağır cəza düşür. Amma təbiətə münasibətdə belə, ikili standartlara yol verilir. Məsələn, Pipxa adası və Qızıl sahil adlı yerlərə yerli əhalidən heç kim buraxılmır. Dünən adını çəkdiyimiz kazino kimi bu yerlər də ancaq turistlər üçündür. Ətrafda tam səliqə-sahman hökm sürür. Elə restoran və mağazalar da eləcə.

Dəniz pişiklərinə baxmaq isə ayrı bir ləzzətdir. Bu pişiklər dövlət tərəfindən qorunur. Necə deyərlər, Qırmızı kitaba düşüb. Pipxa adasında özlərini günə verən, gah quruya çıxan, gah suya enən bu heyvanlarla şəkil çəkdirmək xoşbəxtliyi də ancaq turistlərə aiddir.

Bu yerdə bir məqamı da xüsusi vurğulayaq. Söhbət ondan gedir ki, əslində, bu mənzərələri seyr etmək üçün sıravi şimali koreyalının başqa bir çətinliyi də var. İş ondadır ki, Şimali Koreyanın bu əyalətindən digərinə səyahət etmək istəyən vətəndaş xüsusi qurumlardan icazə almalıdır. Bu icazə isə kütləvi şəkildə verilmir.

 

***

 

Rason təkcə təbiəti və kazinosuyla seçilmir, bura həm də SSRİ və Rusiyaya sevgi dolu bir şəhərdir. Şəhərin Rusiya ilə sərhəddə yerləşməsi bu sevgidə nə qədər rol oynayırsa da, sevginin başqa bir ucu tarixə gedib çıxır. Koreya müharibəsində SSRİ-nin Şimali Koreyanı, daha doğrusu, Kim İr Seni dəstəkləməsi bu mənada az rol oynamayıb. Rasona gələn bütün turistlər mütləq Xaen parkına aparılır. Bu parkda Şimali Koreya torpaqlarında həlak olmuş sovet əsgərlərinə abidə qoyulub. Həlak olanların ad və familiyaları mərmər lövhələrə həkk edilib. 1950-1953-cü illərdə baş vermiş müharibədə SSRİ 285 əsgər və zabitini itirib. Yeri gəlmişkən, bu abidələr koreyalıların səmimi şəkildə ziyarət etdiyi məkanlardandır. 

***

 

Şəkildə gördüyünüz bu qardaş SSRİ-dən ağız dolusu danışır:

 

- Biz gözümüzü açıb sovetləri özümüzə dost görmüşük. Eləcə də Rusiyanı. Koreyanın iki dostu var. Rusiya və Çin. Məhz bu 3 qardaş dövlət imperializmin bütün dünyada qələbə çalmasına imkan vermir. İmperialistlər bizdən qorxur. Yoldaş İn da hər çıxışında bildirir ki, dövlətimiz imperializmin bel sütunu olan ABŞ-ı bir neçə dəqiqənin içində məhv etmək qüdrətindədir. Amma Koreya xalqı humanist xalqdır. Yoldaş İnin ətrafında  mütəşəkkil şəkildə birləşib.  Biz müharibə istəmirik. Amerika və Yaponiya bilsin ki, bizim raketlər bir neçə dəqiqəyə onların başına od səpər. Amma istəmirik. Müharibə başlasa, uşaqdan böyüyədək hamımız silaha sarılıb vətənimizi qorumağa hazırıq.

 

***

Hə, buna şübhə yoxdur. Çünki Şimali Koreya dünyanın ən böyük ordularından birinə malikdir. O ki qaldı uşaqlara, yox, burada bütün uşaqlar telekanallarda gördüyünüz kimi qırmızı pioner qalstuku taxmır, sərbəstdirlər. Amma bu uşaq-məktəb-təhsil məsələsində də ziddiyyətli məqamlar var. Təhsilin səviyyəsi ötən yazılarımızda qeyd etdiyim kimi, doğrudan da güclüdür. Ölkədə savadlılığın səviyyəsi az qala 100 faizdir. Amma söhbət ondan gedir ki, şəkildə gördüyünüz bu tip sinif otaqlarında dərs keçilmir. Hər bir şagirdə fərdi kompüterlər ayrılmayıb. Bunlar, yenə də deyirəm, məhz turistlərə göstərilmək üçündür. Əslində, Şimali Koreya məktəbləri, daha doğrusu sinif otaqları məhz belədir. Elə keçmiş SSRİ-də olduğu kimi. Sadə partalar, vəssalam. 

 

***

 

Uşaqlar isə çox səmimidirlər. Düzdür, turistlərə uşaqlara hədiyyə vermək qəti qadağan olunub. Amma saqqız-filan verənlər oldu. Uşaqlar isə bilirsinizmi buralarda nəyi çox sevirlər? Adı səhv etmirəmsə “Coko”  olan peçenyeləri. Bu peçenyelər əsasən Rusiyadan gətirilir. Gizlicə, təbii. Şimali Koreya lideri Kim Çen İn bu peçenyelər əleyhinə sərəncam verib. Sən demə, uşaqlar bu peçenyeləri daha çox sevib, sonradan… öz liderlərinə sevgilərini azalda bilərmişlər. Bu da bir Şimali Koreya reallığıdır.

***

 

Amma kimsə deyirsə, Şimali Koreyada kütləvi aclıqdır, meşələrdən ot yığıb yeyirlər, ölməmək üçün soxulcan və digər həşəratlar bişirirlər, bu, ağ yalandır. Düzdür, şəkildə gördüyünüz  bu düyü sahələrində işləyirlər. Özü də hər gün, istirahətsiz, amma fövqəladə aclıq epidemiyası yoxdur. Çünki dövlət ən azı ərzaq talonları ilə vətəndaşını qidalandıra bilir. 

Şəkildə gördüyünüz bu yeməklər, bəlkə də sizlər üçün delikates kimi görünə bilər. Amma dəniz məhsulları, müxtəlif göyərtilərdən, yumurtadan hazırlanmış bu yeməkləri hər bir koreyalı ailəsi hazırlamaq gücündədir. Yəni burada bahalı bir şey yoxdur. Yeri gəlmişkən, Koreya xalqını,  necə deyirlər, yeyib-içən xalq adlandırmaq olar. İstər araq, istərsə də şəkildə gördüyünüz bu pivələrdən ürəyiniz nə qədər istəsə, nuş edə bilərsiniz. Bütün mağazalarda, kafe və restoranlarda spirtli içki satışı sərbəstdir.

Hətta qonşu Rusiyada gecə saat 10-dan sonra heç bir yerdə spirtli içki qadağası varsa da, bu ölkədə sutkanın istənilən vaxt araq və pivə əldə etmək mümkündür. Amma bir şərtlə, küçədə, parkda içmək qəti qadağandır. 

***

 

Hə, Şimali Koreyada qadağalar çoxdur. Məsələn əbədi və əzəli liderlər Kim İr Sen və Kim Çen İrin heykəlləri qarşısında şəkil çəkdirmək olmaz. Çünki arxan onlara tərəf düşəcək. Bu isə yolverilməzdir. Qadağalardan biri də evdə Bibliya və ya Tövrat, Quran, ümumiyyətlə, dini kitab saxlamaqla bağlıdır. Bu, edam cəzası deməkdir. Erotik filmlərə baxmaq da eləcə. Hə, bir də Cənubi Koreya filmlərini izləmək ölüm cəzası ilə nəticələnir. Dediyimiz odur ki, bu tip qadağaların sayı-hesabı yoxdur. Amma elə şeylər də var ki… 

 

Bu barədə sabah. Lent.az-ı izləyin…

(Yazıların hazırlanmasında dəstəyə görə, Dünya Azərbaycanlıları Assambleyasına minnətdarlıq edirik)

# 460
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar