Ermənilərin Qarabağda əsir götürüb, Amerikada satdığı xalça... Bakıya gəldi – <span style="color:red;">GÜNÜN DAMĞASI
05 may 2017 17:38 (UTC +04:00)

Ermənilərin Qarabağda əsir götürüb, Amerikada satdığı xalça... Bakıya gəldi – GÜNÜN DAMĞASI

 

Zaman: 5 may 2017-ci il, Azərbaycanda ilk dəfə “Xalça Günü” qeyd edilir...

Məkan: Azərbaycan, Bakı, 2 saylı poçt filialının 102 saylı poçt şöbəsinin qarşısı...

 

Fotoqrafımız Nicat və APA TV-nin əməkdaşı Fərid Azəri ilə içəri girməyə tərəddüd edirik...

 

***

 

...Hələ uşaq idim, hələ qurdun xalçadan çıxıb məni yeyəcəyinə az qala inandığım vaxtlar idi, əmin idim ki, bir gün evimə dönüb, yerində qoyduğum əşyalara toxuna biləcəyəm... Atamın paltarlarının qoxusu hopmuş dolaba toxunacaq, nənəmin ətri yaşayan mətbəxə girəcəyəm... Böyüdüm və reallığın çirkləndirdiyi sularda xəyallarımın necə çabalayaraq boğulduğuna tamaşa etdim...

 

Qəbul etdim ki, bitdi! Bizim daha heç vaxt keçmişimizə aid bir əşyamız olmayacaq... Bu zəhər kimi acı həqiqəti tək mən yox, düz bir milyon insan qəbul etdi... Bundan sonrakı həyatımızda o xoşbəxt günlərdən heç bir nişanə olmayacaqdı...

 

***

 

Dünən axşam poçt işçisi zəng edib “Vüsalə Məmmədova, sizin adınıza ABŞ-dan bağlama gəlib. 102 saylı poçt şöbəsinə yaxınlaşın” deyəndə haradan bilərdi ki, bağlama əslində Los-Ancelesdən yox, Qarabağdan gəlib...

 

İllər sonra ilk dəfə o torpaqlardan əlimizə bir əşya gəlib çıxıb... Və indi bir neçə addımlığımızda bizi gözləyir.

 

Los-Ancelesdə yaşayan azərbaycanlımız Elşad Tahirov sahibini axtardığı xalçanı Bakıya, onun dili ilə desək, “Azərbaycana, evinə” göndərib. Bu gün bir milyon insandan birinin keçmişinə toxunmaq şansı var...

 

***

 

O adamları çox axtardım. Bu işdə ASAN Xidmət və Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi çox dəstək oldu. Qısa müddətdə araşdırdıq ki, işğal olunmuş ərazilərimizdə o tarixdə, o adda cəmi üç nəfər dünyaya gəlib... Üçünün də həyatda olduğuna sevindik...

 

Əvvəlcə kimliklərini araşdırır, sonra özləri ilə əlaqəyə çıxırdım. Əvvəlki iki cəhdim uğursuz alındı, adamlarla söhbətdən xalçanın əsl sahibi olmadıqları həmən bəlli olurdu. Amma məsələdən xəbər tutan kimi, “Bizimdir” deyirdilər. İsrar etsələr də, xalçanın nişanələrini doğru deyə bilmirdilər...

 

Ağdam şəhəri Mərzili kənd sakininin kimliyini araşdırarkən isə ilk aldığım məlumatdan az qala sehrli xalça üzərində uçurdum! Adamın valideynləri haqda bunu demişdilər: “Anası kənddə toxuculuqla məşğul idi”.

 

Redaksiyaya zəng edib, “Axtarışlarım yekunlaşır, adamın bir addımlığındayam. Axşam danışıb, gecə materialı hazırlayıb göndərəcəyəm! Səhər saytdadır!” deyəndə, Qabil Abbasoğlu zarafatla cavab verdi:

 

- Halaldır! Axır ki, xalça sahibini də ağdamlı çıxartdın! Sən bu qədər canfəşanlıq edəndə mən artıq bilirdim ki, o Ağdam xalçasıdır!

 

Redaksiyadakı əməkdaşlarımız sonradan dedilər mənə... Qabil Abbasoğlu xalça sahibinin tapılması xəbərini eşidəndə sevincindən kövrəlib... Özünə “siqaret fasiləsi” verəndə məlum olub ki, bu zarafatını da göz yaşlarını bəlli etməmək üçün düşünüb...

 

Onu anlayıram... Bayram-bazar demədən mənimlə birlikdə xalça sahibi axtarırdı...

 

Xalça sahibi zənn etdiyim insan Azərbaycanda yaşamırdı. Qardaşının telefon nömrəsini tapan kimi saata baxmadan zəng etdim...

 

- Anam deyir ki, çox xalça toxuyub, amma üzərinə heç vaxt qardaşımın adını yazmayıb... Yazsa belə... Biz hələ kənddə yaşayanda... Ermənilər Mərziliyə ilk raketləri atanda partlayan evlərdən biri bizimki idi... Ailəlikcə kənara çəkilib, evimizin necə od tutub yanmasına baxırdıq... Bu, tükürpədici idi... İndi də gözümün qabağına gələndə evimizin alovu məni qarsır... Ermənilər bizim evdən heç nə oğurlaya bilməzdilər... Çünki evimiz gözümüzün qarşısında yanıb külə döndü...

 

Sözləri ruhumu alov kimi bürüyüb, bədənimi sarmışdı... Ailənin nələr yaşadığını təsəvvür etməyə çalışırdım... Dürüstlükləri üçün onlara təşəkkür edib, sağollaşdım... Bu, o vaxt idi ki, onlarla insan xalçanın həqiqi sahibi olduğunu israr edir, üzərində onun adı qeyd olunduğunu bildirirdi... Belə bir vaxtda bütün nişanələri tam uyğun gələn bir ailə insanlıq nümayiş etdirmişdi. Eyni ilə Elşad Tahirovun etdiyi kimi!

 

Axtarışımın nəticələrini ona danışanda mənə:

 

- Mən xalçanı sizə göndərəcəyəm, necə doğru bilirsinizsə, elə edin. Onun üzərində başqa adamın adı var, bu, bir ananın övladına hədiyyəsidir. Başqasının əşyasını evimdə saxlaya bilmərəm, ən yaxşısı, xalça öz evinə - Azərbaycana gəlsin – deyib, ünvanımı istədi.

 

***

 

İndi, hadisənin üstündən bir həftə keçməyib və Qarabağdan oğurlanıb Amerikaya aparılan, bir erməninin Los-Ancelesdə hərraca çıxartdığı, azərbaycanlı Elşad Tahirovun aldığı sahibini axtaran xalça Azərbaycana gəlib. Biz, onun yenidən azərbaycanlı əlinə düşəndən sonrakı hekayəsini bilirik. Ondan əvvəlki taleyini isə... Müharibənin bütün qurbanları kimi, onun da keçmişi qeyri-müəyyəndir...

 

***

Poçt şöbəsinə daxil olub, xalçanı götürməyimiz bir neçə dəqiqə çəkdi. Çox həyəcanlı idik. Bir an öncə redaksiyaya çatmaq istəyirdik. Bizi APA Holdinqin qapısında qarşılayan kollektivin sevincindən bu həyəcanın bütün redaksiyanı bürüdüyünü gördük. “Qarabağdan xalça gəlib” xəbərini eşidən hər kəs Lent.az-ın iş otağına, onu görməyə gəlmişdi – axı bu xalça illər sonra Qarabağdan gələn, özü ilə o torpağın ətrini, enerjisini gətirən ilk və tək əşya idi!

 

“Xalçanı açdılar... Qarşısında elə hüznlə dayandıq ki, sanki evə xalça yox, kiminsə nəşini gətirmişdilər... Ürəyimdən ancaq o keçirdi ki, kaş bu ilmələrin dili ola, bizə öz taleyini danışa...”

 

Lent.az oxucusu bu sözləri yaxşı xatırlayır... İki ay öncə bu sözləri mənə ABŞ-da yaşayan azərbaycanlımız İradə həkim demişdi... İndi eyni vəziyyət APA Holdinqin ofisində yaşanırdı...

 

Sahibini axtardığımız xalça qarşımızda idi... İki aydan çox çəkən axtarışlarımız isə heç bir nəticə verməmişdi... Xalça təkcə sahibi üçün əhəmiyyətli deyildi. Çünki qarşısında hamımız buza dönmüşdük... Əmin idik ki, bu xalçaya ən azı bir milyon insan baxmaq istəyir... Qarabağdan gələn xalçanı bütün məcburi köçkünlər görməlidir. “Xalça Günü”ndə Azərbaycana qayıdan xalça üçün sahibini gözləyəcəyi ən yaxşı yeri müəyyən etdik. “Sahibini gözləyən Qarabağ – Los-Anceles xalçası” Azərbaycan Xalça Muzeyində nümayiş etdiriləcək. İşğaldan sonra Qarabağdan oğurlanıb Amerikada satışa çıxarılan milli sərvətimiz kimi... Eyni zamanda, xalçanın üzərində elmi-tədqiqat işlərinə başlanılacaq. 

 

Dəyərli həmyerlimiz Elşad Tahirov xalça ilə birlikdə videomüraciətini də göndərib. Lent.az oxucuları üçün həmin videomüraciəti təqdim edirik:

 

 

# 427
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar