“Qırmızı qraf”, baş nazirin dəvəti, macəra dolu  ömür – <span style="color:red;">SƏBUHİ MƏMMƏDLİ YAZIR
11 fevral 2017 14:54 (UTC +04:00)

“Qırmızı qraf”, baş nazirin dəvəti, macəra dolu  ömür – SƏBUHİ MƏMMƏDLİ YAZIR

Hitler onun başına 100 min marka pul qoymuşdu. Onunla əksər dövlətlərin kəşfiyyatı maraqlanırdı. Sonuncu Rusiya çarı 2-ci Nikolayın bacısı oğlu və həm də varisi sayılacaq Kiril Vladimiroviçlə dost idi. Daha doğrusu, böyük knyaz özü, şəxsən özü onun təsiri altındaydı. Təkcə Kiril yox, çar ailəsinin Avropada miqrasiyada yaşayan əksər qohumları ona elə beləcə də müraciət edirdilər: “Rəhbər”.

 

Hə, rəhbər idi. İnqilabdan sonra çar Rusiyasından bütün Avropaya yayılmış gənc və intellektualların, zadəganlarının rəhbəriydi.

 

Olduqca müəmmalı, ziddiyyətli və eyni zamanda fantastik tərcümeyi-hala malik bir şəxsiyyət olub. Bütün Avropanı gəzib, Amerikaya, Hindistana belə gedib çıxıb. Və bir gün… Hə, bir gün qərara gəlib ki, geri qayıtsın...

 

(Əvvəli bu linkdə http://news.lent.az/news/266919)

 

Almanlarla bərabər sovet kəşfiyyatı da Aleksandr Kazım bəyi ələ keçirmək istəyirdi. Həmin ərəfədə Avropadakı NKVD casuslarından biri, “Qırmızı qraf” ləqəbli Andrey İqnatyev də nəyin bahasına olursa olsun, Aleksandrla görüşmək istəyirdi. İqnatyev həmin dövrdə Sovet İttifaqının Fransa paytaxtındakı Ticarət Nümayəndəliyində işləyirdi. Amma bu, onun necə deyərlər, rəsmi işi idi. İqnatyev SSRİ-dən mühacirətə getmiş mühacirlərin ələ alınması, bu baş verməyəcəyi təqdirdə aradan götürülməsi ilə məşğul olurdu əslində. Kazım bəylə onun görüşünün əsas məqsədi də elə onun ətrafındakı “mladoros”larla bağlı xəbər toplamaq idi. Və bu görüş baş tutur.

 

Amma onun detalları barədə heç kimdə, heç bir məlumat yoxdu. Söhbət ondan gedir ki, bu görüşdən sonra Aleksandr Kazım bəy ümumiyyətlə gizli şəkildə Fransanı tərk edib ABŞ-a yollanır.

 

Bəzi rus mənbələri həmin görüşdən sonra Aleksandr Kazım bəyin sovet xüsusi xidmət orqanları ilə əməkdaşlığa başladığını iddia edirlər. Amma Kazım bəyin anadan olmasının 100 illiyi münasibəti ilə 2002-ci ildə “Reliqiya” jurnalında böyük məqalə çap etdirən akademik V.Nikitin həmin şübhələrin tamamilə yalan olduğunu xüsusi qeyd edir: “Aleksandr Kazım bəyin NKVD tərəfindən ələ alınması barəsində rus mühacirətinin müəyyən dairələrində yayılan uydurmaların heç bir əsası yoxdur”.

 

***

 

Alman ordusunun Parisi işğal etməsi ilə Fransaya sığınmış “mladoros”ların da başının üstünü qara buludlar almışdı. İşğaldan dərhal sonra Aleksandr Kazım bəyin tapşırığı ilə “mladoros”lar Fransa Müqavimət Hərəkatına, Şarl de Qolun partizan hərəkatına qoşuldular. 1942-ci ildə isə Gənc Rusiya Partiyası özünü buraxdı.

 

Aleksandrın özünün də vəziyyəti yaxşı deyildi. Söhbət ondan gedir ki, şəxsən Hitler onun başına 100 min marka mükafat qoymuşdu. Bir müddət Parisdə gizli şəkildə yaşamağa məcbur olmuşdu Kazım bəy. Nəhayət Fransa Müqavimət Hərəkatı, bu hərəkata yaxın olan ziyalılar və Senat üzvlərinin köməyi ilə o, Fransadan çıxarılır. 1941-ci ilin payızında o, gəmiylə San Fransiskoya yola salınır.

 

***

 

ABŞ-da işsiz qalmır. Qısa zamanda özü kimi mühacirləri ətrafına yığıb “Novaya zarya” qəzetini yaradır. Həm redaktorluq edir, həm də qəzetdə köşə yazıları yazır. Bundan başqa “Mladorosskaya iskra”, “Bodrost”, “Mladoross”, “Novıy put”, “Vernıy put”, “Naşa oborona”, “Novoe russkoe slovo”, “Rossiya”, “Svet” kimi mühacir nəşrlərinin səhifələrində yüzlərlə məqalə yazır. Eyni zamanda ABŞ-ın məşhur Yel universitetində on il rus dilindən dərs deyir.

 

Amma…

 

Amma maraqlıdır ki, bu qədər işin-gücün qarşılığında darıxır ABŞ-da. Və vətənə qayıtmaq üçün yollar axtarmağa başlayır.

 

Günlərin bir günü Hindistanın ABŞ-dakı səfirliyinin əməkdaşı Aleksandr Kazım bəylə görüş istəyir. Görüşürlər. Sən demə, onun tələbələrindən biri Hindistanın o vaxtkı baş naziri Cavahirləl Nehrunun bacısı Rameşvar imiş. Onun haqqında qardaşına yazıbmış. Nehrunun bacısı Aleksandr Kazım bəydən Hindistana getməyi və bu ölkədə rus dili kursları təşkil etməyi xahiş edir. Bu xahiş Aleksandr Kazım bəy üçün göydəndüşmə olur. Təkliflə razılaşır. Və yubanmadan Yel universiteti ilə müqaviləsini pozub 1954-cü ildə Nyu-Dehliyə yollanır.

 

***

 

Nyu-Dehlidə o təkcə dərs demirdi. Eyni zamanda SSRİ-nin Hindistandakı səfirliyi ilə əlaqəyə keçib vətənə qayıtmağa çalışırdı. Səfirlik isə onun barəsində Moskvaya məlumat vermişdi. Moskva isə vaxtıyla çar ailəsinin sevimli üzvü olmuş birisinin SSRİ-yə buraxılmasına ehtiyatla yanaşırdı.

 

Nəhayət, Kazım bəyə Moskvadan üstü surğuclanmış bir məktub gəlir. Düz 3 il sonra. Hə, sovet rəhbərlərindən biri olan Malenkovun imzasıyla. Ona SSRİ-yə qayıtmağa icazə verilirdi. Amma bir şərtlə. “Pravda” qəzetində indiyədək elədiklərinə görə etiraf və peşmançılıq barədə yazı yazmalıydı. Kazım bəy razılaşır. 1957-ci il mayın 16-da həmin məqalə “Pravda”da dərc olunur.

 

***

 

Moskvada isə onu heç kim qarşılamır. Onun heç kimi qalmamışdı. Atası Lev Kazım bəy həbs edilmiş, Qazaxıstana sürgün edilmişdi. 1952-ci ildə Qazaxıstanda aclıq və səfalət içində vəfat etmişdi. Bacısı, knyaginya Aleksandra Kazım bəyin həyatı isə uşaqları ilə birgə Qazaxıstanda sürgündə başa çatmışdı.

Moskvada isə DTK onu nəzarətə götürmüşdü.

 

***

 

“Otçizna” jurnalında kiçik bir iş vermişdilər ona. Bundan sonra isə onu Moskva Patriarxatlığında başqa bir işə keçirmişdilər. Daha dəqiqi “Moskva Patriarxatlığı” jurnalına yazılar yazırdı. 1962-ci ildə A.Kazımbəy Moskva Patriarxatlığının Xarici Kilsə Əlaqələri Şöbəsinin baş məsləhətçisi təyin olunmuşdu. Və ömrünün sonunacan burda işləyəcəkdi.

 

***

 

75 il yaşayır Aleksandr Kazım bəy. Dünyanın dörd bir yanını dolaşmış, az qala “mladoros”lar kimi böyük bir orduya rəhbərlik etmiş, macəra dolu həyat yaşamış

Aleksandr Lvoviç Kazımbəy 1977-ci il fevralın 24-də vəfat edir. Onun qəbri hazırda Moskva vilayətində yerləşən Lukino kəndindəki qəbiristanlıqdadır.

Ziyarət edəni varmı? Bax, bu da maraqlı mövzudur…

 

Və bu mövzuya nə vaxtsa qayıdacağıq. Lent.az-ın araşdırmaları başladı...

 

# 192
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar