"Asan vergi" - Vergilər Nazirliyi buna  necə nail olub?
12 iyul 2016 19:26 (UTC +04:00)

"Asan vergi" - Vergilər Nazirliyi buna  necə nail olub?

 

Hər bir vətəndaş həm də vergi ödəyicisidir. Dövlətin gücü yalnız güclü ordusu, iqtisadiyyatı ilə deyil, həmçinin vergiləri vaxtlı vaxtında ödəyən vətəndaşlarla ölçülür. Ona görə də vergi ödəyiciləri üçün rahat və əlverişli mühitin yaradılması Vergilər Nazirliyinin əsas vəzifələrindən biri hesab olunur.

 

Təsadüfi deyil ki, Vergilər Nazirliyi Azərbaycanda elektron kargüzarlığı və müasir texnologiyaları tətbiq edən ilk mərkəzi icra hakimiyyəti orqanıdır...

 

56 xidmət mərkəzi və 60 adda elektron xidmət

 

Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycan vergi ödəyicilərinin elektron qeydiyyatı sisteminin uğurlu tətbiqi üzrə dünyanın 12 aparıcı dövləti sırasındadır. Vergi inzibatçılığının modernləşdirilməsi nəticəsində bu gün Azərbaycanda sahibkar vergi orqanlarına gəlmədən bütün öhdəliklərini internet üzərindən yerinə yetirə bilir. Vergi bəyannamələrinin təqdim edilməsi, vergi öhdəliklərinin icrası, vergi orqanları ilə təmas imkanı verən bütün proseslər elektronlaşdırılıb. Vergi ödəyicilərinin təxminən 90 faizi vergi bəyannamələrini elektron şəkildə təqdim edir. Mobil texnologiyaların imkanlarına söykənən «Asan İmza» layihəsi mobil telefondan istifadə olunmaqla dünyanın istənilən yerindən sahibkara müqavilələr imzalamağa, vergi öhdəliklərini idarə etməyə və yerinə yetirməyə imkan verir. Təsadüfi deyil ki, ölkəmizin bu təcrübəsi Avropa Parlamentində də uğurla təqdim edilib. "Asan İmza" və "E-audit" kimi mühüm layihələr yalnız regionda deyil, ümumiyyətlə, postsovet məkanında ilk olaraq məhz Azərbaycanın vergi sistemində reallaşdırılıb və bu, bir çox ölkələrin marağına səbəb olub. ƏDV inzibatçılığının təkmilləşdirilməsi və ƏDV-dən yayınma hallarının qarşısının alınması məqsədilə ƏDV depozit hesabının, elektron vergi hesab-fakturalarının tətbiqi, banklarla real vaxt rejimində inteqrasiya (bank hesablarının «onlayn» rejimdə açılması, şəhadətnamə-dublikatın «onlayn» rejimdə göndərilməsi), nəzarət-kassa aparatlarında məsafədənötürmə qurğularının (GPRS sistemi) tətbiqi, vergi orqanları və digər vergi ödəyiciləri ilə elektron yazışma sisteminin - onlayn kargüzarlığın təmin edilməsi, vətəndaşların internet üzərindən videoqəbulunun aparılması, vergilərin elektron qaydada ödənişinin aparılması sisteminin tətbiqi kimi innovativ-texnoloji yeniliklər vergi xidmətini Azərbaycanın ən müasir texnologiyalardan maksimum istifadə edən dövlət qurumu kimi tanıtdırıb.

 

Fazil Məmmədov: "Məmur-vətəndaş təmaslarını minimuma endirmək niyyətindəyik"

 

Vergilər naziri Fazil Məmmədov hesab edir ki, rəhbərlik etdiyi qurum yaranandan bu sahədə aparılan işlərin əsas istiqaməti vergi ödəyicilərinə xidmət sektorunun genişləndirilməsi, informasiya cəmiyyətinin inkişafı ilə əlaqədar onun yaratdığı imkanların vergi xidmətlərində səmərəli istifadəsinə və vergi sistemində elektron hökumət quruculuğunun tətbiqinin genişləndirilməsinə nail olmaqdır. Bütövlükdə, son 16 il ərzində vergi ödəyicilərinə xidmət sahəsi vergi sisteminin ən sürətlə inkişaf etdirilən sektoru olmaqla yanaşı, həm də elektron hökumətin elementlərinin praktiki tətbiqi üçün əlverişli müstəvi olub. Vergilər Nazirliyi hələ 2003-cü ildə MDB ölkələri arasında ilk dəfə olaraq telefon-məlumat xidməti yaradıb, sonradan bu xidmət ən geniş spektrdə xidmətlər göstərən və Standartlaşma üzrə 5 Avropa Komissiyası («Austrian Standards plus») tərəfindən EN-15838 standartlarına uyğunluğu barədə keyfiyyət Sertifikatına malik Çağrı Mərkəzinə çevrilib. Vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi, sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə 2007-ci ildən regionlarda, xüsusən ayrıca vergi orqanı olmayan iri şəhər və rayonlarda vergi ödəyicilərinə xidmət göstərən 56 mərkəz yaradılıb.

 

Hazırda Vergilər Nazirliyi vergi ödəyicilərinə 60 növ elektron xidmət göstərir. Bu, respublikamızda dövlət orqanları tərəfindən göstərilən ən geniş elektron xidmətlər toplusudur. Bununla da Vergilər Nazirliyi korrupsiya hallarına qarşı mübarizədə mühüm rol oynayan məmur-vətəndaş təmaslarını minimuma endirmək niyyətindədir.

 

İş qurmaq üçün...

 

Əslində son vaxtlar qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayrılması, insanların xırda və orta sahibkarlığa təşviq edilməsi üçün görülən işlərin çox mühüm komponentlərindən biri də məhz vergi qanunvericiliyinə müvafiq olaraq heç bir qapını döymədən, kiminsə qəbulunda gözləmədən yeni iş qurmaq üçün hüquqi proseduraların evdə və ya ofisdə həyata keçirilməsi imkanının olmasıdır. Bu imkanları öyrənmək və tətbiq etmək üçün isə Vergilər Nazirliyinin saytına və bu saytdakı “Elektron xidmətlər (http://www.taxes.gov.az/modul.php?name=e-xidmetler) bölməsinə daxil olmaq kifayətdir.

 

Fərz edin ki, Siz yeni bir iş qurmaq istəyirsiniz. Reallaşdıracağınız işi “hüquqi” və ya “fiziki” şəxs olaraq görəcəyiniz də fərq etməz.

 

60 elektron xidmət ən yaxşı bələdçi olur...

 

İlk addım

 

Yuxarıda qeyd  olunan internet ünvanına girməklə Siz sırada doqquzuncu olan “Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” qaydalarını yükləməklə qanunvericilik bazasının verdiyi imkanlardan yararlana bilərsiniz. Burada göstərilir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 19 may 2015-ci il tarixli 1517050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş reqlamentin 1.8. maddəsində (Elektron xidmətin göstərilməsinin nəticəsi) deyilir: Dövlət qeydiyyatına alınmış hüquqi şəxsə dövlət qeydiyyat nömrəsi (VÖEN) verilir, onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsi, dövlət reyestrindən çıxarışı və nizamnaməsi qeydiyyat orqanının rəhbərinin imzası ilə təsdiq edilərək hüquqi şəxsin elektron ünvanına göndərilir. Həmin sənədlərin kağız daşıyıcılarda alınması üçün səlahiyyətli şəxs tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq yerli vergi orqanına aşağıdakı ünvanlar üzrə müraciət edilməlidir.

 

Reqlamentdə elektron xidmətin pulsuz və interaktiv olması da bildirilir.

 

Beləliklə, bu bilgilərə yiyələnib yeni “hüquqi şəxs” yarada bilərsiniz. Eyni proseduranı “fiziki şəxs” yaratmaq üçün də istifadə etmək olar.  Bunun üçün Siz müvafiq internet səhifəsindəki səkkizinci olan “Fərdi sahibkarların onlayn qeydiyyatı” reqlamentini yükləməklə müvafiq təlimatlarla tanış ola bilərsiniz.

 

Bank hesabının açılması

 

Sözsüz ki, ilk addımdan sonra fəaliyyət göstərmək üçün lazım olan digər tələblər də var. Məsələn, Bank hesabının açılması.

 

Müvafiq internet səhifəsinin sıralamasında onuncu olan “Bank idarələrində hesabların açılması” reqlamentini yükləməklə prosedurun həyata keçirilməsi barədə ətraflı məlumat almaq olar.

 

Reqlamentin 1.8. bəndində göstərilir: “Vergi ödəyicisinin ekranına bank idarəsində hesab açmaq haqqında ərizəsinin qəbul edilməsi barədə BİLDİRİŞ çıxarılır. Bildirişdə vergi ödəyicisinin hansı tarixdə bank idarəsinə müraciət etməli olduğu göstərilir və onu çap etmək olar. Əgər hesabın açıldığı bank idarəsi Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə elektron mübadiləyə qoşulmayıbsa vergi ödəyicisi vergi orqanından şəhadətnamə dublikatı kağız daşıyıcılarda götürərək bank idarəsinə təqdim etməlidir”.

 

Aydın olur ki, yeni iş quran şəxs ofisdən və ya evdən çıxmadan bank hesabını aça bilər.

 

Və iş görmək üçün hər şey...

 

Elektron xidmətlərdən istifadə etməklə “ƏDV məqsədləri üçün onlayn qeydiyyat”, “Vergi ödəyicisinin  filialının, nümayəndəliyinin onlayn qeydiyyatı”, “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatı”, “Nəzarət-kassa aparatının onlayn qeydiyyatı və qeydiyyatdan çıxarılması” və bir sıra digər prosedurları da yerinə yetirmək olar.

 

Sözsüz ki, bu gün hamının ən ciddi ehtiyac duyduğu prosedura olan hesabatların verilməsi də elektron xidmətlər sırasındadır.

 

Yada salaq ki, fəaliyyətə başlamaqla yanaşı, fəaliyyətin dayandırılması ilə bağlı prosedurları da bu xidmətdən istifadə etməklə reallaşdırmaq mümkündür.

 

Bəlkə nədənsə şikayətiniz var?

 

Bəli, əgər Sizin hansısa vergi əməkdaşının fəaliyyətindən şikayətiniz varsa, buyurun, “Elektron xidmətlər” yenə sizin qulluğunuzdadır.

 

“Vergi orqanı əməkdaşlarının qeyri-etik davranışı barədə məlumatın onlayn verilməsi” reqlamentini yükləməklə bu qaydalarla tanış ola bilərsiniz. Elektron xidmətlər sırasında Vergilər Nazirliyinə edilən müraciətlərin izlənməsi də daxildir. Bu xidmət vergi ödəyicilərinə verilən şifrə-paroldan, vətəndaşlara isə şəxsiyyət vəsiqəsinin məlumatlarından istifadə edərək Vergilər Nazirliyinə müraciət etmək və müraciətlərin icrasına onlayn nəzarət etmək imkanı yaradır.

 

Vergi ödəyicilərinin Vergilər Nazirliyinin məsul vəzifəli şəxsləri ilə birbaşa video əlaqə yaratmasına imkan verən elektron xidmətlər də mövcuddur. Odəyicilər həmçinin vergilər naziri Fazil Məmmədova onlayn müraciət də edə bilərlər.   

 

Bütün bu işlərin nəticəsidir ki, elektron xidmətlərin çeşidinə və keyfiyyətinə görə Vergilər Nazirliyi dövlət qurumları arasında Cənubi Qafqazda da lider mövqeyinə çıxıb. Bununla belə, nazirlik əldə olunan nailiyyətlərlə kifayətlənmir. Yaxın zamanlarda vergi ödəyiciləri daha təkmil elektron xidmətlərdən yararlanacaqlar. İndi istifadə olunan "ASAN imza" və "E-imza" vahid bir qurğuda birləşdiriləcək və eyni sertifikatda həm mobil, həm də kart vasitəsi ilə elektron "Asan İD" kart imzanın tətbiqinə başlanılacaq.

 

MDB məkanında elektron auditi tətbiq edən ilk vergi xidməti

 

Vergilər Nazirliyi MDB məkanında elektron auditi tətbiq edən ilk vergi xidmətidir. Audit yoxlamaları, onların vergi müfəttişi tərəfindən ötəri aparılması və subyektiv amillərə qarşı vergi ödəyicilərində bəzən haqlı, bəzən haqsız narazılıqlar olur. Bu halların aradan qaldırılması, auditin vergi ödəyicisi ilə təmasda olmadan, elektron qaydada həyata keçirilməsi vergi ödəyiciləri tərəfindən müsbət qarşılanıb, bu sahədə şikayətlərin sayı azalıb. Vergilər Nazirliyi tərəfindən elektron inzibatçılığın tətbiqi, vergi xidmətlərinin tam elektronlaşdırılması, digər qurumlar tərəfindən vergi informasiya sisteminə inteqrasiya və müəyyən məlumatların əldə edilməsi imkanının yaradılması vergi ödəyicilərinə aid fərdi məlumatların qorunmasını aktuallaşdırır. Vergi ödəyicilərinə aid məlumatların mühafizəsi, vergi ilə əlaqədar məxfi informasiyanın elektron və digər daşıyıcılarda saxlanılması, həmçinin vergi sisteminin kiber hücumlardan qorunması məqsədilə Vergilər Nazirliyinin rəhbərliyi tərəfindən informasiya təhlükəsizliyinin idarə edilməsi sisteminin yaradılması, tətbiqi, istismarı, daim nəzarətdə saxlanılması və təkmilləşdirilməsi üçün ən yüksək beynəlxalq standartın - İSO/İEC 27001:2013 «İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri» beynəlxalq standartının tətbiqinə başlanılıb. Vergilər Nazirliyi bu standarta uyğun fəaliyyət göstərməsinin təsdiqi kimi informasiya sisteminin İSO/İEC 27001:2013 standartına uyğun sertifikatlaşdırılmasına nail olub. Bütövlükdə dünyanın 26 ölkəsinin müxtəlif təşkilatları həmin sertifikatı əldə edib.

 

Kəmalə Quliyeva

Yazı Mətbuat Şurasının və Vergilər Nazirliyinin "Azərbaycanın vergi sistemi yeni iqtisadi inkişaf mərhələsində" mövzusunda fərdi yazı müsabiqəsinə təqdim olunmaq üçün verilir

# 294
avatar

Kəmalə Quliyeva

Oxşar yazılar