<b>"Elə bilirdim "Qurban" futbol terminidir, öyrəndim ki, məşqçidir"</b> - <span style="color:red;">MƏŞHUR FANATLAR
14 sentyabr 2015 15:10 (UTC +04:00)

"Elə bilirdim "Qurban" futbol terminidir, öyrəndim ki, məşqçidir" - MƏŞHUR FANATLAR

Lent.az-ın "Məşhur fanatlar" rubrikasının budəfəki qonağı jurnalist Vüsalə Məmmədovadır. Onun idman, futbolumuz barədə söhbətləşdik...

 

- Daha çox kişilərin sevimli idman növü olan futbol sizin üçün nə deməkdi? Və necə oldu ki, futbola marağınız yarandı?

 

- Stadiona getmək futbol sevgisi olanları anlamaqda mənə kömək etdi. Futbol da o biri idman növlərindən biridir mənim üçün, yəni özəl deyil.

 

- Sizi stadiona ilk dəfə kim dəvət edib?

 

- Mən stadiona ilk dəfə oynamağa getmişəm (gülür). Uşaq idik, evi dağıdırdıq, həyətə qovurdular, həyətdə ağaca çıxırdıq, yıxılırdıq. Nə isə, qonşu Musa əmi var idi, onun evi ilə stadionun arasında hasar var idi, pilləkənlər düzəltmişdi. Məhlənin kişiləri daha fırlanıb qapıdan getmirdilər stadiona, elə Musa əmigildən keçib gedirdilər. Biz də o pilləkənlə düşüb stadionda oynayırdıq. Futbol yox, kukla oynadırdıq (gülür). Ağdam stadionunu əslində biz təyinat üzrə istifadə edirdik (yenə gülür). Sonra orda konsert filan olurdu, ona gedirdik. Amma heç vaxt futbola getməmişdik. İlk dəfə stadiona illər sonra getdim. Xüsusi ilə qeyd etmək istəyirəm ki, bu gün futbola xanımların getməsində "Qarabağ"ın İmarət Azad Azarkeş Klubunun böyük xidməti olub. Bu uşaqlar xanım jurnalistlərlə tək-tək görüşüb söhbət ediblər. Məni də onlardan biri, Elnur Quliyev dəvət etdi. Yazıb xahiş etdi ki, "Qarabağ"ın oyununda jurnalist xanımların iştirakını arzulayırıq, istəyirik bizi dəstəkləyənlərin arasında onları da görək. Beləcə, stadiona ilk dəvəti "İmarət"çilərdən aldım. Bacımla getdik. Mən futbol azarkeşi yox, “Qarabağ” azarkeşiyəm. Bizdə futbolla maraqlanan qadınların əksəriyyəti isə necə deyərlər, Qurbançıdı. Mən isə əvvəl heç bilmirdim Qurban kimdir? Stadionda ətrafımdakı qadınlar oyun boyu "Qurban, Qurban" qışqırdılar, "Google"də axtarış verdim (gülür). Bu, ilk stadion təəssüratımdır. Bu, o vaxt idi ki, artıq xanımlar stadiona getmişdilər və bu xanımların sayəsində mətbuatda futbol haqqında daha çox yazılmağa başlanılmışdı.

- "Qarabağ"ın qadın azarkeşlərinin Qurbançı olduğunu dediniz. Bu nədən irəli gəlir; Qurban Qurbanovin zahiri görünüşündən, ya başqa səbəb var?
 
- Onu o azarkeşlərdən soruşmaq lazımdır. Məsələn, mən Qurbançı deyiləm. Amma matç boyu gördüm ki, oyun zəif gedəndə, təhlükəli vəziyyət yaranan kimi, bütün qadınlar deyinirdi ki, Qurban hanı, Qurban hara baxır? Əvvəl elə bildim Qurban futbolda hansısa vəziyyətin, nəsə qayda pozuntusunun adıdır,  futbol terminidi, ofsayddı nədir, elə bir şeydir (gülürük). Sonra soruşdular ki, bəs Qurban hara baxır, onda artıq şübhələndim. Telefonda internet istifadə edən deyiləm. Amma stadiona gedəndə edirəm. Orda yazdım və gördüm ki, komandanın baş məşqçisi imiş (gülür).

 

- "Qarabağ" yenə Avroliqanın qrup mərhələsində çıxış edəcək. Sizcə, bu dəfə qrupdan çıxmağı bacaracaqmı?

 

- Mənim futbol məsləhətçim bacım oğludur. O deyir ki, ümidimiz böyükdür.

 

- Yəqin ki, "Qarabağ"ın qrupdakı oyunlarını stadiondan izləyəcəksiz...

 

- Yəqinsiz. Vaxt problem olur. Amma birtəhər edəcəm. Ailəlikcə stadiondan izləyəcəyik.

 

- Çoxu belə düşünür ki, stadiona qadınların getməsi düz deyil. Çünki orda söyüş söyülür. Sizin bu məsələyə münasibətiniz necədir?

 

- Onu deyən adamlar ömürlərində Bakı küçələrində, əhalinin sıx olduğu yerlərdə olmayıblar. Özünə söyüş söyməyə icazə verən insanlar hər yerdə söyür. Ciddi deyirəm, mən stadionda olanda söyüş eşitməmişəm. Ətrafımda "gədə" olmayıb. Bəlkə də, media sektorunda əyləşdiyim üçün söyüş eşitməmişəm. Bəlkə də ona görədi, bilmirəm. Amma hesab edirəm ki, qadının kişini bütün mövzularda tam anlaması üçün stadiona getməsi şərtdir.

 

- Fikrinizi açıqlayardız...

 

- Mən futbola gedəndə bircə termin bilmişəm - qol. Onu bilirdim ki, bizə vuranda qol olur, biz vuranda “o” hərfinin sayı artır, yəni qoooooool. Qadınla kişi çox vaxt ona görə anlaşa bilmirlər ki, qadının üstündə çox ciddi dayandığı, əhəmiyyət verdiyi bir olay kişi üçün sıradan bir hadisədir. Kişilərdə də həmçinin. Stadionda olanda, ordakı izdihamın ruhunu, enerjisini duyanda anlayırsan ki, həyatında heç bir şey dəyişməyəcək bir qol üçün bu qədər enerji, əsəb və s. sərf edən insandan niyə bu qədər ciddi olmasını gözləyirsən? Gör, nələrə diqqətli olmasını gözləyirsən. Ümumiyyətlə, çox şey gözləyirsən.

 

- Digər klublarımızın və ya milli komandanın oyununu izləmək üçün necə, stadiona getmisiz heç?

 

- Tək mən yox, heç kim getməyib deyəsən. Amma bunu yerlibazlıq kimi qəbul etməyin, lütfən. Bilirsiz, burda başqa məsələlər var. Sizə heç vaxt izah edə bilmərəm ki, stadion uğultusunda mən nə qədər doğma səs eşidirəm. Bu çox kədərli və oxucularınız üçün maraqsız tarixçədi...

 

- Əksinə çox maraqlıdı...

 

- "Qarabağ"ın Ağdamda ev oyunlarını keçirdiyi stadionun qonşuluğunda böyümüşəm. "İmarət"i deyirəm. O uğultu ki var, onu evin içində hiss eləmişəm. O uğultunun arasında nənəm səsləyib ki, gəl yemək ye, babam səsləyib ki, gəl dərsini oxu... Mən o vaxtlar özümü elə aparırdım ki, guya o səsin içində bizimkilərin səsini eşitmirəm. Amma indi o səs-küydə nənəmin, babamın qayğıma qalan səsini aydınca eşidə bilirəm. Demirəm ki, stadiona nənəmin, babamın səsini eşitmək üçün gedirəm. Amma bu da bir səbəbdir. Hamının uşaqlığı ilə bağlı nəsə zəif yeri var (gülür). Bunu ora bağlayaq.

 

- Futbolçularımızdan kimləri tanıyırsız?

 

- Rəşad var. Sadıqovdur soyadı. Onu dəqiq bilirəm. Sonra Qara Qarayev var və çoxlu “qara” oğlanlar. Bir də Almeydanı tanıyıram.

 

-  Xarici futbolla necə, maraqlanırsız?

 

- Kriştianu Ronaldo var. Xarici futbolla ailəmizdə hər kəs maraqlanır. Onlar futbola baxanda, mən qapını bərk-bərk örtüb otaqda sakitlik yaratmağa çalışıram ki, işləyə bilim.

 

- Əksəriyyət Messi - Ronaldo müqayisəsini aparır. Siz üstünlüyü hansına verirsiz?

 

- Bizimkilər "Messi" deyir.

 

- Bəs öz fikriniz?

 

- Məsləhətçim Ülvi, yəni bacımoğlu "Messi" deyir. Razılaşmasam, çox aqressiv olur (gülür). Mənim üçün isə heç bir fərqi yoxdur: ya Messi, ya Ronaldo (gülür). Həyati əhəmiyyət daşımır mənim üçün.

 

- Övladınızın və qohumlarınızdan kiminsə gələcəkdə futbolçu olmasını istərdinizmi?

 

- Ülvi çox maraqlanır. Hər il soruşur ki, nə vaxt uşaq futboluna gedə bilərəm? İndi ingilis dilinin üstündə xüsusi işləyir ki, "Barselona"da oynayanda rahat müsahibə verə bilsin (gülür).

 

- Amma "Barselona"da oynamaq istəyirsə, ilk növbədə, ingilis yox, ispan dilini öyrənməlidir...

 

- Səs salmayın, biz demişik ingiliscəni birinci bilməlidir (gülür). Zarafatsız, deyir ki, ingiliscə bilsəm, çoxunda oynaya bilərəm (yenə gülür).

 

- Amma futbolda ağzın ingiliscə danışmasından əvvəl ayağın “ingiliscə oynaması” lazımdır...

 

- (Gülür). Biz təbii ki, futbolçu olmasını arzulamırıq deyə, bu tərəflərini düşünmürük. Gimnastikaya gedir, müəllimi çox razıdır. Gələcəkdə də yəqin idmanın başqa növü ilə məşğul olacaq. Hələ balacadır. Amma uşağı komanda oyunlarına yönəltmək böyük riskdir. Komanda oyunları bizim insan üçün deyil. Baxın, mən teatrdan gəlmişəm, o da kollektiv sənətdir. İncəsənəti bitirmişəm. 8 il də teatrda çalışmışam. Komanda işi bizdə alınmır da, qardaş (gülür).

 

- Özünüz necə, idmanla məşğul olmusuz heç?

 

- Mən hesab edirəm ki, normal insan idmanla məşğul olmalıdır. Amma bu, peşə olmamalıdır. Peşəkar qaydada heç vaxt məşğul olmamışam. Amma işdən sonra fitnes-zalda rahat 2 saat keçirirəm. Özü də əməlli-başlı məşğul oluram, daha yuxulaya-yuxulaya velosiped sürmürəm (gülür). Həm formada qalmaq, ondan da öncə sağlamlığım üçün. Əvvəl hovuza gedirdim. Gördüm əsəbləşirəm, daha getmədim.

Bir dəstə toppuş xanım girib hovuzun kənarında toplaşıb, “nəyi nə ilə bişirsən daha dadlı olur?” tipli söhbət edirlər, hovuzda basabas salırlar boşuna (gülür). Hərəkət eləməyə yer tapmırdım (gülürük). Sonra hovuzu fiznes-zala dəyişdim. Burda heç kim nəyi nə ilə bişirdiyini danışmır (yenə gülür).

 

- Vüsalə xanım, teatrda futbol tamaşası oynanılsaydı, futbol aləmindən kimin obrazını canlandırmaq istərdiniz?

 

- “Teatrda yanğın olsaydı, əlində bir vedrə su aparıb tökərdinmi?” soruşun. Mən teatrla qurtarmışam. Heç bir obrazı da canlandırmaq kimi istəyim yoxdur. Allah yazıbsa, pozsun.

 

- İdmanın insanın xarakterinə nə kimi təsiri var?

 

- Özüm haqqında onu deyə bilərəm ki, idman zalında özümü çox sevirəm və özümə həmişəkindən çox hörmət edirəm.

 

- Hansı idmançıdan müsahibə almaq arzusundasız? Varmı elə adam?

 

- İlk və son müsahibə aldığım idman adamı Qurban Qurbanov olub. Açığı, elə bir arzum yoxdur.

 

 

# 286
avatar

Tengiz Məmmədov

Oxşar yazılar