Mavi gözlü ada, mühasirədəki Anjelina Coli və Novruzəlisiz poçt qutuları... - <span style="color:red;">REPORTAJ
25 noyabr 2014 15:51 (UTC +04:00)

Mavi gözlü ada, mühasirədəki Anjelina Coli və Novruzəlisiz poçt qutuları... - REPORTAJ

Avroviziya sevinci

 

Vaqif Səmədoğlunun uzaq yaşıl adasını tanıdığım halda, bu vaxta kimi mavi gözlü adadan niyə bixəbər olmuşam, heç özüm də bilmirəm. Əslində ada haqqında məlumatım var idi. Bilirdim ki, Aralıq dənizinin mərkəzində yerləşir, turistlərin üz tutduğu ölkədir. Bir də Avroviziya təmsilçilərimiz həmişə ada sakinlərinin rəğbətini qazanır. Odur ki, hər dəfə mahnı yarışmasının finalında ölkəsinin səsvermə nəticəsini elan edən şəxsin «12 point goes to Azerbaijan» söyləməsi artıq ənənə halını alıb. Məhz bu üzdən fikrim hər yarışmadan sonra “mavi gözlü” ilə Odlar Yurdunu bağlayan dostluq-qardaşlıq tellərini axtarmaqla məşğul olur. Axı, dostbazlıq mahnı yarışmasında böyük əhəmiyyət kəsb edir. Nə gizlədim, müsabiqə nəticələri tez unudulan kimi həmin ada da yaddaşımdan rahatlıqla ötüşür. Amma heç yatıb yuxuma girməzdi ki…

 

London xəyalları

 

Təbii, gecələr yorğun gözlərim qapananda yuxumda Sent-Culians, Mdina, Rabat, Mosta, Bucibba kimi şəhərlərdə dolaşmazdım. Çünki Azercell-lə Kaspi Təhsil Mərkəzinin jurnalistlər üçün təşkil etdiyi ingilis dili kursunun qalibi kimi Londonda iki həftəlik ödənişsiz təhsil almaq imkanı qazandığımdan könlümün quşu Birləşmiş Krallığa qonmuşdu. Xəyallarımın bir il Biq Bendə, Trafalqar meydanında, Hayd Parkda gəzişməsinə baxmayaraq, Böyük Britaniya səfirliyi Ərəbzəngi kimi nəinki mənim, hətta kursun ikinci qalibi, həmkarım Anzulə Əmirovanın da yolunu kəsdi. Yəqin İstanbulda viza məsələlərinə baxanlar düşünüblər ki, Londona getsək, ilk işimiz pasportumuzu «itirmək» olacaq. Heyf deyil Bakı küləyində sərinləmək, Londonda çətir altında yaşamaq nəyimə lazımdır?

 

Sonradan eşitdim ki, Antraktidaya getmək, Britaniya Səfirliyindən viza almaqdan qat-qat asandı.

 

O olmasın, bu olsun 

 

«Nə olursa, hər şey yaxşılığa doğrudur» məsəlini beynimdə dolaşdıranda Kaspi Təhsil Mərkəzində söylədilər ki, həmin adada təhsil almaq heç də pis deyil. Məşədi İbadın fikrindən ruhlanıb təkliflə razılaşdım. Şengen vizası pasportuma həkk olunanda hazırlıq prosesləri o qədər sürətlə getdi, bir də xəbər tutdum ki, Atatürk hava limanında təyyarəni gözləyirəm. Məhz ucu-bucağı bilinməyən İstanbulda inandım ki, məni yad ölkədə iki həftəlik tələbə həyatı gözləyir. Təyyarədə göy boyu Türk müğənnilərini dinləyə-dinləyə dilini, mədəniyyətini və hətta tarixini bilmədiyim Maltaya doğru qanadlandım.

 

Molta      

 

Maltanı elə biz bu cür adlandırırıq. İstər ingilislər, istərsə yerli əhali Malta yazıb, Molta oxuyur. Nədənsə, hər dəfə Molta deyəndə yadıma motal pendiri düşdüyündən çalışırdım ki, bu kəlməni dilimə almayım. Çünki Moltaya başqa tam qatmaq yox, öz dadını çıxartmaq istəyirdim. Düzdür, Malta ilk dəqiqəsində bizi «qaş-qabaqlı» qarşıladı: boz-bulanıq buludlar hönkür-hönkür ağladığından elə bildim hava limanından Sent-Culians şəhərinə deyil, Londona gedirəm. Amma kursun qeydiyyatından keçib otağımıza yerləşəndə yağış dağınıq buludlardan ayrıldı ki, doqquz saat yol yorğunluğunu sahilə getməklə çıxartdıq. Aralıq dənizi güclü yağış zərbəsindən özünə gəlməsə də, bununla belə dəniz elə dəniz idi. Əla!

 

ESE-də

 

ESE-nin açması European School of English-di. Biz məhz bu təhsil ocağının tələbəsi idik. Dərslər bütün kurslarda olduğu kimi dil səviyyəsindən imtahanla başladı. İmtahanda hər yaşda, hər rəngdə insanlar var idi. Hətta ailəlikcə sınaq testini cavablayanları da görmək olardı. Dil səviyyəmiz müəyyənləşəndən dərhal sonra dərsə yollanıb ingilis dilinə qovuşduq. Artıq iki ildir Kaspi Təhsil Mərkəzində xarici müəllimlərin tələbəsi olmaq ESE-də yaxşı mənada özünü göstərdi. Nə həyəcan var idi, nə də təşviş.  Hətta görəndə ki, keçdiklərimi vaxtı ilə dönə-dönə öyrənmişəm, müəllimlə qərara gəldim ki, qrupu dəyişim. Kursda tələbələrə iki dərsdən sonra qrupu dəyişmək imkanı verildiyindən şansımı qaçırmadım.

 

Dərsdə

 

Qrupumu dəyişməyim həqiqətən də səmərəli oldu. Əgər birinci müəllim «do, does, am, is, are»-ı başa salırdısa, ikinci müəllimə bizimlə istənilən mövzuda diskussiya aparırdı. Həmin müzakirələr imkan verirdi ki, sən nəinki tələbə yoldaşlarını, hətta ölkələrinin adət-ənənəsini belə öyrənəsən. Məsələn, birinci gün mövzu təmsil olunduğumuz ölkənin salamlaşmaq qaydası idi. Yanımda oturan 19 yaşlı fransız Nikola dedi ki, onlarda adətən, üç dəfə öpüşürlər. Belə ki, o, qızları üç dəfə öpdüyü halda, dostlarına sadəcə «bonjour» deyir. Almaniyadan olan qızlar görüşəndə ancaq yaxın rəfiqələrini qucaqladıqlarını söylədilər.  Müəllimənin «bəs valideynlərinizlə?» sualına cavab olaraq, biri çiynini çəkdi, digəri isə başını yellədi. Türkiyəli Dilarənin yerinə az qalmışdı özüm cavab verəcəkdim. O, iki dəfə öpüşməkdən, sarılmaqdan ağızdolusu danışdı. Braziliyalı Karlos isə söyləyirdi ki, onlar nəinki xanımları öpür, erkəkləri belə bağırlarına sıxıb, bərk-bərk qucaqlayırlar. Amma məsləhət gördü ki, nəbadə yaponlarla salamlaşanda könlümüzdən onları qucmaq keçsin. Əks təqdirdə Sakit okeanda balıqlara yem ola bilərik. Növbə mənə çatanda azərbaycanlıların istiqanlı olduğunu, böyük məmnuniyyətlə öpüşüb, qucaqlaşmalarını desəm də, kişilərimizin salamlaşanda bir-birilərini «maç» eləməsini dilimə gətirmədim...

 

66 və 66    

 

Yox, bu rəqəmdə heç bir şeytani hiss gizlənməyib. Kursda 66 yaşlı qrup yoldaşım isveçrəli Anna və onun həmyaşıdı adını unutduğum Türkiyəli idman ustasını görəndə gözlərim qamaşmışdı. Gəlin, etiraf edək ki, bizim o yaşda nənə və babalarımızın həyat eşqi olsa da onlar nəinki İngilis dilini, heç İngiltərəni belə düşünmürlər. Odur ki, kursumun sonuncu günü marağımı gizlətməyib fransız əsilli Annadan dili nəyə görə öyrənməsini soruşdum. Əslində, cavabını təxmin etmişdim: səyahət. Çünki bu, qocalığını normal yaşayan avropalının həyat tərzidir. Amma şahmat üzrə idman ustası yarışlarda hakimlik etdiyindən dil öyrənməyə böyük ehtiyac duyduğunu söylədi. İstər onunla, istərsə də Anna ilə ünsiyyətdən böyük zövq aldım. Xüsusən də Annanın təmkini, kübarlığı və cavablarıyla özünü bizdən ayırmamağı insanı yaşamağa ruhlandırırdı. Onların köks ötürüb geriyə boylanan çağlarında parıldayan gözləri ilə qabağa baxmaları Məhəmməd peyğəmbərin «Beşikdən qəbirə qədər öyrənmək» fikrinin bariz nümunəsi deyilmi?  

      

Metrosuz, qatarsız…

 

Maltada rus və türk dilləri ilə yalnız çimərliklərdə günəşlənmək olar. Amma turla deyil, xəritə ilə ölkəni ayaqdan keçirmək istəyirsənsə, ingilis dilini bilməyin mütləqdir. Qeyd edim ki, Malta cırtdan ölkədir və avtobusla adanın bir başından o biri başına vur-tut iki-üç saata getmək mümkündür. Yəni, bu, hər üç-dörd dayanacaqdan bir yeni şəhərlə rastlaşmaq deməkdir. Odur ki, adanı yaxından tanımaq üçün turlara bir ətək pul verməyə dəyməz. 6.50 € ödəyib avtobus üçün bir həftəlik limitsiz gediş haqqı əldə edəndən sonra dərsdən çıxıb böyük məmnuniyyətlə adanın seyrinə çıxırdıq. Səyahətimizin uğurlu alınmasında dil faktoru ilə yanaşı, ölkənin yol nəqliyyatı üçün hazırlanmış xəritənin böyük rolu oldu. Çünki xəritəyə baxıb, neçə nömrəli avtobusun hansı şəhərə getməsini öncədən bilirdik. Üstəlik hər dayanacaqda marşrutların nə vaxt gələcəyi qeyd olunduğu üçün zamanımızdan səmərəli istifadə edirdik.

 

Deyim ki, tıxacda təngnəfəs olanlar Maltada rahat nəfəs ala bilərlər. Çünki oranın yolları avtomobilləri rahat «yola verir». Amma Maltada sükanlar sağ tərəfdə olduğuna görə yol hərəkəti bizim tıxaca aşiq yollarımızdan fərqlənir. Odur ki, yolu keçərkən, sağa baxmaq əvəzinə sola boylanırdım. Bu, təbii bir az təhlükə yaradırdı. Hərçənd, sürücülərin nəinki «avtoşluq» etdiyini, heç siqnallamağını görmədim. Lap unutmuşdum, Malta qatarsız, metrosuz ölkədir...      

     

Payızda yay

 

Maltada ilk saatımı leysanda keçirəndə mənə elə gəlmişdi ki, göy üzü boz buludlardan azad olmayacaq. Lakin səhəri günü Günəş öz şüasını səxavətlə Maltaya ötürməklə bizi də xoşbəxt etdi. Bu o günlər idi ki, Bakıda külək yağışla, soyuqla əl-bir olmuşdu. Payızın at oynadan vaxtında əlimə düşən yay fürsəti bahalı dükanda qəfil elan olunan 70% endirimi xatırladırdı. Odur ki, adanın mavi dənizini, qızmar Günəşini görməmişcəsinə qamarlayırdım. Bir də ölkə dənizlə əhatə olduğuna görə əvvəl-axır çimərliyə rast gəlirdin.

 

Qeyd edim ki, maltalılar, turistlər Aralıq dənizi kimi bir lütfdən daş hasarlardan boylanmadan və ən əsası pulsuz yararlanırlar. Ölkənin ən gözəl çimərliyi isə Komino adasında yerləşir. Gediş-gəliş üçün cəmi 10 € ödəməklə motorlu qayıq səni on dəqiqəyə cənnətin bir guşəsinə götürür. Suyu göz yaşı kimi dupduru olan çimərliyi sözlə vəsf etmək niyyətim yoxdur. Ən yaxşısı ya Google axtarışdı, ya da Maltaya getmək.

 

Paytaxtdan tarixə...

 

Təhsilimizin ikinci günü kursda eşitdik ki, tələbələr üçün paytaxta pulsuz tur təşkil edilir. Təbii ki, fürsətdən yararlanmaya bilməzdik. Avtobusun ikinci mərtəbəsinə əyləşib Valettaya üz tutduq. İlk dəfə idi ki, bələdçiyə rus dilində deyil, məhz ingiliscə qulaq asırdım. Səmimi deyim ki, bu mənə ləzzət edirdi. Çəlimsiz bələdçi eni iki, uzunluğu bir km. olan doğma şəhərindən elə ürəklə danışırdı, zənn edirdin Valettanın qurucularından biri olub. O, verdiyi məlumatlarla kifayətlənməyib biz tələbələri muzeyin kinoteatrına göt ürdü. Zala daxil olanda turistlər geniş ekranda Malta haqqında sənədli filmə baxırdılar. Qaranlıqda özümüzə güclə yer tapıb onlarla bərabər Maltanın keçmişinə «yollandıq»: başı cəncəldə olan qədim ölkə cəmi 50 ildir ki, rahatlığa çıxıb. O zamana kimi isə ada «əsir» kimi illərlə, əsrlərlə finikiyalıların, yunanların, normanların, ispanların, ərəblərin, türklərin, ingilislərin, fransızların, italyanların xidmətində olub. Odur ki, ölkənin istər dili, istərsə mədəniyyəti əsarət altında qaldığı hər millətdən bir şey əxz edib. Məsələn, ölkənin ana dili ərəb mənşəli sözlərlə boldur. Bircə misal gətirim ki, «söz», onların dilində «kalima», yəni kəlmə deməkdir. Həmçinin, ölkənin ilk paytaxtı olan Mdina şəhəri keçmişdə ərəblər tərəfindən daha da genişlənib. Mdina isə elə Mədinə sözündən götürülüb. Mdinanın yaxınlığında Rabat şəhəri var ki, onun adaşı elə Maltanın ən böyük adası olan Qozonun əsas şəhəridir... Həmçinin, McDonaldsda Müəmmər Qəddafini ürək ağrısı ilə xatırlayan liviyalı tələbə söyləyirdi ki, 1978-ci ildə Liviyanın keçmiş liderinin təşəbbüsü ilə Maltada İslam dinini yaymaq məqsədi ilə ərəb dilində ibtidai məktəb və yaxınlığında məscid ucaldılıb. Məktəb və məscid indi də öz işini davam etdirir...

 

Poçt qutusu

 

Maltada bir çox şeylər var idi ki, heç qarşıma çıxmadı: qəbiristanlıq və həmkarım Anzulə istisna olmaqla hamilə qadınlar. Sanki bu ölkədə nə doğulan var idi, nə də ölən. Elə bil ada yalnız oxuyanların, işləyənlərin, istirahət edənlərin ölkəsidir. Özü də bütün şüurlu canlılar yarasa kimi gecələr aktivləşirdi. Sent Culiansda barların, gecə klublarının cəm olunduğu Paçevil məhəlləsi ESE-nin yataqxanasının yaxınlığında yerləşdiyindən istər-istəməz şəhərin gecə həyatının seyrçilərinə çevrilmişdik. Küçələrdə pivələnən gənclərə, şərablanan cavanlara baxanda, tinlərdə dirək kimi şux dayanıb özlərini təklif edən qadınları görəndə mənə bir anlıq elə gəldi ki, onlar səhərlər kursun dəhlizlərində qarşılaşdığım tələbələrdir. Amma məni daha çox təsirləndirən yuxusuz turistlərin gecələri yox, hər qapının küncündə yerləşən rəngarəng poçt qutuları və hər mağazada satış üçün sərgilənən cürbəcür açıqcalar oldu. Açıqcalara Bakıdakı kitab mağazalarında bəzən rast gəlsəm də, poçt qutuları uşaqlığımın xatirəsinə çevrilib. Bir yerli insan tapıb soruşa bilmədim ki, bu poçt qutuları kompüter əsrində hansı funksiyanı yerinə yetirir? Amma əmin oldum ki, Maltada heç zaman Novruzəli yetişməyəcək.

 

Anjelina Colinin izi ilə

 

Dərsdə müəlliməyə Qozo adasına getmək istədiyimi deyəndə, o, Anjelina Colinin ailəsi ilə birlikdə orada olduğunu və “Dənizdə” filmini çəkdiyini söylədi. Filmin baş qəhrəmanları elə gözəl xanımın özü və yaraşıqlı yarı Bred Pittdir. Həvəslə gəmiyə minib Qozoya yollananda məqsədim ada ilə yanaşı, təbii ki, məşhur cütlüyün çəkiliş meydançasına getmək idi. Niyə də yox?! Sevimli aktyorlarımın ikisi bir arada qədəm basdığım torpaqda idilər. Amma Qozoda yeddi dayanacaq gedib, yeddi küçə fırlanıb, yeddi döngədən keçsəm də Ancelina və Bredi gördüm deyən olmadı. Yerli əhalidən maraqlananda çəkiliş meydançasının qapalı və polislərlə əhatə olunduğunu söylədilər...

 

Maltanın ən böyük adasına gəlincə, mənə əldən düşmüş qoca təsiri bağışladı. Elə küçələrdə cavanlardan daha çox yaşlı insanları görmək olardı. Yəqin adanın gənc əhli həyatını Maltada sürüb, qocalığını Qozoda keçirirlər.

 

Mavi gözlü Luzzu

 

Gəlib çıxdıq, «mavi gözlü» Maltaya... Bu, göy qurşağı kimi rənglənən Luzzu qayığıdır ki, baş hissəsində iki mavi göz təsviri keçmişdə balıq ovu zamanı şər qüvvələrdən qorunmaq məqsədilə çəkilirmiş. Hazırda luzzu qayıqlarını daha çox Maltanın balıq ticarətinin mərkəzi sayılan Marsaşlokk şəhərinin körfəzində görmək olar. Luzzunun mavi gözü Maltanın uğur simvolu hesab olunduğundan suvenir qismində turistlərin gözünü sevindirməkdədir.

 

Belə... Malta haqqında söylədiklərim bununla bitməsə də, düşünürəm ki, yazıma son qoymağın vaxtıdır. Təəssüratımı oxuyan hər bir kəsə Maltaya gedib istirahət etməyi və ən əsası ingilis dili öyrənməyi arzulayıram. Qloballaşan dünyada ingilis dilini bilmək çox vacibdir. Sonda mavi gözlü adaya getməyimə səbəb olan Kaspi Təhsil Mərkəzinə və Azercell Telekom MMC-yə dərin təşəkkürlərimi bildirirəm!

# 1498
avatar

Ülviyyə Heydərova

Oxşar yazılar