Kiyevin “Maydan”ında nələr oldu? - REPORTAJ
30 noyabr 2013 17:45 (UTC +04:00)

Kiyevin “Maydan”ında nələr oldu? - REPORTAJ

Ukrayna paytaxtında avrointeqrasiya tərəfdarlarının mitinqi polis qüvvələri tərəfindən dağıdılıb. Gecə saat 04:00 radələrində meydanda qalan etirazçı kütlə ilə polis arasında toqquşma olub.

 

“Berkut” adlı xüsusi təyinatlı polis dəstəsinin keçirdiyi əməliyyat nəticəsində 31 avrointeqrasiya tərəfdarı saxlanılıb, yaralananlar ver. Hazırda mitinqin keçirildiyi ərazi polis tərəfindən əhatəyə alınıb. Əraziyə kommunal xidmət idarələrinin işçilərindən başqa heç kəs buraxılmır.

 

APA-nın Kiyevə ezam olunmuş xüsusi müxbiri dünən axşam mitinq keçirilərkən və aksiya dağıdılarkən Müstəqillik meydanında (“narıncı inqilab”dan sonra “Maydan” kimi məşhurlaşıb) olub.

 

 

Ukrayna paytaxtının mərkəzi - “Maydan”...

 

Avropalı olmaq istəyən ukraynalıların mitinq keçirdiyi yerdəyik. «Maydan»a toplaşan insanların sayı getdikcə artır. Axşam saatlarından başlayaraq Ukraynanın digər bölgələrindən, xüsusilə də Qərb regionlarından insanlarla dolu avtobuslar “Maydan”a toplaşmağa başlayır. Əraziyə “Berkut” adlanan xüsusi təyinatlı polis dəstələri cəlb olunub. Paytaxtın baş küçəsi sayılan “Kreşatik”də nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

 

«Maydan»da heç bir siyasi partiyanın bayrağın görmək mümkün deyil. Mitinq iştirakçıları bunun səbəbini Ukrayna xalqının avrointeqrasiya məsələsində yekdil mövqedə olması ilə əlaqələndirir. «Maydan»da Qərbi Ukraynada yaşayan “Ukrayna Üsyançılar Ordusu”nun qırmızı-qara rəngli bayraqları, Krım tatarlarının mavi bayraqları və nəhayət, Ukrayna və Avropa Birliyinin bayraqları dalğalanır. «Maydan»a gedən küçələrdə isə Rusiya əleyhinə şüarlar, hazırda məhkumluq həyatı yaşayan keçmiş baş nazir Yuliya Timoşenkonun portretləri, Rusiyaya qarşı radikallığı ilə seçilən Qərbi ukraynalıların - benderlərin qəhrəmanlarını portretləri, onların sovet rejiminə qarşı döyüşlərini əks etdirən fotolar nümayiş olunurdu.

 

«Maydan»da bütün yaş kateqoriyalarına aid insanları görmək mümkün idi. Yeniyetmədən qocaya qədər hamısı bir səslə “biz Avropanı istəyirik, biz artıq avropalıyıq” deyə qışqırırdılar.

 

 

74 yaşlı Kiyev sakini: “Nəvələrimə sovet dövründən danışanda onlar dəhşətə gəlirlər”

 

74 yaşlı Kiyev sakini İrina Ukraynanın Avropanın bir tərkib hissəsi olduğunu söyləyir: “Biz Rusiya imperiyasının tərkibində, daha sonra SSRİ boyunduruğu altında yaşamışıq. Bu rejim bizi istismar edib. Artıq bəsdir! Mənim artıq yaşım keçib. Lakin uşaqlarımın və nəvələrimin gələcəyi haqqında fikirləşməliyəm. Onların da bizim kimi istismar olunmasına göz yuma bilmərəm. Nəvələrimə sovet dövründən danışanda onlar dəhşətə gəlirlər. İndi biz yenə həmin dövrə qayıtmalıyıq? Mənim bacım Avropada yaşayır. Tez-tez gedirik onlara. Oradakı yaşayışı gördükdə, bizim həyatımızı neçə illərdir ki, puç etdiyimiz məlum olur. Artıq yuxudan oyanmağın vaxtıdı. Neçə illər idi ki, yuxuda idik, indi isə oyanmışıq. Biz Avropaya inteqrasiya etməliyik. Biz bir daha sovet dövrünə qayıtmayacağıq!”

 

 

Krım tatarlarının çağırışı

 

«Maydan»da çoxluğu ilə seçilən Krım tatarları da əllərində Ukrayna, Avropa Birliyi və Krım bayraqları ilə “Rusiya, əlini çək yaxamızdan!” qışqırırdılar. Krım tatarları Məclisinin baş katibi Zair Smedlyayev deyir ki, Rusiya imperiyasının tərkibində olarkən çəkdikləri zülmləri bir Allah bilir: “Rusiya imperiyası bizim xalqı məhv edib. Daha sonra sovet rejimini gördük. Onlar da bizi məhv etdilər. Krım tatarlarını müxtəlif yerlərə sürgün edərək, xalqımızı assimilyasiyaya uğratmaq istədilər. 1944-cü ildə Krım tatarlarını deportasiya edəndə əhalimizin 46 faizi məhv edildi. Biz Avropanı istəyirik. Bəzən deyirlər ki, Avropa müsəlmanları sıxır. Baxın, Londonda olan məscidlərin sayı Moskvada olan məscidlərin sayından dəfələrlə çoxdur. Baxmayaraq ki, Moskvada Londondan dəfələrlə çox müsəlman yaşayır. Moskvada və Rusiyanın digər regionlarında bu gün azərbaycanlılar, özbəklər, taciklər öldürülür”. Z.Smedlyayev Ukraynanın Avropa yolunu tutduğunu və bu yolda Krım tatarlarının da onlara dəstək verdiyini söyləyib.

 

 

Vitali Kliçko: “Müxalifət olaraq prezident seçkilərində vahid namizədlə iştirak etməyə qərar vermişik”

 

Havanın temperaturunun sıfır dərəcə olmasına baxmayaraq, «Maydan» getdikcə dolmağa başlayırdı. Mitinq iştirakçıları ukrayna dilində “Bandu hef” (“Banda, rədd ol!”), “Yuliyaya azadlıq”, benderlər isə “Slava Ukrayna - Heroyam slava”, “Razom syla” (“Güc birlikdədir”), “Hanyba” (“Rəzalət”) şüarları səsləndirirdilər.

 

Mitinq iştirakçıları «Maydan»ı doldurduqdan sonra ictimai təşkilatların və siyasi partiya liderlərinin çıxışı başladı. İlk olaraq universitetlərin tətil komitələrinin başçıları çıxış etdilər. Daha sonra «Maydan» fəalı Yeqor Sobolev, keçmiş daxili işlər naziri Yuri Lutsenko, müxalifət partiyasının liderləri Vitali Kliçko, Oleq Tyaqnibok, Arseni Yasenyuk «Maydan» hərəkatının bundan sonra davam edəcəyini söylədilər.

“UDAR” partiyasının sədri Vitali Kliçko Ukraynanın Avropa istiqamətində inkişaf yolu tutduğunu, geriyə yolu olmadığını vurğuladı: “Bunu istəməyənlər hakimiyyətdən getməlidir. Biz müxalifət olaraq prezident seçkilərində vahid namizədlə iştirak edəcəyimizə qərar vermişik”.

 

Ukraynanın dövlət himni ilə başlayan mitinq sonda müğənni Ruslananın mitinqin bəyannaməsini və yenidən himni oxuması ilə bitdi. Ancaq mitinq bitəndən sonra «Maydan»da 1000 nəfərə yaxın iştirakçı qalmışdı. Onlar «Maydan»da gecələyəcəklərini bildirirdilər. Lakin polis israrla «Maydan»ı boşaltmağı tələb edirdi.

 

Səhər saat 4:00 radələrində polis «Maydan»da gecələyənləri ərazidən uzaqlaşdırmağa başladı. Bu zaman polislə «Maydan»da gecələyənlər arasında qarşıdurma yarandı. Polisə müqavimət göstərənlərin hamısı saxlanılaraq bölmələrə aparıldı. Hazırda «Maydan»da polis və süpürgəçilərdən başqa heç kəs yoxdur.

# 2919
avatar

Fərid Əkbərov

Oxşar yazılar