Dilinə sahib ola bilməyənlər
16 iyul 2013 15:01 (UTC +04:00)

Dilinə sahib ola bilməyənlər

Dünyada sahib ola bilməyənlər... bəlkə də ən çətin işlərdən biri insanın öz dili ilə (– onu tez-tez günahlara batıran dili ilə!) mübarizəsidir...

Dünyada bəlkə də ən çətin işlərdən biri dilinə yiyə dura bilməkdir. – İnsanı bağışlanması mümkün olan günahlara batıran dili ilə...

İnsan günah danışmaqdan çəkinməlidir, qorxmalıdır. Dəqiq görmədiyi, bilmədiyi, əmin olmadığı... pis şeyləri danışmaqdan. Çünki bir çox hallarda məhz dil böyük faciələrə yol açır, insanların həyatını, gələcəyini məhv edir. Və məhz dil insana cəhənnəmin qapısını elə bu dünyada açır... Sokratın ünlü bir hekayəsi var. Çox sevirəm bu hekayəni. Sadə bir hekayədir amma anlayana hikmətlə doludur, düşündürücüdür.

 Bir gün Sokratla rastlaşan bir tanışı deyir:

 - Bilirsənmi, dostunla bağlı nələr eşitmişəm?

 - Bir dəqiqə gözlə, – deyir Sokrat. Həmən də əlavə edir:

 - Mənə bir şey söyləmədən öncə səni kiçik bir testdən keçirmək istəyirəm. Buna Üçlü Filtr testi deyilir.

 - Üçlü Filtr? – adam ilgi ilə soruşur.

 - Bəli, – deyir Sokrat. – Bu, mənimlə dostum haqqında danışmazdan öncə nə söyləyəcəyini filtr etmək üçün yaxşı bir fikir ola bilər və davam edir:

 - Birinci filtr, gerçəklik filtridir...

 - Mənə bir azdan söyləyəcəyin şeyin gerçək olduğuna əminmisən? - Sokrat soruşur.

 - Xeyr – deyir adam: Əslində, bunu sadəcə (olaraq) eşitdim...

 - Tamam – deyir Sokrat. – “Deməli, sən bunun gerçəkdən doğru olub-olmadığını bilmirsən. İndi ikinci filtrə keçək”...

 - Yaxşılıq filtri...

 - Dostum haqqında mənə söyləmək istədiyin şey yaxşı bir şeydimi?

 - Xeyr, tam tərsi, – deyir adam.

 - Deməli, onun haqqında mənə pis bir şey söyləmək istəyirsən və onun da doğru olub-olmadığına əmin deyilsən, eləmi?

 - Bəli, deyir adam.

 - Yenə də testi keçə bilərsən. Çünki hələ bir filtr qalıb, – deyir Sokrat. – İşə Yararlılıq Filtri..! – Və soruşur:

 - Mənə dostum haqqında deyəcəyin şey mənim işimə yarayarmı?

 - Xeyr, tamamilə xeyr! – deyir adam.

 - Tamam, – deyir Sokrat. – Əgər mənə söyləyəcəyin şeyin tam doğru olduğunu bilmirsənsə, o iş yararlı, yaxşı bir şey deyilsə, onu mənə niyə söyləyəsən ki?!.

 Bəli, toplumda qeybət, yalan dedi-qodular, böhtanlar o zaman azalacaq ki, Sokrat kimi onları dinləmək istəməyənlərin sayı artacaq. Sokrat kimi düşünərək o dedi-qodunu, qeybəti danışan insan düşünməyə və günahdan yayınmağa çağıran insanların sayı artacaq. Hər kəs danışanda, qeybətdən, dedi-qodudan şikayətçidir amma onun azalması bizdən keçir. – Özümüzdən! Dinləmək istəyənlərin sayı azalarsa, dedi-qodular da azalar...

 Bir də, dedi-qoduları dinləməyi sevənlərin sayı yetərincə çox olsa da, toplumda normal insanlar arasında onların heç bir zaman yaxşı imici, reputasiyası olmamışdır, yoxdur, olmayacaq da!

 Yazımı Sokratla başlamışdım, onun ünlü bir fikri ilə də tamamlamaq istəyirəm. Bir gün Sokrata birisi filankəs sənin haqqında mənfi şeylər, pis şeylər danışır deyir.

Sokrat bunu çox adi qarşılayaraq, belə deyir: “O onsuz da yaxşı şey danışmağı heç zaman öyrənə bilmədi...”

 P.S. Bu yazını özəlliklə bu müqəddəs Ramazan ayında belə dilini günahdan qoruya bilməyənlərə və ən dəhşətlisi isə bunu böyük həvəslə edənlərə özləri üçün cəhənnəmin qapılarını açdıqlarını dostyana söyləmək üçün yazdım...

 Hamıya xeyirli Ramazanlar!

# 1007
avatar

Qənirə Paşayeva

Oxşar yazılar