Baş nazirlə çay içən Zaur, Bakıya gələ bilməyən Onnik və şəkərbura həsrəti - TİFLİS GÜNDƏLİYİ

Günel Mövlud Marneulidən Lent.az-a yazır...

Novruz bayramı Bakıda təmtəraqlı keçiriləndə Tiflisin bahar ilıqlığı, günəşliliyi, göz qamaşdırması da o bayramdan geri qalmırdı. Novruz bayramı günü azərbaycanlıların sıx məskunlaşdığı Marneuli rayonuna getdim. Yol yoldaşlarım da iki amerikalı, bir ingilis, bir nəfər də erməni. Amerikanın Oriqon ştatından olan Anna tarixçi idi. Hazırda sovet tarixindən diplom işi yazır. Anna barəsində gələcək yazılarımdan birində ətraflı yazacam. Sovet tarixi, Rusiya, onun üçün çox maraqlıdır. Rus dilini yaxşı bilir. Bütün amerikalılar kimi ünsiyyətə açıq, rahat, üstəlik də hündür, sarışın və çox gözəl qızdır. Durmadan gülümsəyir...

 

 

Aşıq Ədaləti tanıyan ingilis

 

Onun oğlan dostu Ben barədə çox şey örənə bilmədim. Olduqca boz adamdı. Amma ingilis Stefan ayrı aləmdi, daima gülümsəyən, şən oğlandı. Etnik musiqi ilə maraqlanır. Əvvəl onun bu həvəsinin elə-belə, üzdən olduğunu düşünürdüm. Amma Stefan mənə Aşıq Qəribdən, Aşıq Ələsgərdən danışanda əməlli-başlı təəccübləndim. Amma hələ  harasıdı? Bir azdan aşıq Kamandardan, hətta aşıq Ədalət Nəsibovdan danışanda təslim işarəsi olaraq əllərimi göyə qaldırdım.

 

Erməni fotoqraf Onnik Bakı sevgisi ilə yadımda qaldı. Onun ən böyük arzusu Bakını görməkdi. Amma təəssüflə deyir ki:

 

- Bu soyadla ora buraxmazlar...

 

Onun bircə dəfə hansısa layihə çərçivəsində Bakıya səfər etmək şansı olub. Azərbaycanın Xarici işlər Nazirliyi ona rəsmi icazə də verib. Amma həmin ərəfədə Azərbaycan bayrağını təhqir etməsinə dözməyib, erməni zabit Qurgen Markaryanı qətlə yetirmiş  Ramil Səfərovun esktradisiyası baş tutub, bütün Ermənistan ayağa qalxıb və məhz ermənilərin qorxusundan Onnik Bakıya səfər eləməkdən imtina edib.

 

“Səyyada bax, səyyada...” oxuyan gürcü qarısı

 

Marneuliyə çatan kimi bayram ovqatını hiss etmək olurdu. Mərkəz başdan-başa səməni, bahar qız posterlərinə bürünmüşdü. Hər tərəfdən şən mahnılar eşidilir, rayonun mərkəzində izdiham qaynaşırdı. Açıq çayxanalarda oturmağa yer qalmamışdı. Yoldan keçən adamların bəzilərinin əlində xonça da görmək olurdu.

Beynəlmiləl heyətlə çayxanaların birinə girdik. Həm Azərbaycan, həm gürcü dilində danışan qadın qabağımıza iri bir çaynik və nəlbəkisiz stəkanlar qoydu. Nəlbəki istəyəndə:

 

- Burda nəlbəki olmur - dedi.

 

Çayxanada hamı bizə baxırdı. Sarı ingilis, amerikanlar, saçı-başı pırtlaşıq Onnik, qaraqaş-qaragöz azərbaycanlı – bu heyətdən bir şey başa düşə bilmirdilər. Masalardan birinin arxasında əyləşən orta yaşlı kişi ayağa qalxıb, masamıza yaxınlaşdı. Heç nə demədən cibindən bir ovuc iri-iri şokoladlar çıxarıb, qabağımıza qoydu və gülümsəyərək çıxıb getdi.

 

Nə amerikalılar, nə ingilis, nə də erməni buna təəccüblənmədi. Gürcüstan ən qəribə hadisələrlə qarşılaşa biləcəyiniz bir yerdi və heyətdəkilər çoxdan bunun şahidi olmuşdular.

Bir azdan yaşlı bir qadın gürcülərin milli aləti olan canqurda çala-çala bizə yaxınlaşdı. O canqurda Azərbaycanın xalq mahnılarını ifa eləyir, bizim dildə:

- Səyyada bax, səyyada

Torun qurub qayada

Toruna tərlan düşüb

Kimsəsi yox oyada,- deyə oxuyurdu.

 

Stefan tez səsyazma alətini çıxarıb qadının səsini yazdı. Onnik qadının şəklini çəkdi. Mənsə proletarlığıma salıb, zəhmətlə sənəti sintez eləmiş istedadlı qarının zəhmət haqqını verdim. Məmnun halda çıxıb getdi.

 

 

“Mən Sadaxlı qızıyam” deyən erməni Roza xala

 

 

Onnik qarının Azərbaycan dilində oxumasını görəndə xatırladı ki, Marneuli bazarında azərbaycanca çox gözəl danışan erməni qadını tanıyır. Çaylarımızı içib, çox da uzaqda olmayan bazara getdik. Onnik bizi erməni Roza xala ilə tanış elədi. O, ədviyyat satan, 25 ildir ki, azərbaycanlılarla eyni piştaxta arxasında dayanan və dilimizi çox gözəl bilən, gülərüz bir qadın idi. Bizimlə bazara gələn Azadlıq radiosunun əməkdaşına müsahibə verdi. dilimizi belə yaxşı harada öyrəndiyini soruşanda:

- Mən Sadaxlı qızıyam – dedi.

Olduqca sülhpərvər, bu sülh üçün nəsə eləməyə çalışan qadın idi. Satdığı ədviyyatdan alanda, hərəsindən bir stəkan da pay tökdü və ayrılanda üzümdən öpmək üçün icazə istədi.

 

 

Yoxa çıxan şəkərbura-paxlava

 

 

Həm fotoqraf Onnik, həm Azadlıq radiosunun əməkdaşı çəkiliş üçün evində xonça bəzəyən, şəkərbura-paxlava bişirən ailələr axtardıq. Amma məlum oldu ki, buralarda belə şeylər artıq dəbdən düşüb. Marneulidə yaşayan, ictimai sektorun, bütün gənclərinin, ədəbi mühitin yaxşı tanıdığı Zaur Dərgallıya zəng elədik. Biz zəng edəndə nə az nə çox, düz Gürcüstanın baş naziri ilə çay süfrəsində oturmuş Zaur:

 

- Vallah, daha bizim evdə də bişirmirlər, yoxsa sizi elə öz evimizə aparardım.

 

Amma şəkərbura-paxlavanı kompensasiya etmək üçün Zaur görüşümüzə gəldi. Qarqara  paltarda idi. Çatan kimi tanıdı-tanımadı hamını öpüb, rəsmi paltarına, qalstukuna görə üzr istədi.

 

Sonra bizi həm qazax ləhcəsində, həm də ingilis dilində eyni uğurla danışan dostu Natiqlə tanış elədi. Restoranlardan birinə aparıb, bütün heyətə ziyafət təşkil elədi. Restoranda bahar bayramını qeyd edən böyük bir məclis vardı. Aşıq da gətirmişdilər. Stefan aşıqları görən kimi, yeməyi-içməyin başını buraxıb, getdi ona qulaq asmağa.

 

Bakıdan gələn sovqat

 

Tiflisdə ilk qəribçiliyi Novruz bayramında bircə dənə də olsun şəkərbura-paxlava tapa bilməyəndə hiss elədim. Amma qəribçiliyin uzun sürmədi. Bakıdan Tiflisə tədbirə gələn bir dəstə şəxs - Adnan Hacızadə, Nicat Qarayev, Ayuk Utopik, Zaur Qurbanlı- bir torba milli şirniyyat gətirmişdilər. O qədər çox idi ki, günlərlə yeyib-qurtara bilmədim.

Günlərin birində nəsə soruşmaq üçün gəlmiş həyasız qonşum, gürcü  Anjela masanın üstündəki qəribə biçimli şirniyyatları görəndə bunların nə olduğunu soruşdu. Fürsətdən istifadə edib, bir boşqab ona, bir boşqab da qapı qonşum Darecana bağışladım.

Növbəti gün qapıdan çıxanda şirniyyatdan dadmış qonşular ayaq üstə məni və Azərbaycan mətbəxini alqışladılar, belə şeylərdən tez-tez bişirib və  onların ağzını dada gətirməyi xahiş  elədilər...

LENT

25 May 2019

Digər xəbərlər >>>