Ankaradakı pir, çarmıxdakı İsa və dərisi soyulmamış Nəsimi... - REPORTAJ
28 fevral 2013 12:39 (UTC +04:00)

Ankaradakı pir, çarmıxdakı İsa və dərisi soyulmamış Nəsimi... - REPORTAJ

Lent.az-ın “Sizə salam gətirmişəm...” rubrikasında qardaş Türkiyənin müxtəlif gəzməli-görməli, tarixi yerlərindən reportajlar təqdim edirik. Türkiyədə tələbə həyatı yaşayan gənc yazarımız Mirbəhram Əzimbəylinin növbəti reportajı Ankaradakı Hacı Bayram Vəli türbəsi barədədir.

 

***

 

“Salam! İsa səni sevir. Sən onun üçün qiymətlisən. İsa sənin günahlarının bağışlanması

üçün canından keçdi. O sənə yeni bir həyat verə bilmək üçün ölümü gözə aldı. Bu gün İsaya inan! Sabah gec olacaq! İsa tezliklə geri gələcək! Allah səni sevir. Bil ki, İsa Allahın oğludur. İsadan bağışlanmağını dilə. Allah səni qorusun! Amin!”

 

Mən Ulus dayanacağında enib üzü yuxarı addımlayarkən meydanın ortasındakı Atatürk

heykəlinin önündə oturan kor kişi göyərçinləri yemləyirdi. Mənə elə gəldi ki, pərən-pərən olmuş fikirlərimin hərəsi bir göyərçinin dimdiyindədir. İllər öncə partlayış nəticəsində can alverinə şahid olmuş alış-veriş mərkəzinin qabağında dincimi almaq üçün dayandım. Əslində yorulmamışdım, ancaq nəfəs almaqda çətinlik çəkirdim. Ona görə yox ki, Ankaradakı pirə - Hacı Bayram Vəli türbəsinə aparan yol yoxuş idi, məni təngnəfəs edən tanımadığım bir insandan - braziliyalı bir gənc missionerdən gələn təsadüfi (mən təsadüflərə inanmıram!) məktub, dünən gecə yuxuda gördüyüm uşaq vaxtı oynadığımız taxta avtomatlar və yolkatək bəzənmiş çarmıx idi. Həyəcandan sürətlə döyünən ürəyimin səhər qaraladığı həmin misra yadımdan çıxmaq bilmirdi: “Ağacıq biz hamımız, gündüz kölgələri, gecə özləri tökülür yarpaqlarımızın...”

 

Ardından İxlas surəsinin ayəsi beynimi yoxladı: “Nə bir kəsi doğmuş, nə də bir kəsdən

doğulmuşdur...”

 

***

 

Hacı Bayram Vəli türbəsinin önündə gözləri dolu, başları örtülü qadınlar pirin dəmir

torundan yapışıb nə isə pıçıldayırdılar. Bir az aralıda kişilər əllərindəki təsbehin daşlarını saya-saya türbənin önündəki açıq Ankara mənzərəsini müşahidə edirdilər. Yaxında qırmızı kirəmitli köhnə evlər, məhəllələrdə su “butulka”ları ilə futbol oynayan xoşbəxt uşaqlar, sonra dolaşıq yollar, beş mərtəbəli binalar, daha uzaqda isə göydələnlər görünürdü. Məndən bir az o tərəfdə iki yaşlı kişi söhbət eləyirdilər:

 

- Abi, bırak bu içkiyi, günahdır, haramdır...

 

- Tamam...

 

Özümdən asılı olmayaraq gülümsədim və illər boyu içkidən əl çəkə bilməyən bir

Tanışımız - Kazım dayı yadıma düşdü.

 

Kazım dayı həyatında mənim vur-tut bir, ya da iki dəfə əlimi sıxıb. Nə zaman görsəm “Seyid, məni bağışla” deyib bir az aralıdan keçən Kazım kişi əksər hallarda ən azı “pivəli” olurdu.

 

Ramazanda Kazım dayının arvadı qan ağlayırdı: “Ay başına dönüm belə də iş olar?! Kazım iftar vaxtı əlində araq ilə gəlir ki, bəs Yusif peyğəmbərin kinosunu qoş. Kafirlərin elədiyini ürəyim götürmür, gərək yüz qram vuram...”

 

İndi mən Ankaradakı bu pirdə - Hacı Bayram Vəli türbəsində müxtəlif hisslər keçirərkən bundan bir neçə gün öncə qaraciyər xərçəngindən dünyasını dəyişmiş Kazım kişini xatırladım.

 

Hacı Bayramın uyuduğu məkanın yaxınlığında qədim bir kilsənin qalıqları var. Türbənin

sağ və sol tərəflərində kitab bazarları yerləşir. Pirin arxa tərəfindən baxdıqda uzaqda – dağın zirvəsində Ankara qalasının divarları görünür.

 

Hacı Bayram Vəli ziyarətgahının bitişiyində əzəmətli bir məscid tikilib. Günorta namazını orda qıldım. Duanı yenicə bitirmişdim ki, yanımda oturan orta yaşlı, saçları tökülmüş eynəkli kişinin fərqinə vardlm: “Allah kabul etsin yeğenim.” Təşəkkür elədim. Kişi soruşdu ki, azərbaycanlısan, yoxsa iranlı? Mən bu suala təəccüb etmədim, azərbaycanlı olduğumu söylədim. Bu yad adam mənimlə səmimi söhbət eləyirdi, Naxçıvandan,

Qarabağdan, Bakıdan danışdıq. Nədənsə anidən boğulduğumu hiss etməyə başladım.

Sağollaşıb çölə çıxmaq istəyirdim ki, mənə bir telefon nömrəsi verdi, bərk-bərk tapşırdı, bu nömrəyə zəng edib universitetimizdəki “abi”lərlə tanış olum, onlara plov yeməyə,

çay içməyə gedim.

 

Məsciddən bir az aralı fəvvarələrin yaxınlığındakı skamyada oturdum. Burada özümü azad hiss edirdim. Bu azadlıq duyğusunu Mir Mövsüm Ağanın ziyarətgahında da dadmışdım. Mən onda İmam Hüseynin Kərbəladakı ağrısını səhradan bir ovuc qum kimi iliklərimin arasına tökmək istəmiş, Peyğəmbər nəvəsini anlamağa çalışmışdım. Yenə azadlıq varlığıma sirayət elədi, bu dəfə məmləkətdə təxminən iki min kilometr uzaqda, yalnız və kövrək ikən. Gözlərim doldu və sürətlə bədənimdən qan çəkilməyə başladı. İndi bütün hovuzun suyu bəbəklərimin arxasından vücuduma axır, fəvvarədə mənim qanım dövr eləyirdi. Azadlıq bir hovuz su, bir neçə litr qan imiş. Artıq azadlığın mənə göstərdikləri sutək şəffaf idi, amma axmır, qan kimi laxtalanıb zehnimə hopurdu...

 

Budur, Hacı Bayram Sultan ikinci Murada oğlu Mehmetin Konstantinoplu fəth edəcəyi müjdəsini verir. Daha sonra Osmanlı hökmdarı ilə öz məsləhətlərini bölüşür...

 

Bir anlıq fasilə yaranır, başqa bir rəvayətin şüuraltımdakı təsirinin şiddətli oyanışı ilə

rastlaşıram. Nəsimi Hacı Bayram ilə diz-dizə oturub bir boşqab isti şorbanı içə-içə gülümsəyir. Təqiblərdən bezib uzaq ellərə üz tutmuş Azərbaycan şairi bir Anadolu şəhərində yorğun və ümidlidir. Hacı Bayramın müdrik kəlamlarından biri söylənilir:

 

“Dünya qəmindən, nəfsin sıxıntısından qurtulmaq istəyirsinizsə, qəbiristanlıqları tez-tez ziyarət edin” Nəsimi və Hacı Bayram bir süfrə başında qaranlığı, cəhaləti dəfn edib yeməkdən sonra əl açıb dua oxuyurlar. Duanın sözlərini eşitmədim, amma bilirəm, o sözlərdə azadlıq var idi...

 

Yenicə “Amin” deyilmişdi ki, əlində top yanımda oturmuş 5-6 yaşlı qızcığaz məni silkələdi: “Abi, ağlıyorsun”. Tələsik gözlərimi silib, gülümsədim. Uşaq güneydoğu ləhcəsi ilə danışırdı: “Abi, annem diyor ki, Allah beni seviyor. O herkesi sever. Seni de sevsin abi.”

 

Hicablı bir qadın anlamadığım sözlər ilə uşağı yanına çağıranda minarədən həmin səs gəlirdi: “Allahu Əkbər...”

 

seyid012@box.az

# 1898
avatar

Mirbəhram Əzimbəyli

Oxşar yazılar