Sovet qoşunlarının Əfqanıstandan çıxmasının 24 ili tamam oldu
15 fevral 2013 12:12 (UTC +04:00)

Sovet qoşunlarının Əfqanıstandan çıxmasının 24 ili tamam oldu

Bu gün Sovet ordusunun sonuncu əsgərinin Əfqanıstandan çıxmasının 24-cü ildönümü tamam olur. Bununla əlaqədar olaraq, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin üzvləri və Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun kollektivi Şəhidlər xiyabanını ziyarət ediblər.

 

Əfqanıstan Veteranları İctimai Birliyindən APA-ya verilən məlumata görə, Beynəlmiləlçi Döyüşçülər Fondunun prezidenti, Əfqanıstan və Qarabağ müharibəsinin veteranı Sərraf Orucov çıxışında bildirib ki, 25 dekabr 1979-cu il tarixindən, 15 fevral 1989-cu il tarixinə kimi, Sovet İttifaqının 40-cı ordusu Əfqanıstan ərazisində olduğu 10 il müddətində, beynəlmiləlçilik missiyasını yerinə yetirərək 416 iri miqyaslı hərbi əməliyyatlar keçirib.

 

Əfqanıstanda ümumi döyüşlərdə və keçirilmiş hərbi əməliyyatlarda Sovet ordusunun 14453 nəfəri həlak olub, 292 nəfəri itkin düşüb, 5753 nəfəri isə müxtəlif dərəcələrdə bədən xəsarəti alaraq yaralanıb. İtkilər bununla bitməyib, Əfqanıstandan qayıtdıqdan sonra da 3203 nəfər hərbçi aldıqları yaralar nəticəsində sonralar dünyasını dəyişib. Əfqanıstanda ümumi döyüşlərdə və keçirilmiş hərbi əməliyyatlarda Sovet ordusunun  86 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb (bunlardan 25 nəfəri ölümündən sonra) 200 minə yaxını isə müxtəlif döyüş orden və medallarla təltif olunub.

 

Qeyd olunub ki, Azərbaycandan 9500 nəfər azərbaycanlı döyüşçü Əfqanıstan müharibəsində iştirak edib. Onlardan 208 nəfəri hərbi əməliyyatlarda həlak olub, 450 nəfəri əlil olub, 7 nəfəri isə itkin düşüb, 1400 nəfər isə mülkü işlərdə xidmət edib. Azərbaycanın Əfqanıstan veteranlarının 4500 nəfəri təcrübəli keçmiş döyüşçü kimi, Azərbaycanın Milli Ordusunun yaranmasında xüsusi fəallıq göstərib ilk xüsusi təyinatlı batalyonu təşkil edib. Onlardan 76 nəfəri şəhid, 45 nəfəri əlil olub, 6 nəfəri isə itkin düşüb.

 

Əfqanıstan döyüşçülərinin erməni işğalçılarına qarşı gedən döyüşlərdə göstərdikləri qəhrəmanlıqlara görə 7 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, 37 nəfər Azərbaycan Bayrağı Ordeni, bir çoxları isə döyüş medalları ilə təltif olunub.

# 964
avatar

Oxşar yazılar