Bu gün Abşeron rayonu Saray qəsəbəsində yaşayan bir vətəndaş DİN-in "102" Xidməti Zəng Mərkəzinə müraciət edərək evinin həyətinə ayı balasının girdiyi barədə məlumat verib.
Daxili İşlər nazirliyindən Lent.az-a verilən məlumata görə, dərhal Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları deyilən ünvana yollanıb. Ayı balası polislər tərəfindən təhlükəsizlik tədbirləri görülməklə götürülüb və daha sonra aidiyyəti üzrə müvafiq dövlət orqanına təhvil verilib.
Ekologiyavə Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumatda isə qeyd olunub ki, Sumqayıtda bağ evlərinə girən ayı balası Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil veriləcək.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, hazırda ayı balasının Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına göndərilməsi üçün tədbirlər görülür.
"Ayı balası klinikada bir müddət reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq".
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Saray bağları ərazisindəki həyətlərə ayı balasının daxil olması ilə bağlı görüntülər yayılmışdı. Həmin bağlardan biri isə müğənni-bəstəkar Murad Arifə məxsus olub.