Bir ara köhnə bakılıları kövrəldən xəbər yayılmışdı: “ “Şərq bazarı” söküləcək!”. Artıq istifadəyə yararsız, köhnəlikdən nəfəsikəsilmiş çıxan bu bazar sökülmədi. Amma bütün köhnəliyini, özünəməxsus memarlığını qoruyaraq yaraşıqlı görkəmi ilə əvəz olundu.
“Şərq bazarı”ndayıq, ötən əsrin 80-ci illərindən bu yana istifadəyə verilən məkan yenidən qurulub. Ötən gün ölkə başçısı İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva açılışda iştirak ediblər.
Lent.az-ın əməkdaşı məkanın hazırkı vəziyyətindən yazır:
Əvvəla, onu qeyd edim ki, bura milli üslubu qoruyaraq restovrasiya olunub. İçəri daxil olanda milli musiqimiz bazarın müasirliyi ilə qədimliyi arasında vəhdəti ön plana çıxarır. Elə düşünürsən ki, şərq ölkələrinin birindəsən və hansısa abidəni ziyarət edirsən. Ümumi olaraq, burada hər şey şərq üslubu üzərində qurulub. Yəqin ki, yenidənqurmada əməyi keçən dizayner və memarlar elə hesab ediblər ki, həm kompleksin qədimliyini, həm də satış obyektlərini bu cür reklam edib insanları cəlb etsinlər. Uğurlu iş kimi görünürdü.
Bazarın girişində sadə və mədəniyyətimizi özündə büruzə verən mağazalar, sənət əsərlərini nümayiş etdirən müxtəlif iaşə obyektləri var. Hazırda təmiri hələ də başa çatmayan obyektlər də mövcuddur. Onlar iyun ayının ortalarına qədər mağazalarını istifadəyə verəcəklər.
Kompleksin ikinci mərtəbəsinə aram-aram qalxırıq. Burada “Sehrli bazar” adlı mağaza görürük. Satıcının sözlərinə görə, içəridə hələ ki, işlər gedir deyə daxil olmağa icazə yoxdur. Amma iyunun ortalarına kimi tam istifadəyə veriləcək.
Kompleksin əsas atributu olan gümbəzlər müxtəlif iaşə obyektlərinin təyinatına görə dizayn edilib. Bazara gələn alıcıların rahatlığını təmin etmək üçün zərgərlik, əl işləri yarmarkaları, “Sandıqca” incəsənət nümunələrinin satışı bölməsi, “Tamaşa”, kafe və restoranlar, “Sehrli bazar”, emalatxanalar və sair bölmələrin hər biri ayrıca gümbəz və hissələrdə cəmləşdirilib.
1980-ci illərdə kompleksin tikintisində çalışmış, indi də restovrasiyadan sonra ziyarətə gələn azərbaycanlı kişinin sözlərinə görə, əvvəlki vəziyyəti pərakəndə idi, lakin daha çox əlçatan olub:
“Sovet dövrünün süqutundan sonra bağlanan zavodların işsiz qalan fəhlələri İrandan və Türkiyədən daşıyıb gətirdikləri malları bu bazarda xırıd edirdilər. Bir aralar bu bazarda satılan mallar paytaxtın digər bazarlarında əl-əl axtarılardı…Yəni, nə axtarırdınsa, tapırdın burada. Amma indi görürəm ki, müasirləşsə də, bəzi çatışmazlıqlar qalıb. Məsələn, bax, mağazaları tez tapmaq, içəridə azmamaq üçün yolgöstərici tablo və ya işarələr qoysalar, lap yaxşı olar”.
Yeni bazar – yeni qiymətlər...
Yenilənən mağazaların gözoxşayan piştaxtalarında hər cür qiymətlər var. Məsələn, quru meyvələrin kilosu 5-18 manat arasında dəyişir, fındıq ləpəsinin yarım kilosu 8 manat, assorti paxlava 28-30 manat, Şəki paxlavasının 500 qramı 7 manat, balın 1 kiloqramı 35 manat, gil fincanlar 8-10 manat arasındadır. Hətta gil qablar satılan mağazanın satıcısı söylədi ki, müştərilər gəlib özləri də gildən fincan hazırlaya bilərlər. Həm düzəldib, həm də satın almaq mümkündür.
Bəzi mağazalar, məsələn, rəsm qalereyası, xalça və kəlağayı sərgisi, taxtadan düzəldilən əl işləri yarmarkaları həm də nümayiş məqsədilə müştərilərin üzünə açıqdır.
Bundan başqa, bəzi kafe və restoranlar hələ ki, istifadəyə verilməyib. Bazarın çöl tərəfində hələ də təmir işləri gedir və bulaq salınması üçün yer də qoyulub.
Bazarın arxa və giriş tərəflərində parkinq yerləri də var. Əvvəlki dövrlərdə pərakəndə şəkildə saxlanılan maşınların hərəkətinə maneçilik törətməsi bunun nə qədər lazımlı olmasını bir daha göstərir.
Xatırladaq ki, “Şərq Bazarı”nın ilkin layihələndirilməsi 1980-ci illərin məşhur memarları U.Revazov, Pavel Yarinovski və Anatoliy Bessonov tərəfindən icra olunub. 2017-ci ildən yenidən qurulmasına və ilkin funksiyasına qismən qaytarılması qərarı verilən “Şərq bazarı”nın hazırkı görkəmi ürəkaçandır. Nə qədər belə maddi-mənəvi məkanların restovrasiyaya ehtiyacı var. Onların da gözü yenilənmək üçün yol çəkir. Ümid edirik, lazımlı məkanlara da eyni diqqət və qayğı ayrılacaq.