Yer üzündə çox az dövlət var ki, uzun onilliklər ərzində bütün dünyanın diqqətini özünə cəlb etsin, gündəmdən çıxmasın.
Qərbdən İran, cənub və şərqdən Pakistan və şimaldan postsovet məkanı ilə həmsərhəd olan Əfqanıstan məhz belə dövlətdir.
Son günlər dünya mətbuat agentlikləri son iyirmi il ərzində ölkəni ələ keçirmiş Amerika qoşunlarının çıxması ilə, hakimiyyətin Taleban adlanan islami hərəkatın əlinə keçməsi ilə bağlı xəbərlər yaydılar. Və təbii ki, Əfqanıstan yenə dünya gündəmində ön sıranı tutdu və indi, bu ölkənin gələcəyi haqda söhbətlər möhkəm qızışdı.
Vəziyyəti tam aydınlaşdırmaq üçün məncə, ölkənin yaxın tarixinə də nəzər salmalı olacağıq. 1989-cu ildə Sovet qoşunları Əfqanıstandan çıxandan sonra, ölkədəki vətəndaş müharibəsini tam başa çatdırmaq Nəcibullanın başçılıq etdiyi demokratik respublikaya nəsib olmadı. Ölkənin şimalında səhra komandirlərinin bir qismi Şimal Alyansını yaratdılar və 1992-ci ilin avqustunda Kabulu tutaraq, tarixdə ilk demokratik Əfqan hökümətini devirdilər. O zamanlar hakimiyyət uğrunda Əhməd Şah Məsudla Gülbəddin Hekmətyar arasında qızğın mübarizə gedir, eyni zamanda, cənubda Taleban hərəkatı yenicə formalaşırdı. Dini mədrəsələrin tələbələrindən təşkil olunan və yalnız puştulardan ibarət yeni qüvvə özünü bütün əfqan xalqının müdafiəçisi elan etdi, xalqın maraqlarını qoruyacağını bildirdi və Şəriət qanunları əsasında idarə olunacaq islam dövləti qurmaq niyyətini qəti ortaya qoydu.
Hadisələrin hansı səmtə cərəyan edəcəyi barədə ağlabatan fikirlər yürütmək üçün, Əfqanıstanın etnik və milli tərkibinə də nəzər salmağında faydası var. 2018-ci ildə The Asia Foundation təşkilatının apardığı tədqiqata əsasən, ölkə əhalisinin 42 faizini puştular, 27 faizini taciklər, 9 faizini xəzərilər, 9 faizini özbəklər təşkil edir, bunlardan savayı, ölkədə aymaklar, türkmənlər, beluclar və sairə xalqların nümayəndələri yaşayır.
Ölkənin hakim dini İslamdır və əhalisinin 99 faizini təşkil edən müsəlmanlar arasında hənəfilər 80, şiə məzhəbindən olanlar isə 20 faiz təşkil edir. Ölkədəki 30 min xristianın əksəriyyəti xarici protestantlardır. Bundan başqa, Əfqanıstanda 15 min bəhai, 10 min induist, sikh və zərdüşti yaşayır.
Əfqanıstan zəif inkişaf etmiş aqrar dövlətdir, xarici yardımlardan son dərəcə asılıdır. Təsəvvür edin ki, 2009-cu ildə dövlət büdcəsi cəmi 3,3 milyard dollar təşkil edəndə, ölkəyə gələn yardımın məbləği 2.6 milyard təşkil edirdi. Elə həmin il adambaşına düşən umumdaxili məhsulun miqdarı cəmi 800 dollar təşkil etdiyindən, ölkə dünyada 219-cu yerdə idi.
Əfqanıstanın gələcəyi barədə indi hər yanda cürbəcür söhbətlər gedir. Məncə, bu söhbətlərə öz töhfəmizi verməmişdən, gəlin görək, indi hakimiyyətə gəlmiş Taleban əslində kimdir. Bayaq dediyim kimi, əsasən puştu xalqının təşkil etdiyi taliblər hərəkatı rəsmən 1994-cü ildə ölkədəki dini mədrəsələrin tələbələri – tüllablar arasında yaranmış, 1996-2001 ci illərdə ölkə hakimiyyətini ələ keçirməyə müvəffəq olaraq, “Əfqanıstan İslam Əmirliyi” adlandırdıqları dövləti yaratmışdılar.
2001-ci ilin 11 sentyabrında Amerikada baş verən ağır terror hadisəsindən sonra beynəlxalq terrorçu, bir zamanlar Birləşmiş Ştatların Əfqanıstandakı sovet qoşunları ilə mübarizədə istifadə etdiyi Usama ben Laden Əfqanıstanda sığınacaq tapır və Amerikanın ölkəyə girməsinə zahirən bu amil səbəb olur. Amma, daha ağlabatan qənaətə görə, əslində ben Laden amili daha çox bir bəhanə idi. İşğalın əsl səbəbi Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan arasında Amerikanın şərtlərinə əsasən çəkiləcək neft kəmərinin inşasına Talib hökümətinin razılıq verməməsi olub. Əgər belədirsə, deməli Amerikanın Əfqanıstana girəcəyi o məşhur terror hadisəsindən hələ altı ay qabaqdan həll olunmuşdu.
Daha bir maraqlı fakt: taliblərin o vaxt qurduğu Əfqanıstan İslam Əmirliyini dünyada rəsmən tanıyan üç dövlət vardı – Birləşmiş Ərəb Əmirlikləri, Pakistan və Səudiyyə Ərəbistanı...
Beləliklə, Amerika qoşunları ölkəyə daxil olandan sonra, məğlubiyyətə düçar olaraq, geri duran taliblər özlərinə əsas dayaq məntəqəsi kimi, Pakistanın şimalında yerləşən, yalnız 1947-ci ildə Pakistanın tərkibinə daxil olmuş Vəziristan əyalətini seçir və 2004-cü ildə orada “Vəziristan İslam dövləti” qururlar.
Bütün bu müddət ərzində ölkə içindəki dayaqlarını qətiyyən itirməyən taliblər yenidən hakimiyyətə gəldilər və Amerika Birləşmiş Ştatlarının bir həftə əvvəl qiyamçıların paytaxt Kabulu ən tezi 90 gün ərzində ələ keçirəcəyi ilə bağlı proqnozu darmadağın oldu və cəmi dörd gündən sonra ölkənin paytaxtı amerikapərəstlərin əlindən tam çıxdı.
Əslində, hadisələrin hansı məcrada cərəyan edəcəyi barədə indidən nələrsə demək mümkündür, amma, bugünkü şərhimin məqsədi daha çox, gələcək söhbətlərimizin obyektinə tez-tez çevriləcək. Əfqanıstanın real vəziyyəti ilə, neçə onilliklərdən bəri silahı əlindən yerə qoymayan əfqanların kimliyi ilə sizi qısaca tanış edib, tamaşaçını yaxın aylarda dünya gündəmindən heç bir halda çıxmayacaq bir ölkənin acı taleyi üzərində düşünməyə sövq etməkdir. Çünki, sirr deyil ki, predmeti öyrənmədən, onun gələcəyi haqda deyilən fikirlərin əksəriyyəti mənasız fərziyyəyə oxşayır və heç bir tətbiqi əhəmiyyət daşımır.
Hələlik isə, taliblər Əfqanıstanın prezident sarayının binaları ilə tanış olurlar. Gözləyək...