Polietilen torba
04 mart 2021 17:59 (UTC +04:00)

Polietilen torba

Bazarlıq torbasına da əlavə pul verəcəksiniz? - SORĞU

Bu ilin əvvəlindən səs-küy doğuran xəbərlər arasında polietilen torbalardan istifadənin məhdudlaşdırılması oldu.

Yeni qərara əsasən, qalınlığı 15 mikronadək olan torbaların satılması və istifadəsi qanunla qadağandır. Fevralın 14-də isə baş nazir Əli Əsədovun imzaladığı qərara görə, marketlərdə polietilen torbalar ayrıca məhsul kimi təqdim edilməlidir. Ekspertlər isə polietilen torbaların qiymətinin 5-10 qəpik olacağını bildirirlər. Onların sözlərinə görə, əhalini parçadan olan torbalara öyrəşməli və yeri gəldikdə üzərində parça torba gəzdirməlidirlər.

Mövzu ilə bağlı Lent.az-ın əməkdaşı Bakının mərkəzindəki bazarların birində çəkiliş aparıb. Çəkiliş zamanı heç bir satış məntəqəsində əlavə torbaların təklif edildiyini görmədik. İnsanların gələcəkdə polietilen torbaları pul verib almaları barədə sorğu apardığımız zaman isə cavablar müxtəlif oldu:

Bundan əlavə, polietilen torbalar ekologiyanın çirklənməsində böyük rol oynayır. Çünki, çəkisi yüngül olduğu üçün külək bu torbaları şəhərin küçələrinə yayır. Zibilxanaların ətrafında bu mənzərə daha da dəhşətlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Səyyarə Məmmədova bildirib ki, polietilen torbalar yüz illərlə çürümədən torpağa və suya qarışır. Onun sözlərinə görə, polietilen torbalar, məişətdə daha çox istifadə etdiyimiz nazik torbalar yüngül çəkili olduğu üçün küləklə ərazilərə yayılaraq su tutarları, çayları, gölləri, torpaq qatını çirkləndirir. Şöbə müdiri bildirib ki, həmin torbalar mikrohissəciklərə parçalanaraq heyvanların, quşların qida zəncirinə daxil olur və nəticədə onların məhvinə səbəb olur. Eyni zamanda belə torbalar qidaların saxlanılması da üçün istifadə edilir. Temperatur dəyişikliyində, istidə, soyuqda zəhərli maddələr qida ilə qarışır və sağlamlığımız üçün təhlükə mənbəyinə çevrilir.

Səyyarə Məmmədova bildirib ki, plastik torbaların əvəzinə alternativ kağız, bioparçalanan, parça, həsir torbalar istifadə olunmalıdır. O, müraciətində qeyd edib ki, orta müddətlə 15-20 dəqiqə istifadə edib atdığımız məhsulu evimizə gətirməklə özümüzün, övladlarımızın, gələcək nəsillərin sağlamlığına zərər verməyək.

Cərimələrə gəldikdə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Lent.az-a bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinə əsasən 2021-ci il yanvarın 1-dən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə məsuliyyət tədbirləri tətbiq edilir. Dövlət Xidmətindən sorğumuza cavabda qeyd olunub ki, yoxlamalar daxil olmuş müraciətlər əsasında bütün növ təsərrüfat subyektlərində keçirilə bilər. Polietilen torbaları pulla satmayan obyekt sahibləri haqqında cərimə nəzərdə tutulmadığı da vurğulanıb.

Bəs siz mağazada torbaya pul verəcəksiniz?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3099
avatar

Mehman Nəbiyev

Oxşar yazılar