Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları avtobuslarda cibgirliklə məşğul olan şəxsi saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Cəlil Səmədov tutularaq istintaqa təqdim edilib.
Cəlil Səmədov
Araşdırmalar zamanı Cəlil Səmədovun Nizami, Sabunçu və Binəqədi rayonlarında müxtəlif marşrutlarla hərəkət edən avtobuslarda qadınların çantalarından mobil telefonlar oğurladığı müəyyən edilib. Onun ticarət mərkəzlərində insanların sıxlığı müşahidə edilən yerlərdə də cibgirliklə məşğul olduğu da məlum olub.
Saxlanılan şəxsin avtobuslarda törətdiyi hadisələrin bir neçəsi, həmçinin, cibgirlik edəndən sonra həmin məkanlardan yayınması müşahidə kameraları vasitəsi ilə lentə alınıb. Cəlil Səmədovun paytaxt ərazisində hələlik 7 nəfərə qarşı cibgirlik etdiyi subuta yetirilib.
Saxlanılan şəxsin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, Bakı şəhər Baş Polis İdarəsinə və "102" Xidməti Zəng Mərkəzinə məlumat verə bilərlər.