Bu nalə, bu göz yaşları uzun illərdir doğma yurdunun həsrətində olan bir laçınlının sona çatan həsrətindən xəbər verir.
Lent.az xəbər verir ki, APA TV-nin bölgə müxbiri uzun illərdir vətən həsrəti çəkən Möhübbət Abdüləzimov və Xaliq Əliyevlə birlikdə onların ata ocaqlarına baş çəkib.
Ata ocağının xaraba qalmış ərazisində dolaşan Möhübbət Abdüləzimov hıçqırtılarını saxlaya bilmir. Ona hay verməyəcəyini bilsə də, hayqıraraq atasını çağırır. Nə vaxtsa yurd yeri olan bu kənddə, indi tək-tük dağıdılmış ev divarlarından, məhv olmuş, kolluğu xatırladan bağlardan, içində xatirələr bişən boş qalmış kahadan başqa bir şey görünmür. 15-16 yaşlarında evlərini tərk edən bu insanlar bu gün doğma Fingə kəndində hansı evin kimə məxsus olduğunu dəqiq xatırlayırlar.
Səfərimizi yuxularımızı çin edən, arzularımızı reallaşdıran, Azərbaycanın qeyrət və şücaət rəmzi olan ordumuzu düşünərək minnətdarlıq, yenilməzlik və gələcəyə inam hissi ilə başa vurduq.
Əziz laçınlılar, doğma vətən qollarını açıb sizi gözləyir. Sizin onu sevdiyiniz qədər o da sizi sevir, onun üçün darıxdığınız qədər o da sizin üçün darıxır.