Elşad İskəndərov
04 aprel 2022 20:15 (UTC +04:00)

Elşad İskəndərov

Polkovnik oğlu, nazir qaynı, siyahıda 2-ci - UNUDULAN MƏMURLAR

Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…

İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihəmizdə bu dəfə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İskəndərovdan bəhs edəcəyik. 

Elşad Hüseyn oğlu İskəndərov 21 may 1972-ci ildə Bakıda anadan olub. O, orta təhsilini də Bakıda 8 saylı məktəbdə alıb. Elşad İskəndərov Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Daha sonra isə Kolumbiya universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə magistr təhsili alıb. 
O, “Tarix” qəzetinin redaktoru, Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin I katibi, İslam Konfransı İstanbulda yerləşən baş ofisində baş katib vəzifələrində çalışıb. 1999-cu ildən isə Xarici İşlər Nazirliyində çalışmağa başlayıb. 

Sabiq sədr 2012-ci ilin 31 mayından 2014-cü ilin 2 maya qədər  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb. 

Elşad İskəndərov 2004-cü ildə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Baş Katibi seçilib. Sonra isə İslam Konfransı Təşkilatı Dialoq və Əməkdaşlıq uğrunda gənclər forumunun İstanbulda yerləşən baş ofisində baş katib vəzifəsində çalışıb. Ona Azərbaycanın Fövqaladə və Səlahiyyətli Səfir rütbəsi verilib.

İskəndərov 2014-cü ildən başlayaraq 4 il Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun sədri vəzifəsində də çalışıb.

Mətbuatda yazılanlara görə, Elşad İskəndərovun Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad olunmasına səbəb adının “Nurçu”larla hallanması olub. 

Hətta o zaman Elşad İskəndərovun Türkiyəyə girişinə qadağa qoyulması haqqında da xəbərlər yayılmışdı. Sabiq sədr isə həmin xəbərləri yalan adlandırmışdı. 

Həmçinin onu da qeyd edək ki, Elşad İskəndərov hazırda xarici işlər naziri olan Ceyhun Bayramovun qaynıdır. 

2020-ci ildə onun Ceyhun Bayramovun kollektivə təqdim edildiyi görüşə maska taxmadan gəlməsi ciddi tənqid olunmuş və bu barədə görüntüləri sosial şəbəkələrdə paylaşılmışdı. Onun atası polkovnik Hüseyn İskəndərov isə mərhum prezident Ayaz Mütəllibovun dövründə Dövlət Təhlükəsizlik Komitəsinin təsərrüfat idarəsinin rəisi vəzifəsində işləyib. 

Elşad İskəndərov Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının təsisçilərindəndir.

Ailəlidir, 2 oğlu, 1 qızı var. O, hazırda Xarici İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar üzrə səfiridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15213
avatar

Aytəkin Cəlali

Oxşar yazılar