Pənah Hüseyn
25 aprel 2022 20:15 (UTC +04:00)

Pənah Hüseyn

Fəhlə, müəllim, baş nazir və efirdə əlbəyaxa dava – UNUDULAN MƏMURLAR

Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…

İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihəmizdə bu dəfə sabiq baş nazir Pənah Hüseyndən bəhs edəcəyik. 

Pənah Çodar oğlu Hüseyn 28 oktyabr 1957-ci ildə Sabirabad rayonunun Qaraqaşlı kəndində anadan olub. O, 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 

Sabiq nazir Sabirabad rayon kolxozlararası tikinti idarəsində fəhlə, məktəb müəllimi, rayon tarix muzeyinin işçisi olub. 1986-cı ildən Elmlər Akademiyasında Fəlsəfə və Hüquq İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışıb.

O, 1988-1991-ci illərdə azadlıq hərəkatında iştirak edib və Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biridir. 

1992-ci ildə Dövlət katibi, 1993-cü ildə isə 2 ay müddətində baş nazir olub. O, Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun elmi işçisi olub. Azərbaycan Xalq Partiyasının sədridir.

Sabiq nazir 2005-ci il noyabrın 6-da 63 saylı Sabirabad birinci seçki dairəsindən III çağırış Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin və Azərbaycan-Fransa, Gürcüstan, İran, Rusiya, Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.

Sabiq baş nazir müsahibələrinin birində deyir:

“1993-cü ilin fevralın 8-də prezident Elçibəyin rəhbərliyi ilə baş prokuror, milli təhlükəsizlik naziri, dövlət müşaviri və digər şəxslər Gəncədə səfərdə idi. Məhz bu ərəfədə AXC İcraiyyə Komitəsinin məlum bəyanatı efirdə səsləndi. Bu bəyanat televiziyada oxunduqdan 10 dəqiqə sonra müdafiə naziri Rəhim Qazıyev mənimlə əlaqə saxlayıb əvvəl hədə-qorxu gəldi, daha sonra bəyan etdi ki, təyyarələri qaldırıb Prezident Aparatını darmadağın edəcək”.

Pənah Hüseyn tez-tez debatlarda qalmaqallar yaşayır. Elə, o, canlı efirdə politoloq Tofiq Abbaslı ilə əlbəyaxa dava etməsi ilə də mətbuatın gündəmində olub. Pənah Hüseyn həmin davaya belə münasibət bildirib:

“Gərək belə hallar verilişdə olmasın. Uşaqlıqdan belə şeylər baş verir. Mən demirəm ki, xüsusi peşmançılığım var. Sadəcə, gərək, olmayaydı. Hər halda, yaşımız da o yaş deyil”.

O, hazırda da Azərbaycan Xalq Partiyasının sədridir. Rus və ingilis dillərini bilir. Ailəlidir, 3 övladı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8148
avatar

Aytəkin Cəlali

Oxşar yazılar