Böyük Britaniya və ABŞ-dan olan tədqiqatçılar qrupu xərçəng hüceyrələrinin hüceyrə membranlarında deşiklər açaraq onları öldürməyə qadir olan yeni tip molekulyar maşın hazırlayıblar.
Lent.az xəbər verir ki, qazma prosesi ultrabənövşəyi işığın təsiri altında saniyədə 2-3 milyon sürətlə fırlanan molekulların hissələrindən istifadə etməklə həyata keçirilir.
Molekulyar maşınlar xəstənin bədəninə mövcud üsullardan biri ilə daxil edilir. Bu molekullar qana daxil olduqdan sonra xüsusi kimyəvi xüsusiyyətlərinə görə xərçəng hüceyrələrini özləri aşkarlayaraq onların səthinə yapışırlar. Kənardan verilən ultrabənövşəyi işıq molekulyar maşının “qazmasını” işə salır və xərçəng hüceyrəsinin hüceyrə membranında onun ölümünə səbəb olan deşik yaranır.
Təcrübələr göstərdi ki, molekulyar maşınlar prostat xərçəngi hüceyrələri aktivləşdirildikdən cəmi üç dəqiqə sonra onları məhv edə bilib.