“Biz hesab edirik ki, Azərbaycanda uşaqlar gəlib təyyarəyə yaxud PUA-lara toxunmalıdır ki, gələcəkdə bəlkə ölkələrimizin təhlükəsizliyini qoruyacaq təyyarə istehsal etsinlər, bu da kosmosa çıxmağ üçün vəsilə ola bilər”.
Son günlər çoxlarının dillərində əzbər etdiyi bu fikirlərin müəllifi Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Selçuk Bayraktardır. “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində ölkəmizə gələn Selçuk Bayraktar Azərbaycanda bu tədbirə marağın böyük olmasına təəccübünün gizlətməmişdi.
Bəli, bu həmin tədbir idi ki, 2022-ci ilin may ayının son günlərini bizim üçün unudulmaz etmişdi. Məhz ənənəyə sadiq qalaraq Azərbaycanın belə bir tədbirə uğurla ev sahibliyi etməsi bütün dünyada əks səda verib.
Selçuk Bayraktar
Belə ki, mayın 26-29-u tarixlərində baş tutan “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı zamanı 300 000-ə yaxın insan şouları və stendlərdə nümayiş edilən texnoloji məhsulları birbaşa izləyib. Bir faktı nəzərə çatdırmaq kifayətdir ki, təkcə festivalın “Smart Qarabağ” Hakatonuna qatılmaq üçün 188 nəfərdən formalaşan 82 komanda müraciət edib, amma onlardan yalnız 30-u seçilib.
Festivalı əhəmiyyətli və unudulmaz edən bir neçə əsas məqam var.
Birincisi, “TEKNOFEST” Festivalı ilk dəfə idi ki, Türkiyədən kənarda qeyd edilirdi və bu baxımdan da xarici ölkə kimi ilk Azərbaycanın seçilməsi heç də adi fakt deyil.
Digər önəmli cəhət isə onun açılışında Azərbaycan və Türkiyə liderlərinin, həmçinin dünyaşöhrətli türkiyəli alim, Nobel mükafatı laureatı, professor Əziz Səncərin iştirakıdır.
Bir məsələni xüsusi vurğulamaq lazımdır ki, açılış mərasimi məhz 28 may Azərbaycanın Müstəqillik Gününə təsadüf edirdi.
Prezident İlham Əliyev
“TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı qeyd edib ki: "Bu gün Azərbaycanda bayram günüdür, Müstəqillik Günüdür, bizim ən əziz bayramımızdır. Bu bayramı ikiqat bayram edən əziz qardaşımın bizimlə bərabər olmasıdır. Xahiş edirəm, bütün Azərbaycan xalqı adından Türkiyə Respublikasının Prezidentini və onunla bərabər Azərbaycana gəlmiş bütün bacı-qardaşlarımızı səmimiyyətlə salamlayaq.
Yüz dörd il əvvəl müsəlman aləmində Azərbaycan xalqı ilk Xalq Cümhuriyyətini qurmuşdur. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, iki ildən sonra süqut etdi və Azərbaycan öz müstəqilliyini itirdi. Yalnız 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və 30 ildir Azərbaycan xalqı azad yaşayır, müstəqillik şəraitində yaşayır, öz həyatını özü qurur və müstəqillik yolu ilə inamla gedir. Bu 30 il ərzində türk qardaşlarımız daim bizim yanımızda olublar. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir”.
Azərbaycan-Türkiyə münasibətlərinin tarixi kökləri olduğunu qeyd edən ölkə başçısı “TEKNOFEST”in əhəmiyyətindən də danışıb:
“Bu gün “TEKNOFEST” bizim birliyimizin növbəti nümayişidir, onun təzahürüdür. “TEKNOFEST” elm, inkişaf, bilik, texnologiya bayramıdır. Əminəm ki, “TEKNOFEST”də iştirak edən gənclər bu tarixi günü hər zaman yadda saxlayacaqlar. Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu, bir-birini tanıdı və əminəm ki, gələcəkdə də daim bir yerdə olacaqlar”.
“TEKNOFEST Azərbaycan”da çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bildirdi ki, festival Azərbaycan gənclərinin bacarıqlarının, istedadlarının üzə çıxmasında əhəmiyyətli rol oynayacaq:
“Bu gün “TEKNOFEST”i ölkə xaricində ilk dəfə Can Azərbaycanda təşkil etməyin həyəcanını və haqlı qürurunu sizinlə bölüşürük. Bura Azərbaycan gəncliyinin bacarığını, istedadını nümayiş və inkişaf etdirməsi üçün önəmli bir platformadır. “TEKNOFEST” yarışlarında öz işləri ilə fərqlənən siz gənclərimiz sabahın pilotsuz uçuş aparatlarını, süni zəkalarını, rəqəmsal texnologiyalarını istehsal edən və inkişaf etdirən alimləri olacaqsınız. Azərbaycan ilə birlikdə hələ neçə layihələrdə gənclərimizə yeni üfüqlər açmağı və milli texnoloji həmləmizi birlikdə reallaşdırmağı davam edəcəyik.
“TEKNOFEST Azərbaycan”da Türk Dövlətləri Təşkilatını təmsil edən qonaqlarımızın da yer alması məmnunluğumu daha da artırır. Türk dünyasının ən müasir texnologiyalar istehsal edəcək gənc nəsillərlə mühüm nailiyyətlər əldə edəcəyinə ürəkdən inanıram. “TEKNOFEST”çilər bu günə qədər Türkiyədə son dərəcə gözəl layihələrə imza atdılar. Azərbaycanda da eyni uğuru əldə edəcəyimizə şübhə etmirəm. Türk Dövlətləri Təşkilatının da bu cür platformalarda təməlləri qoyulacaq yeni və daha böyük əməkdaşlıqlarla ortaq gələcəyimizdə daha güclü bir mövqeyə çatacağına inanıram”.
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev də festivalın yüksək səviyyədə keçirildiyini və bu prosesdə gənclərin xüsusi rolunun olduğunu qeyd edib.
"Son 4 gün ərzində həyəcan, gərginlik və məhəbbət dolu günlər yaşadıq. “TEKNOFEST” Azərbaycana nə verəcək sualına cavab olaraq qeyd etmək istəyirəm ki, bu bizim gənclərin kütləvi olaraq elmə, texnologiyalara, innovasiyalara olan marağının artırılması üçün bir təkanverici qüvvə olacaq. Bu baxımdan onların istər məktəbdə, istər universitetdə əldə etdikləri bilik və bacarıqların praktik müstəvidə həyata keçirilməsi üçün çox yaxşı bir zəmin olacaq.
300 minə yaxın izləyicinin maraqla qatıldığı festivalın təşkilində əməyi keçən hər bir kəsə təşəkkürümüzü bildiririk. İnanıram ki, cənab Prezident İlham Əliyevin himayəsi ilə keçirilən “TEKNOFEST Azərbaycan”ın texnoloji müsabiqələri, tədbirləri gənc nəslin texnologiyalara marağının artmasına və innovasiya proseslərinin birbaşa iştirakçısına çevrilməsinə səbəb olacaq".
“TEKNOFEST”in Azərbaycan elminin inkişafına mühüm töhfə verəcəyini deyən AMEA-nın vitse-prezidenti, Akademiyanın “TEKNOFEST Azərbaycan” Festivalında iştirakı üzrə İşçi qrupunun sədri, akademik Rasim Əliquliyev hesab edir ki, belə tədbirlərin keçirilməsi dördüncü sənaye inqilabının çağırışlarına cavab verən cəmiyyət qurmaq üçün lazımdır:
“Ölkəmizin artıq texnologiya festivalına ev sahibliyi etməsi dövlət başçısının Azərbaycan elminə göstərdiyi xüsusi diqqət və İKT sahəsində apardığı məqsədyönlü siyasətin nəticəsidir. “TEKNOFEST Azərbaycan” Festivalı davam etdiyi 4 gün ərzində həm AMEA-nın ayrı-ayrı institutları, həm ali təhsil müəssisələri, həm özəl sektor, həm də müxtəlif dövlət qurumları özlərinin ideya və təkliflərini qonaqlarla bölüşdülər. Təbii ki, belə tədbirlərdə fikir mübadiləsinin aparılması gələcəkdə çox böyük uğurlu elmi kəşflərə təkan verir. Elmi nailiyyətlərlə yanaşı “TEKNOFEST Azərbaycan” biznes imkanları baxımından da unikal platforma rolunu oynamağı bacardı.
Rasim Əliquliyev
IV Sənaye İnqilabının yaratdığı yeniliklər də texnoloji cəmiyyətin qurulmasını tələb edir.
Məhz bu gün innovativ inkişaf yolunu tutan ölkəmizin belə bir tədbirə ev sahibliyi etməsi innovasiyaya meyilli digər ölkələrin də Azərbaycana marağını artıracaq. Həmçinin bir çox transmilli şirkətlərin Azərbaycanı regional mərkəz kimi seçməsi üçün “TEKNOFEST Azərbaycan” unikal imkanlar yaratmış oldu”.
İnformasiya texnologiyaları üzrə ekspert Mehman İsgəndərov da “TEKNOFEST Azərbaycan”ın iştirakçıları arasında olub. Təəssüratlarını bölüşən mütəxəssis etiraf edir ki, festivala bu qədər marağın olacağını düşünməyib:
“Festivalın davam etdiyi 4 gündə ziyarətçilərin böyük marağı ilə qarşılaşdıq. Düzü “TEKNOFEST Azərbaycan”ın maraqlı keçəcəyini düşünürdük, amma bu qədər həyəcanlı olacağını deyil. Təbii ki, yüksək səviyyədə təşkilatçılıq bütün qonaqları və ziyarətçiləri lazımi qaydada ağırlamağa imkan verdi.
Mehman İsgəndərov
Bir faktı qeyd edim ki, “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı bir çox iştirakçılara yeni investisiya və biznes imkanlarının genişləndirilməsi şansı yaratdı. Azərbaycan gəncinin beyninin məhsulu olan belə innovativ təkliflərin beynəlxalq aləmə çıxarılması üçün ilk və uğurlu addım hesab edirəm”.
Qeyd edək ki, mayın 26-29-da Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının sərgi hissəsində Azərbaycandan 24, Türkiyədən isə 36 stend qurulmuşdu.
“Take Off Baku” Startap Sammitində qlobal bazarlara çıxış potensialı olan startapçılar, yerli və əcnəbi mentorlar, xarici ölkələrdən investorlar və vençur fondları iştirak edib.
Tədbirdə iştirak üçün dünyanın 32 ölkəsindən 287 startap (101-i Azərbaycan startapı olmaqla) müraciət edib. Onlardan 15-i xarici ölkə (ABŞ, Argentina, Estoniya, İordaniya, Misir, Pakistan, Türkiyə), 35-i yerli olmaqla 50 startap seçilib.
Startaplar pitçinq, innovativlik, müştəriyönümlülük, rəqabətədavamlılıq, məhsul təklifi, kommersiyalaşdırılma potensialı və komanda səriştəliliyinə görə qiymətləndirmə prosesindən keçiblər.
Finala vəsiqə qazanmış 25 startapdan 14-ü Azərbaycanı, 4-ü Türkiyəni, 3-ü ABŞ-ı, 1-i Misiri, 1-i Pakistanı, 1-i Argentinanı, 1-i Estoniyanı təmsil edib.
“Take Off Baku” Startap Sammiti üzrə mükafat fondu 1-ci yer üzrə 15 000 ABŞ dolları, 2-ci yer üzrə 10 000 ABŞ dolları və 3-cü yer üzrə isə 5 000 ABŞ dolları təşkil edib.
Bundan əlavə xəbər vediyimiz kimi “Smart Qarabağ” Hakatonu tədbirində iştirak üçün 188 nəfərdən formalaşan 82 komanda müraciət edib. Onlardan 30 komanda finala vəsiqə qazanmışdı.
Azərbaycandan 20 və Türkiyədən 10 komanda işğaldan azad edilmiş Qarabağın bərpası istiqamətində təhsil, kənd təsərrüfatı, nəqliyyat, ev təsərrüfatı, enerji sərfiyyatı, su sərfiyyatı, ətraf mühit və təhlükəsizlik sahələrində “Ağıllı həllər” hazırlayaraq münsiflər heyətinə təqdim edib.
Qeyd edək ki, “Smart Qarabağ” Hakatonu üzrə mükafat fondu 1-ci yer üzrə 10 000 ABŞ dolları, 2-ci yer üzrə 5 000 ABŞ dolları və 3-cü yer üzrə isə 3 000 ABŞ dolları təşkil edib.