Əgər telefonunuzun ekranının yuxarı hissəsində kiçik yaşıl nöqtə görmüsünüzsə, təşvişə düşməyə ehtiyac yoxdur.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bu, nə virusdur, nə də sistem xətasıdır. Əslində bu funksiya Android 12 və daha yeni versiyalarda mövcud olan təhlükəsizlik göstəricisidir.
Yaşıl nöqtə nə deməkdir?
Yaşıl nöqtə telefonunuzda hər hansı tətbiq kamera və ya mikrofonu istifadə etdikdə avtomatik olaraq görünür. Məsələn:
videozəng zamanı,
səsli mesaj yazarkən,
foto və ya video çəkərkən.
Bu indikator əlavə ayar tələb etmir və real vaxt rejimində işləyərək telefonun sensorlarına hansı tətbiqin giriş əldə etdiyini göstərir. Oxşar təhlükəsizlik funksiyası digər şirkətlərdə də mövcuddur, o cümlədən Apple cihazlarında. Bu, mobil əməliyyat sistemlərində istifadəçi məxfiliyinin artırılması siyasətinin bir hissəsidir və Google da bu istiqamətdə aktiv addımlar atır.
Yaşıl nöqtə səbəbsiz görünərsə, nə etməli?
Əgər yaşıl nöqtə kamera və ya mikrofon istifadə etmədiyiniz halda yanırsa, arxa planda işləyən tətbiqləri yoxlamaq məsləhətdir.
Bunun üçün:
Ekranın yuxarısından aşağı sürüşdürərək bildiriş panelini açın. Göstəricinin üzərinə toxunun sistem kamera və ya mikrofonu istifadə edən tətbiqi göstərəcək. Bu funksiya telefonunuzda mümkün gizli izləməni aşkar etməyə kömək etdiyi üçün onu söndürmək mümkün deyil. Lakin müəyyən tətbiqlərin kamera və ya mikrofona girişini məhdudlaşdıra bilərsiniz. Bunun üçün telefonun “Tətbiqlər” bölməsinə daxil olub “Tətbiq icazələri” hissəsində lazımi ayarları dəyişmək mümkündür. Əgər “idarəetmə mərkəzi”ndə hansısa tətbiqin tez-tez aktiv olduğunu görürsünüzsə, bu, məxfilik baxımından risk yarada bilər. Belə halda həmin proqramın kamera və mikrofon icazəsini bağlamaq və ya tətbiqi tam silmək tövsiyə olunur.
Mütəxəssislər qeyd edir ki, məsələn, brauzer proqramlarının mikrofon icazəsinə çox vaxt ehtiyacı olmur, buna görə bu icazəni deaktiv etmək təhlükəsizlik baxımından faydalı ola bilər.
