Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb.
Lent.az “technote”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Texnologiyalar və sənaye naziri Mustafa Varank “Twitter” hesabında bildirib.
Qeyd edilib ki, hibrid raket mühərrikinin testi İstanbula yaxın olan Şile rayonunda baş tutub. Növbəti test mərhələsinin isə gələn ay Türkiyənin şimalında yerləşən Sinop rayonunda keçiriləcəyi planlaşdırılır.
Əlavə olaraq “Sonda” adlı raketin mühərrik təchizatı da testdən keçirilib.
Ankara Ay missiyanı 2 mərhələdə reallaşdırmağı planlaşdırır. Birinci mərhələ 2023-cü ildə, ikinci mərhələ isə 2028-ci ildə baş tutmalıdır.
Birinci mərhələ çərçivəsində pilotsuz kosmik aparat Ay səthinə eniş etməlidir. Bu layihə beynəlxalq şirkətlərlə əməkdaşlıq çərçivəsində reallaşdırılacaq.
Xatırladaq ki, fevralın 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan milli kosmik proqramını anons etmişdi. Beləliklə, bu proqram çərçivəsində Ankara özünün kosmodromunu yaratmağı, türk vətəndaşını kosmosa göndərməyi, mülki və hərbi ehtiyaclar üçün yeni peyklərin istifadəyə verilməsini nəzərdə tutur.