Avropolun (Avropa Birliyinin polis xidməti) rəhbəri Catherine De Bolle böyük texnoloji şirkətləri şifrələməyə dair mövzularda hüquq mühafizə orqanları ilə əməkdaşlıq etməyə çağırıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə əsasən əks halda həmin şirkətlər Avropa demokratiyasını təhlükə altına atmaq riskini formalaşdırırlar. Catherine De Bolle bildirib ki, böyük texnoloji şirkətlər cinayətkarlar tərəfindən anonimliyin qorunması üçün istifadə edilən şifrələnmiş mesajların polislərə təqdim edilməsi mövzusunda sosial məsuliyyət daşıyırlar. De Bolle şirkət rəsmiləri ilə Davosdakı Ümumdünya İqtisadi Forumunda görüşməyi planlaşdırır.
De Bolle-nin fikrincə anonimlik əsası təşkil edən hüquq deyil. “Biz axtarış aparmaq üçün nəzərdə tutulmuş rəsmi çıxarışa sahib olduğumuz halda evin qarşısında dururuq və evin qapısı bağlıdır. Lakin siz dəqiq şəkildə bilirsiniz ki, cinayətkar məhz evin içində yerləşir. İnsanlar bu halda sizin evə daxil ola bilməməyinizlə barışmayacaqlar” - deyə De Bolle qeyd edib. De Bolle hesab edir ki, polis hüquq pozuntuları ilə mübarizə aparmaq yolunda mesajların deşifrələnməsi imkanlarına sahib olmalıdır. “Bunsuz siz, demokratiyanı təmin edə bilməzsiniz” - deyə De Bolle əlavə edib. Qeyd etmək lazımdır ki, texnoloji şirkətlər ilə hüquq-mühafizə orqanları arasında artıq uzun müddətdir ki, gərginlik mövcuddur.
Bunun səbəbi isə şirkətlərin öz messencerlərində ikitərəfli şifrələmədən istifadə etmələridir. Bu öz növbəsində polislər tərəfindən müxtəlif cinayət işləri üzrə aparılan istintaqlarda məlumatların əldə edilməsi prosesini çətinləşdirir. Keçən ilin aprel ayında Avropanın polis xidmətlərinin rəhbərləri şifrələnmənin müxtəlif cinayətlər üzrə aparılan istintaqlara mane olmaması üçün dövlətləri və biznesi ortaq həll yolunun tapılmasına çağırmışdılar. Texnoloji şirkətlər hüquq-mühafizə orqanlarının bu cür hüquqi iddialarına ardıcıl olaraq müqavimət göstərirlər. Onlar arqument kimi bunun öz istifadəçilərinin konfidensiallıqlarını və təhlükəsizliklərini risk altına atacağını səsləndirirlər.
Şirkətlərin şifrələmə mövzusunda hüquq-mühafizə orqanları ilə əməkdaşlıq cəhdləri konfidensiallıq tərəfdarları tərəfindən olan sərt müqavimət ilə qarşılaşırlar. Almaniya da daxil olmaqla Avropa Birliyinə üzv olan bəzi ölkələr də hüquq-mühafizə orqanlarına özəl mesajların təqdim edilməsi mövzusunda daha geniş imkanların verilməsi ideyasına skeptik yanaşırlar. De Bolle həmçinin qeyd edib ki, o, Avropol tərəfindən aparılan istintaqlarda süni zəkanın istifadə imkanlarının genişləndirilməsini istəyir. Qeyd etmək lazımdır ki, Avropol öz iri həcmli məlumatlarından istifadə edərək terrorizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi və dələduzluq kimi sahələrdə dövlətlərə ağır və mütəşəkkil cinayətlərlə mübarizə aparmaqda yardımçı olur.
Məsələn, keçən il Avropol, FBI və ABŞ Ədliyyə Nazirliyi ilə birlikdə dələduzluqla məşğul olmuş Lockbit adlı haker qruplaşmasının fəaliyyətini sonlandırmışdı. Bundan əlavə olaraq bu hüquq-mühafizə təşkilatı Avropadakı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə də böyük rol oynamışdı. Belə ki, Avropol bu mövzudakı cinayətkarların EncroChat və Sky ECC adlı platformalardakı istifadə etmiş olduqları şifrələnmiş mesajların deşifrələnməsində yardımçı olmuşdu. Həmin mesajların tərkib hissələrinin ələ keçirilməsi öz növbəsində çoxlu sayda cinayət işinin açılmasına və çoxlu sayda cinayətkarın yaxalanmasına imkan vermişdi.