Amazon şirkəti illərlə saytların veb trafik analizlərini aparmağa imkan verən məşhur Alexa servisini bağlayacağını elan edib.
Lent.az technote-a istinadən bildirir ki, internetin daimi inkişafı nəticəsində sözügedən servis əvvəlki mənasnı itirib və onun dəstəyinin dayandırılmasına qərar verilib. Verilmiş məlumata əsasən Amazon bu servisi gələn il bağlayacaq. Qeyd etmək lazımdır ki, Alexa.com artıq 25 ildir ki, fəaliyyət göstərir. Sözügedən servisi yaratmış şirkət 1996-cl ildə təsis edilmişdi. Servisin ən geniş inkişaf dövrü 2000-ci illərə təsadüf edir.
Onun özəllikləri arasında Alexa Traffic Rank kimi alətlər var. Məsələn Alexa Traffic Rank sayta daxil olan istifadəçilərin sayı və baxılan səhifələrin analitikası sayəsində bu və ya digər saytın nə dərəcədə məşhur olmasını təyin etməyə imkan verir. Bəzi saytların sahibləri üçün bu cür göstəricilər vacib xarakter daşıyırdılar. Belə ki, məhz həmin göstəricilərin əsasında saytlar reklam verənlər ilə müqavilələr bağlayırdılar. Amazon isə 1999-cu ildə Alexa.com-u 250 milyon dollara almışdı və həmin vaxtdan Alexa.com servisi Amazon şirkətinin tərkib hissəsi kimi çalışmağa başladı.
Servisin yaradıcılarının sözlərinə əsasən onlar servisi məşhur İskəndəriyyə kitabxanasının şərəfinə adlandırıblar. Bir neçə ildən sonra isə Amazon şirkəti öz səsli köməkçisini də eyni ad ilə adlandırdı. Alexa.com saytı gələn ilin 1 may tarixində deaktiv ediləcək. Servis artıq yeni istifadəçilərin qeydiyyatlarını dayandırıb. Köhnə istifadəçilər isə gələn ilin 1 may tarixinə kimi servisdən istifadə edə bilərlər. İnternetdə gəzən bir çox məlumata əsasən Amazon Alexa.com domenini məhz səsli köməkçisi üçün istifadə edəcək.