Son illərdə texnologiya şirkətləri ilə bağlı məlumat qalmaqallarına yenisi əlavə edilib. ABŞ-da yerləşən Google şirkəti istifadəçilərin biometrik məlumatlarını qanunsuz toplamaqda ittiham olunub və bu məlumatlardan pul qazandığı iddiası ilə məhkəməyə verilib.
Lent.az-ın tech.az-a istinadla xəbərinə görə, ABŞ-ın Texas ştatının rəsmiləri hesab edir ki, ştatda milyonlarla insanın biometrik məlumatı Google Photos, Assistant və Nest Hub Max kimi məhsullar vasitəsilə qanunsuz olaraq toplanıb.
Texasda on ildən çoxdur ki, şəxslərin razılığı olmadan fotoşəkillərin, audio yazıların və digər biometrik məlumatların toplanması qadağan edən qanun mövcuddur. Dövlət rəsmiləri "Google"un bu qanuna əməl etmədiyini iddia edərək məhkəməyə müraciət ediblər. İddiaya görə, şirkət bu qanunu açıq şəkildə pozub və 2015-ci ildən bəri minlərlə insandan biometrik məlumat toplayıb və onların üzlərindən və səslərindən kommersiya məqsədləri üçün istifadə edib.
Vurğulayaq ki, oktyabrın əvvəlində də Arizona ştatı istifadəçilərin məkan məlumatlarını qanunsuz topladığına görə şirkəti 85 milyon dollar cərimələyib.