İsveçrə hökuməti intihar üçün nəzərdə tutulmuş xüsusi kapsulların istifadəsinə rəsmən icazə verib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, qaydaya görə, bu kapsullardan istifadə zamanı həkimin mütləq iştirakı tələb olunmur, həmçinin, psixoloqdan xüsusi icazə də almağa ehtiyac qalmır.
Sözügedən texnologiya evtanaziya prosesini təkcə ixtisaslaşdırılmış klinikaların divarları əhatəsində deyil, təbiət qoynunda da reallaşdırmağa imkan verəcək.
Preparatı qəbul edəndən 3-5 dəqiqə sonra insan yuxuya gedir, 5-10 dəqiqədən sonra dərin komaya düşür və növbəti mərhələdə artıq vəfat edir.
Qeyd edək ki, intihar üçün nəzərdə tutulmuş xüsusi kapsulları “Exit International” şirkəti istehsal edir. Kapsullar 3D printerdə çap olunur.
Şirkətin hazırladığı “Sarco” adlı kapsullardan isə daha fərqli şəkildə istifadə edilir. Onların istifadələri çərçivəsində insan hər hansısa preparatı qəbul etmir. “Sarco” intihar etmək qərarını vermiş şəxs tərəfindən kapsul daxilində aktivləşdirilir. Daha sonra kapsulda mövcud olan təhlükəsizlik sistemi həmin şəxsə müəyyən suallar verir. Şəxs qərarı təsdiqlədikdən sonra xüsusi düyməyə klikləməklə evtanaziya prosesini işə salır. Kapsulun aktiv fazası 30 saniyə çəkir. Bu müddət ərzində kapsulun daxili hissəsi azot qazı ilə dolur. O isə öz növbəsində oksigen miqdarını 21%-dən 1%-ə endirir. Huşunu itirməmişdən öncə kapsul daxilindəki şəxs yüngül eyforiya yaşayır. Nəticədə kapsul daxilindəki şəxs orqanizmdə oksigen və CO2 çatışmazlığı səbəbilə vəfat edir.
Xatırladaq ki, 2020-ci ildə İsveçrədə 1300 nəfər insan leqal və könüllü şəkildə evtanaziya vasitəsilə intihar edib. Bu məsələdə onlar iki - “Exit” və “Dignitas” təşkilatlarının köməyindən istifadə ediblər.
Məlumat üçün bildirək ki, “Sarco” kapsulunun 2 prototipi mövcuddur. Üçüncü prototip Niderlandda hazırlanır. Şirkətin əsas məqsədi ölüm prosesini tibb sahəsindən kənara çıxartmaq və bu prosesə hər hansı bir tibbi müdaxilənin qarşısını almaqdır.
Əsas məqsəd süni zəkaya əsaslanan müayinə sistemini yaratmaqdır.