Uşaqlar arasında yeni virus yayılıb.
Səhiyyə Nazirliyindən Lent.az-a bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata əsasən, Avropa və ABŞ-da uşaqlarda yayılan mənşəyi məlum olmayan Hepatit virusuna indiyə qədər 11 ölkədə yoluxma halı aşkarlanıb.
Azərbaycanın səhiyyə qurumları respublika ərazisində epidimioloji vəziyyət dərhal araşdırıb.
Nəticələrə əsasən, indiyə qədər Azərbaycanda uşaqlarda mənşəyi məlum olmayan Hepatit virusuna yoluxma aşkarlanmayıb.
Vətəndaşların nəzərinə çatdırılır ki, respublika ərazisində vəziyyət diqqətlə izlənilir və nəzarət altındadır. Əhaliyə təşvişə düşməmək, lakin profilaktik tədbirlərə, xüsusən adi gigiyena qaydalarına riayət etmək, o cümlədən əllərin tez-tez yuyulması, xəstə insanlarla (asqırma, öskürmə və s. əlamətləri) təmasdan çəkinmək, habelə, çirkli əllərlə gözlərə, buruna və ya ağıza toxunmamaq tövsiyə edilir.
Valideynləri və uşaqlara qayğı göstərən digər şəxsləri hepatitin simptomlarından xəbərdar olmağa və hər hansı narahatlıqla bağlı tibb işçiləri ilə əlaqə saxlamağa çağırırıq.