Ramiz Mehdiyev və Namiq Cəlilov
10 fevral 2022 13:14 (UTC +04:00)

Ramiz Mehdiyev və Namiq Cəlilov

Yeganə xilas yolu Ramiz Mehdiyevin istefasıdır – Daha bir alimdən ETİRAZ

AMEA-ın sərbəst İnstitutu statusuna malik Şamaxı Astrofizika Rəsədxanasının hazırkı elmi fəaliyyətini  uğurlu qiymətləndirmək olar. Məşğul olduğumuz aktual problemlər və əldə olunmuş elmi nəticələr, yüksək reytinqli beynəlxalq elmi jurnallarda çoxsaylı publikasiyalar, Avropa elmi mərkəzlərində kadr hazırlığı, rəsədxanada aparılan gəncləşmə siyasəti, Azərbaycan Astronomiya Jurnalının ingilis dilində nəşri və jurnal məqalələrinin beynəlxalq NASA ADS sistemində yerləşdirilməsi, beynəlxalq meqa-layihələrdə iştirakımız (GRANDMA, Gaia, MASTER), yerli və beynəlxalq ranqlı qrantlarımız (Avropa Birliyinin FP-7 və  HORİZON-2020 qrant layihələri, Rus-Azərbaycan birgə qrantları, EİF-in digər yerli qrantları və s.), son illərdə təşkil edilmiş beynəlxalq və yerli konfranslar (Rəsədxananın 60 illiyi ilə bağlı 2019-cu ildəki, Ak. Hacıbəy Sultanovun 100 illiyinə həsr edilmiş 2021-ci ildəki beynəlxalq konfranslar, prof. Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş konfrans və s.), beynəlxalq seminarlar, Gənc Alim və Mütəxəssislər Şurasının işinin yenidən təşkili, alınmış müşahidə materiallarının emalı və arxivləşdirilməsi işinə start verilməsi, Beynəlxalq Astronomiya Cəmiyyətinin təşkil etdiyi müxtəlif astronomik tədbirlərin Azərbaycanda keçirilməsi,  yay-qış məktəbləri (düşərgələri) və s. buna sübut kimi göstərilə bilər. Hal-hazırda Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və  inkişafı üzrə Dövlət Proqramına  töhvə vermək üçün Respublika ərazisində yerətrafi fəzadan yerin kosmik monitorinqi üşün Rəsədxanada informativ Peykaltı Kosmik Poliqonun yaradılması  layihəsi Azərkosmos ASC ilə müzakirə edilir.  Lakin fəaliyyətimizin daha da genişləndirilməsi üçün bir-sıra problemlər təcili həll edilməlidir. 

Məlumdur ki, kosmos elminin vacib hissəsi olan fundamental elm sahəsi kimi Astronomiya sahəsində elmi tədqiqatların müasir səviyyədə düzgün təşkili kifayət qədər bacarıq və maliyyə resursları tələb edir. Hər şeydən əvvəl bir astronomik elmi-tədqiqat institu olaraq onun həm şəhər bazası (institut binası), həm də çətin iqlim şəraiti olan yüksək dağlıq ərazidə müşahidə bazası (Rəsədxanası) yaradılmalı, bu infrastruktur müasir texnologiyanın inkişafı ilə ayaqlaşan maddi-texniki  baza ilə təmin olunmalıdır. Belə bir struktur istər keçmiş sovetlər məkanında, istərsə də bütün inkişaf etmiş dünya astronomik elmi mərkəzlərində qəbul olunmuş praktikadır.

Çox təəssüf ki, indiyə qədər Şamaxı Astrofizika Rəsədxanasının həlli çox vacib olan infrastruktur problemi - onun Bakı şəhər bölməsi (institu) bu vaxta qədər normal təşkil olmamışdır. Rəsədxana yaradıldığı vaxtdan (1959) onun Bakı şəhər bölməsi də təsis edilmiş və hal-hazırda da mövcuddur. Lakin təəssüf ki, bu Bölmənin stabil binası (iş yeri) heç vaxt olmadığından Rəsədxana həmişə sosial problemlərlə, kadr itkisi və digər elmi-təşkilati problemlərlə üzləşmişdir. Bununla bağlı ayrı-ayrı dövrlərdə AMEA rəhbərliklərinə dəfələrlə müraciətlər edilməsinə baxmayaraq, bu məsələ hələ də öz həllini tapmamışdır. Axırıncı dəfə problemin həll edilməsi üçün AMEA Prezidenti akademik Ramiz Mehdiyevə də tərəfimizdən müraciət edilsə də heç bir müsbət nəticə əldə olunmamışdır. 

Müşahidə bazasının - Rəsədxananın quruculuğu ilə bağlı çox mühüm işlər artıq görülmüşdür. Belə ki, kosmos elminin vacibliyini düzgün dəyərləndirən dövlətimizin başçısı Cənab İlham Əliyevin 2008 və 2009-cu illərdə imzaladığı müvafiq Sərəncamları ilə Rəsədxanada yenidənqurma, təmir-bərpa işləri aparılmışdır. Bu dövrdə bir neçə dəfə işlərin gedişi ilə yerində tanış olmaq üçün cənab Prezident şəxsən rəsədxanaya gəlmiş və 2013-cü ildə yekun açılışı etmişdir. Bu açılışda cənab Prezident xüsusi olaraq qeyd etmişdir ki, tikilmiş bütün bu yeni binalar, qurğular, avadanlıq və cihazlar astronomiya elminin maddi bazasını möhkəmləndirmək, onun inkişafına xidmət etmək, çətin dağ şəraitində astronom alimlərin sosial həyatlarını yaxşılaşdlrılması üçün edilmişdir. Qeyd edək ki, Rəsədxanada yaradılmış şərait və infrastruktur yaxın və uzaq kosmos sahəsində elmi tədqiqtlarla yanaşı, həm də bütün dünyada olduğu kimi, astroturizmin də təşkilinə potensial imkan verir.      

Coğrafi baxımdan Rəsədxana ərazisinin sərt iqlim şəraitində yerləşməsi (1500 m hündürlükdə ilin 6-7 ayında havanın qarlı, şaxtalı, yağışlı, küləkli və dumanlı keçməsi) yaradılmış  infrastrukturun istismarını, qorunub saxlanmasını, inkişafını çətinləşdirir və Rəsədxana üçün ciddi maliyyə problemləri yaradır. Belə ki, illər ötdükcə tikililərdə və Rəsədxanaya xidmət göstərən texniki avadanlıqlarda baş verən nasazlıqların vaxtaşırı aradan qaldırılması zərurəti yaranır. Cari təmir işlərini, nəqliyyatın, avadanlıqların təmirini və yenilənməsini, təsərrüfat sektorunu normal vəziyyətdə saxlaması üçün maliyyə dəstəyinə daim ehtiyac yaranır. Astroturizmin təşkili bu problemlərin qismən həllində vəziyyətdən çıxış yolu kimi qiymətləndirilməlidir.
 
Bütün dünyada kosmik eranın çiçəkləndiyi bir dövrdə, Azərbaycan Respublikasının da bu inkişafa uğurla qoşulduğu bir vaxtda AMEA RH-nin 01.10.2021-ci il tarixli №17/3 Qərarı və AMEA Prezidentinin 14.12.2021-ci il tarixli №576 Sərəncamı ilə Rəsədxananın mövcud maddi bazasının parçalanıb ayrılması prosesinə başlanmışdır. Belə ki, cənab Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış və öz iştirakı ilə institutun istifadəsinə verilmiş ən müasir kampus və digər infrastrukturların torpaq sahəsi ilə birlikdə rəsədxanadan alınmasına start verilmişdir. Bu da yaradılmış uğurlu ekosistemin dağılması deməkdir. Hansı ki, qısa müddətdə rəsədxananın bir fundamental elm ocağı kimi tənəzzülünə səbəb olacağı qaçılmaz olacaqdır. Kosmik sənayesi, yeni püxtələşən gənc alimləri, milli kadrları ilə gələcəyinə böyük inam yaradan ölkəmizin bir astrofizik alimi kimi kosmos fizikası üzrə yeganə elmi tədqiqat mərkəzimizin ərazisinə və maddi texniki bazasına göz dikilməsi məni çox məyus edir. Biz aparıcı alimlərimizlə daim düşünürük necə edək ki, Rəsədxana tezliklə dünya elmi mərkəzlərindən birinə çevrilsin, bunlar isə onun onurğa sütununu qırmaq əzmindədirlər. Burda deyirlər “sən saydığını say, görək fələk nə sayır”....
Mənim fikrimcə AMEA-nı xilas etmək üçün Akademiyanın prezidenti Ramiz Mehdiyevin 
təcili olaraq istefaya getməsi zəruridir.

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, 
fizika-riyaziyyat elmləri doktoru, AMEA-ın müxbir üzvü  Namiq Cəlilov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6276
avatar

Oxşar yazılar