Aydın Həzrətov
15 aprel 2022 18:15 (UTC +04:00)

Aydın Həzrətov

“Yaralansa da, döyüş yoldaşlarını tək qoymaq istəmədi” – İndi vəziyyəti PİSDİR

“Aydının vəziyyəti o qədər ağırlaşıb ki, heç kimi, hətta nə məni, nə də uşaqlarımızı tanımır”.

Bunu Lent.az-a Aprel döyüşlərinin iştirakçısı Baş leytenant Aydın Əlibaba oğlu Həzrətovun həyat yoldaşı Ülviyyə Həzrətova deyir. O deyir ki, Aydın Həzrətov döyüşdə aldığı zərbədən sonra iflic olub:

“Mənim həyat yoldaşım Aprel döyüşlərində iştirak edib. Döyüş zamanı isə Tərtərdə olub. Həmin vaxt rütbəsi leytenant idi. Yoldaşım döyüşdə yaralanıb və səhvi onda edib ki, həmin vaxt bunu xəstəxanaya bildirməyib. Bunu da ona görə edib ki, döyüş yoldaşlarını tək qoymaq istəməyib. Buna görə də bizə qazi sənədi vermirlər”. 


Ülviyyə xanım bildirir ki, Aydın Həzrətov artıq öz uşaqlarını da tanımır:

“Aydın Ağdamda 190 nömrəli hərbi hissədə olub. Bunu araşdıra da bilərlər. İndi də yoldaşımın başında aldığı xəsarətdən bədxassəli xərçəng yaranıb. Vəziyyəti çox ağırdır, sağ tərəfi işləmir və yataqdadır. Vəziyyəti o qədər ağırlaşıb ki, heç kimi, hətta məni və uşaqlarımızı da tanımır. Biz təcili Türkiyəyə çıxmalıyıq və bunun üçün də maddi dəstəyə ehtiyacımız var. Bununla bağlı Yaşat Fonduna da müraciət etmişik, amma onlar deyir ki, Aydın qazi kimi qeydiyyata düşmədiyi üçün kömək edə bilmirik. Yoldaşım silahı qoyub, xəstəxanaya getməyib. Axı bu günah deyil. Biz gecikirik, bizə kömək lazımdır”. 

Aydın Həzrətovun xanımı onu da qeyd etdi ki, yoldaşına 3-cü qrup əlillik verilib:

“Hövsanda yerləşən Sosial binalarda ipotekaya ev götürüb, orda yaşayırıq. Yoldaşıma 3-cü qrup əlillik verilib. Ayda 350 manat pul alırıq və iki azyaşlı övladımız var”.

Lent.az bununla bağlı “YAŞAT” fonduna müraciət etdi. Bildirildi ki, Həzrətov Aydın Əlibaba oğlu 3-cü qrup əlil olsa da, “YAŞAT” Fondunun subyekti hesab edilmir. 

““YAŞAT” Fondunun subyekti şəhid ailəsi üzləri və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunan şəxslərdir. Qeyd edək ki, Aydın Həzrətovun əlilliyi hərbi xidmət dövrü ilə əlaqədardır. Həmçinin onkoloji xəstələrə tibbi yardım “Onkoloji yardım haqqında” Qanununa uyğun olaraq, Səhiyyə Nazirliyinin tabeliyindəki Milli Onkologiya Mərkəzində və onkoloji xəstəxanalarda (dispanserlərdə) həyata keçirilir. “Onkoloji yardım haqqında” Qanununa əsasən onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına ödənilir. Fondun məqsədi dövlət tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına göstərilən sosial tədbirlərə əlavə dəstək verməkdir”.

Qeyd edək ki, Aydın Həzrətovun xanımının dediyinə görə, Onkoloji Mərkəzdən üzərlərinə düşən bütün müalicəni etdiklərini və onlarlıq heç bir şey qalmadığını bildiriblər.

 

# 7581
avatar

Aytəkin Cəlali

Oxşar yazılar