Yalavanc uşaqları:  Əzablı yollar, 500 manat pul, ölməyən ümid -  Səbuhi Məmmədli yazır
20 sentyabr 2021 20:15 (UTC +04:00)

Yalavanc uşaqları: Əzablı yollar, 500 manat pul, ölməyən ümid - Səbuhi Məmmədli yazır

“Əvvəllər rayonun daxili imkanları hesabına bu problemi həll edirdik. Avtobus icra hakimiyyətinin vəsaiti hesabına ayrılırdı. Bu il isə mümkün olmayacaq”.

Elə beləcə də dedilər Quba Rayon İcra Hakimiyyətindən... Hə, pul yoxdu. Deyəsən, olmayacaq da. Və bir neçə gündən sonra dərslər başlayır. 

“Çalı quşu” filmi yadınızdadırmı?  Fəridənin dərs dediyi Zeynilər kəndini necə, xatırladınızmı? “Çalı quşu” SSRİ-də yayımlanan ilk Türkiyə serialı idi. O vaxt biz Zeynilər kəndindən, gənc müəllimənin dərs dediyi məktəbdən, sözün həqiqi mənasında qorxmuşduq. Belə məktəbmi olar? Belə kəndmi olar? O məktəbin uşaqlarının oxumaq həvəsi yadınızdadırmı? 

Elə şəkildə gördüyünüz bu uşaqlar da oxumaq istəyirlər.

O uşaqlara da, o avtobusa da, elə nədən “Çalı quşu”dan söz açdıq, bütün bunlara qayıdacağıq. Hələliksə, Yalavancdayıq...

Qubanın kəndidir Yalavanc. Amma Şabran rayonu ərazisində yerləşir. Necə deyərlər, Qubanın Şabrandakı anklavıdır. XX əsrin əvvəllərində Yalavanc Şabran düzündə qışlaq yeri kimi olub. Sonralar Qubanın Buduq kəndindən çıxmış ailələr qışlaqda məskunlaşaraq burada kənd salır və onu qışlağın adı ilə adlandırırlar. Yəni bu kənddə Qubanın dağlıq Buduq kəndindən olan buduqlar yaşayırlar. Yeri gəlmişkən, Qubadakı Buduq kəndində olduğu kimi onlar da öz dillərin qoruyub saxlayıblar. Maraqlıdır ki, 1930-cu ildə Quba rayonu təşkil olunanda, Şabran rayon ərazisində yerləşən Yalavanc da elə məhz Qubanın tərkibinə qatılır. 

Kənd Şabran şəhər mərkəzindən 8 km aralıda yerləşsə də, ora gedib çıxmaq sözün həqiqi mənasında zülmdür.

Yol, - əslində yol sözü burada artıqdır - tozludu, asfalt deyilən adi qırıntıya belə həsrətdir illərdi. Təsəvvür edin, yanınızdan bir maşın ötüb keçdisə, tozun yatmağı üçün bir az gözləməli olacaqsınız. Azca yağış yağandan sonra isə bu yoldan keçib getmək sadəcə mümkünsüzdü. 

Sakinlərin dediyinə görə, sonuncu dəfə asfalt sovet dövründə vurulub bu yola. Kənd olduqca kasıbdır, amma kənd sakinləri çalışqan, zəhmətkeş. Dostumuz Emin deyir ki, Azərbaycanda ən yaxşı turp bu kənddə yetişdirilir. 

Taxtakörpü su anbarı istifadəyə verilməmişdən buralarda su qıtlığı yaşanıb əməlli.

Ona görə də sanki yarımsəhranı xatırladır kənd. Yaşıllıq anlayışı da itib buralarda. Kənddə qaz yoxdu, su qıtdı, işıq tez-tez sönür. Sakinlər yarızarafatla deyirlər ki, heç kim Yalavanca qız vermək istəmir. 

Hə, uşaqlardan danışırdıq axı. Biri Ruslandı, biri Rəhim. Həm Ruslan, həm də Rəhim bu il məktəb üzünə həsrət qala bilərlər. Və eləcə də onlar kimi 24 şagird də. Söhbət ondan gedir ki, kənddəki məktəb 4 illikdir. Dördüncü sinifdən yuxarı təhsil alan uşaqlar ən yaxın məktəbə getmək üçün o 8 kilometrlik əzablı yolu qət etməlidilər. Ən yaxın məktəb isə Şabran şəhərindəki 2 saylı məktəbdir. Quba rayonunda məktəbə isə 55 kilometr məsafə var. 

Bəs indiyədək uşaqlar məktəbə necə gedirmiş? Çox sadə, Quba rayonu icra hakimiyyəti bir avtobus kirayələyibmiş. O avtobusda tozlu-torpaqlı bu yolla bu uşaqları məktəbə aparıb gətirirmiş. İndi avtobus yoxdur. Daha doğrusu avtobus var, onun sürücüsünə verməyə pul yoxdur. 

Əvvəllər Quba Rayon İcra Hakimiyyəti tərəfindən avtobus sürücüsünə aylıq 500 manat məbləğində pul ödənilib. İndi bu pulu ödəyən yoxdur. Daha doğrusu Quba rayon icra hakimiyyətindən açıq şəkildə bildirirlər ki, bu il vəsait ayrılmayıb, ayrılmayacaq da. 

Kənd sakini Habil Hacıyev Lent.az-a deyir ki, ötən il yalnız ibtidai sinifləri əhatə edən yeni modul tipli məktəb tikilib və bu məktəbdə 25 şagird təhsil alır.

Hazırda kənddə 80 təsərrüfat sahəsi, 70 ev var. Əhali də getdikcə artır, yeni məktəbin tikilməsinə ehtiyac var. “Bununla bağlı dəfələrlə İcra Hakimiyyətinə də müraciət etmişik. Söz veriblər ki, gələn ilə kənddə 9 illik məktəb olacaq. Amma 10 günə dərs başlayır, nə məktəb tikintisi, uşaqların Şabrana məktəbə getməsi belə sual altındadır. Uşaqlar isə oxumaq istəyir. Balaca Rəhim kimi. “Mən oxumaq istəyirəm. Dərsləri gözləyirəm səbirsizliklə. İndi necə olacaq əmi. Dərsimə gedə bilməyəcəm?. Bəs necə olacaq bizim axırımız?” 

Bu uşağın  suallarına cavab tapa bilmirəm. Elə Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev də. O, kənd məktəbinin tipinin 9 illiyə dəyişdirilməsi ilə bağlı məsələnin müzakirə olunduğunu və müvafiq sənədlərin Təhsil Nazirliyinə göndəriləcəyini deyir. Məktəbin tipinin nə vaxt dəyişdirilməsi isə təhsil nazirinin əmrindən asılıdır. Rüfət müəllim onu da deyir ki, bu il həmin şagirdlər yenə Şabrana getməli olacaqlar. Bəs həmin uşaqları məktəbə kim aparacaq? Rüfət müəllimin fikrincə, məktəblilərin təminatını, tutaq ki, kəndin bələdiyyəsi öz üzərinə götürə bilər.

Bəs indi necə olacaq? Bu uşaqları kimin ümidinə qalacaq? Doğrudanmı Azərbaycanın ən böyük 3 rayonundan biri olan Qubanın büdcəsində bu uşaqların problemini həll etmək üçün 500 manat tapılmır? Və ya tapmaq istəmirlər? 

Dərs ili isə başlayır...

Quba-Yalavanc

# 5169
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar