Zəlzələ fəsadlarının aradan qaldırılmasına dair statistika açıqlandı
08 iyun 2013 11:15 (UTC +04:00)

Zəlzələ fəsadlarının aradan qaldırılmasına dair statistika açıqlandı

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən il respublikanın şimal-qərb bölgəsində baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasına dair növbəti statistikasını açıqlayıb.

 

Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, 1 iyun 2013-cü il tarixinə qədər zəlzələ bölgəsində 59 min 156 ev və sosial obyektə baxış keçirilib, 6 min 65 ev və sosial obyektə qəzalı, 11 min 236 ev və sosial obyektə bərpa, 24 min 101 ev və sosial obyektə təmir, 17 min 754 ev və sosial obyektə isə qənaətbəxş rəyi verilib.

 

İyunun 1-ə qədər Azərbaycanın zəlzələ baş vermiş şimal-qərb bölgəsindəki üç rayonda 3 min 415 fərdi yaşayış evinin tikintisi başa çatdırılıb. Tikintisi başa çatdırılan evlərin 2 min 885-i Zaqatalada, 325-i Qax, 205-i isə Balakən rayonundadır. Hazırda 1687 evin tikintisi davam etdirilir.  Sosial obyektlərdən 36 məktəbin, o cümlədən Zaqatalada 20, Qaxda 11, Şəkidə 3, Balakəndə 2 məktəbin tikintisinə başlanılıb. İyunun 1-ə kimi 6 min 720 şagird yerlik 26 məktəb binası, 55 yerlik 1 uşaq bağçası tikilib istifadəyə verilib. Zaqatala rayonunun Muxax kəndində 480 şagird yerlik məktəb binası bərpa və gücləndirilib.

 

Qeyd edək ki, 7 may 2012-ci ildə episentri Zaqatala  rayonu ərazisinə düşən zəlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərə ciddi ziyan dəyib.

Hadisədən dərhal sonra zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı FHN tərəfindən operativ qərargah yaradılıb, nazirliyin mütəxəssisləri dəymiş ziyanın müəyyənləşdirilməsi ilə əlaqədar müvafiq tədbirlər həyata keçirməyə başlayıblar.

Azərbaycan prezidentinin göstərişlərinə əsasən, Nazirlər Kabinetinin 8 may 2012-ci il tarixli sərəncamı ilə zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ilkin olaraq  20 milyon manat, 2012-ci il dövlət büdcəsində dürüstləşmə ilə əlaqədar təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün 300 milyon manat və Nazirlər Kabinetinin 24 oktyabr 2012-ci il sərəncamı ilə 100 milyon manat olmaqla, cəmi 420 milyon manat  vəsait ayrılıb.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq bu istiqamətdə zəlzələ zonasında təbii fəlakətin nəticələri aradan qaldırılır və ziyan dəymiş əhaliyə hər cür köməkliklərin göstərilməsi davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 723
avatar

Oxşar yazılar