Zaqatalanin Car kənd sakini Əsildar Buğayevə məxsus darvaza görənlərin böyük marağına səbəb olur. Lent.az ARB TV-yə istinadən xəbər verir ki, darvazada rok musiqi qrupunun təsviri canlandırılıb.
8 il öncə ev sahibinin oğlu Ruslan hələ 9 -cu sinifdə oxuyarkən ailəsindən gizli darvazaya adi divar boyasi ilə rok musiqiçilərinin təsvirini çəkib. Atası oğlunun şəkil çəkməyə və rok musiqisinə olan marağından, şəkli hər kəsdən gizli çəkdiyini, hətta yoldan maşın keçəndə görməsinlər deyə gizlənə-gizlənə çəkdiyini deyib. Bu şəkilli darvaza sakinlərlə yanaşı kəndə gələn yerli və əcnəbi turistləri də cəlb edir.
Çəkilən tablonu bəyənənlərlə yanaşı, ev sahibinə irad bildirənlərdə az deyil. Bununla belə atanın övladının əl işi olan darvazanı yenidən boyamağa əli gəlmir. Turistlərin icazə istəyərək darvaza önündə şəkil çəkdirdiklərini və eyni zamanda bəzi kənd sakinlərinin və qohumların ona irad bildirdiklərini qeyd edib.
Ruslan Buğayev bir müddətdir ki, Rusiyada yaşayır. Atasının sözlərinə görə, illər keçsə də Ruslanın Rok musiqisinə və rəsm çəkməyə marağı hələ də azalmayıb.
İndi pulla sifariş qəbul etməsə də dostları və yaxınlarının xahişi ilə tanınmış insanların portretlərini çəkən Ruslanın bu istedadından ailəsinə qalan isə elə yeniyetməlik dövründə darvazada canlandırdığı tablodur.