Bakı şəhər Gənclər və idman baş idarəsi və Xəzər İntellektual Gənclər Klubu yetmələr arasında yeni breyn-rinq üzrə turnir təşkil edəcək. Lent.az-ın məlumatına görə, turnir Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasına həsr olunacaq.
Çempionat 12 oktyabrda Rəşid Behbudov adına Mahnı teatrında baş tutacaq. Dövlət müstəqilliyinin bərpasına həsr olunan breyn-rinq üzrə turnirdə paytaxtın 12 rayonundan olan yeniyetmələr yarışacaqlar. Xəzər İntellektual Gənclər Klubunun əməkdaşı Mərziyyə Əsgərzadənin sözlərinə görə, breyn-rinq üzrə turnir iştirakçıların sayına görə əvvəlki turnirlərdən fərqli olacaq: “Biz bu il təşkil etdiyimiz yarışda daha çox iştirakçıya öz biliklərini sınamağa şans verəcəyik”.
Qeyd edək ki, turnirin qalibləri Bakı şəhər Gənclər və idman baş idarəsi, Xəzər İntellektual Gənclər Klubu və Real Xaricdə Təhsil Mərkəzi tərəfindən mükafatlandırılacaqlar.