Dövlət başçısı İlham Əliyev “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, fərmana görə Səhiyyə Nazirliyi tibb kadrlarının peşə hazırlığı səviyyəsinə nəzarəti təmin edəcək. Dəyişiklərə əsasən nazirlik tibb fəaliyyəti ilə məşğul olan müəssisə və təşkilatlar tərəfindən göstərilən tibbi xidmətin keyfiyyətinə nəzarəti təmin etmək məqsədi ilə insanların həyat və (və ya) sağlamlığına əhəmiyyətli zərərin vurulması və ya belə təhlükənin olması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarə orqanlarından konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda, həmin müəssisə və təşkilatlarda yoxlama apara biləcək.
Fərmanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə iki ay müddətində
pullu ixtisaslaşdırılmış tibbi yardımın növlərini Azərbaycan Respublikasının prezidenti ilə razılaşdırmaqla müəyyən etmək, dərman vasitələrinin qiymətləri və onların ekspertizasının tarifləri ilə bağlı yeni tənzimləmə mexanizminə dair təkliflərini dövlət başçısına təqdim etmək və bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.