Ödənişli təhsil üzrə qəbul planı ləğv ediləcək
Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə qəbul və yerləşdirmə mexanizminin təkmilləşdirilməsi, dövlət və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsi nəzərdə tutulur. Lent.az-ın məlumatına görə, bu, ölkə prezidenti tərəfindən dünən imzalanan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda əks olunub. Strategiya təhsil müəssisələrinin infrastrukturuna dair norma, standart və qaydaların təkmilləşdirilməsini, beynəlxalq təcrübə əsasında təhsil müəssisələrinin akkreditasiyası sisteminin, təhsil sistemində dövlət sifarişinin formalaşdırılmasına yenidən baxılmasını, ölkənin siyasi, iqtisadi və sosial inkişafının real tələbatına əsaslanaraq prioritet sayılan sahələr üzrə kadr hazırlığının təmin edilməsini qarşıya məqsəd qoyulub.
Təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin yaradılması, təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyət verilməsi, təhsil müəssisələrində strateji idarəetmənin tətbiqi mexanizmlərinin yaradılması da strategiyada nəzərdə tutulub.
Sənəddə qeyd edilib ki, Birləşmiş Millətlər Təşkilatının 2010-cu il üzrə İnsan İnkişafı Hesabatına əsasən, 2005-ci illə müqayisədə Azərbaycan 34 pillə irəliləyərək 169 ölkə arasında 101-ci yerdən 67-ci yerə yüksəlib, “orta insan inkişafı” qrupundan “yüksək insan inkişafı” qrupuna daxil olub. Azərbaycan iqtisadi inkişaf tempini sürətləndirərək yoxsulluğun azaldılması və orta ömür uzunluğu göstəricisinin artması baxımından böyük nailiyyətlər əldə edib. Bununla yanaşı, aparıcı beynəlxalq təşkilatların statistik təhlilləri Azərbaycan təhsilinin beynəlxalq rəqabətə davamlılıq göstəricilərinin və Azərbaycan Respublikasının ərazisində yerləşən ali təhsil müəssisələrinin reytinq səviyyəsinin yüksəldilməsinin zəruri olduğunu göstərir.
Xüsusən, ümumi təhsil müəssisələrinin şagird və məzunlarının keyfiyyət göstəricilərinin yaxşılaşdırılması aktual məsələlərdəndir. Ali və ümumi təhsil üzrə dərsliklərin elmi və metodiki baxımdan təkmilləşdirilməsinə ehtiyac var. Ali təhsil müəssisələri məzunlarının tərkibi iqtisadiyyatın tələbatları ilə tam uzlaşmır. Azərbaycanın ali təhsil müəssisələri tələbələrinin yalnız 1,2 faizi kənd təsərrüfatı ixtisasları qrupu üzrə təhsil alır. 25-34 yaş arasında olan ali təhsilli mütəxəssislərin 67 faizi dövlət sektorunda cəmlənib. Özəl sektorda ixtisaslı işçi qüvvəsinin çatışmazlığı problemi yaranıb. Ən böyük kadr çatışmazlığı xidmət sektorunda və kənd təsərrüfatı sahəsində müşahidə olunur.
Hər 100 000 nəfərə düşən ali məktəb tələbələrinin sayına görə Azərbaycan Respublikası üzrə göstəricilər əhəmiyyətli dərəcədə artırılmalıdır. Əhali təbəqələri və regionlar arasında xüsusən ali təhsilə çıxış imkanları genişləndirilməlidir.
Son illərdə ilk peşə-ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafı sahəsində işlər görülüb, özəl sektor, işəgötürənlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurulub. Buna baxmayaraq, bu sahədə həlli vacib olan ciddi problemlər hələ də qalmaqdadır. İlk peşə-ixtisas təhsili müəssisələrini bitirən şəxslərin sayı iqtisadiyyatın tələbatı ilə üst-üstə düşmür. Son illər ümumi təhsil müəssisələrini bitirən məzunların yalnız 11 faizinin ilk peşə-ixtisas təhsili müəssisələrini seçməsi, ümumilikdə həmin pillədə təhsilalanların cəmi 25–27 min nəfər təşkil etməsi əhalidə ilk peşə-ixtisas təhsilinə marağın aşağı olduğunu göstərir.
Strategiyada ölkədə məktəbəqədər təhsilə cəlb olunma səviyyəsinin aşağı olması da qeyd edilib. Belə ki, məktəbəqədər təhsillə əhatə səviyyəsi şəhərlərdə 23,4, kəndlərdə 8,7, ölkə üzrə isə 16,5 faiz təşkil edir. Son illərdə Bakı şəhərində yeni məktəbəqədər təhsil müəssisələrinin inşası və ya əsaslı təmiri istiqamətində atılan addımlar nəticəsində məktəbəqədər təhsillə əhatə səviyyəsi artaraq 27 faizə çatsa da, bu sahədə həllini gözləyən problemlər qalmaqdadır. Ölkənin yaşayış məntəqələrinin 75 faizində məktəbəqədər təhsil müəssisəsi yoxdur.