“Bu il keçirilən sınaq imtahanlarında I qrup üzrə 13 nəfər, II qrupda 4 nəfər, III qrupda 9 nəfər, IV qrupda isə 28 nəfər 680-700 bal arasında nəticə göstərib”. Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib. O deyib ki, sınaq imtahanlarının nəticələrinə əsasən ən aşağı bal I qrupda qeydə alınıb. Sınaq imtahanının ümumi nəticələrinə əsasən, I qrupda iştirak edən 17 624 nəfərin 50 faizindən çoxu 200-222 baldan, II qrupda iştirak edən 14 269 nəfərin 50 faizindən çoxu 252 baldan, III qrupda iştirak edən 14 686 nəfərin 50 faizindən çoxu 282 baldan, IV qrupda iştirak edən 5 076 nəfərin 50 faizindən çoxu isə 232 baldan yuxarı nəticə əldə edib: “Amma nəzərə alaq ki, bu nəticələr imtahana hazırlaşan uşaqların nəticələridir. Sınaq imtahanına gələn uşaqlar çox ciddi hazırlaşır və öz ballarını yoxlayırlar. Bunların arasında hətta X sinif şagirdləri var. Onlar da sınaq imtahanlarında iştirak edərək öz biliklərini bilirlər”.
M. Abbaszadə vurğulayıb ki, ötən illə müqayisədə sınaq imtahanlarının nəticələrinə əsasən vəziyyət dəyişməyib. Onun sözlərinə görə, sınaq imtahanlarına iştirak edən abituriyentlər həmin səviyyədədir: “Bu da sınaq imtahanlarının nəticələridir. Əsas hüquqi nəticələr isə qəbul imtahanlarında qeydə alınacaq. Bu vaxta kimi yalnız əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanlarının nəticələri məlumdur. Buna əsasən deyə bilərik ki, əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanının nəticələri əvvəlki illərin məzunları üçün ötən illərdə keçirilən imtahanla təxminən eyni səviyyədədir”.
Sınaq imtahanlarında ən zəif nəticə I qrupdadır - YENİLƏNİB
1432