Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclası keçirilib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, tədbirdə çıxış edən nazir Səlim Müslümov son 9 ayda qeyri-leqal əmək fəaliyyətinə cəlb olunduğu aşkar edilmiş 6420 nəfər işçi ilə işəgötürən arasında əmək müqaviləsinin bağlanmasının, 418 207 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin təmin olunduğunu diqqətə çatdırıb.
Nazir əlavə edib ki, əmək qanunvericiliyinin pozulması hallarına görə işəgötürənlərə tətbiq olunmuş cərimələrin 41,1 faizi, yəni 1 411 600 manat dövlət büdcəsinə ödənilib və bu da ötən ilin müvafiq dövrünə nisbətən 23,6 dəfə çoxdur:
Kollegiya iclasında ƏƏSMN-nin ayrı-ayrı struktur bölmələri tərəfindən hesabat məruzələri dinlənilib. Görülən işlərin müsbət nəticələri qeyd olunmaqla, yol verilən nöqsan və çatışmazlıqlar diqqətə çatdırılıb və fəaliyyətlərində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün müvafiq qərarlar qəbul edilib. Qarşıda duran vəzifələrin də müzakirə edildiyi iclasda nazirliyin struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.