Səlim Müslümov beynəlxalq seminarda çıxış edib
17 oktyabr 2014 15:40 (UTC +04:00)

Səlim Müslümov beynəlxalq seminarda çıxış edib

0

 

İtaliyanın Turin şəhərində Avropa Şurasının Beynəlxalq Qeyri-Hökumət Təşkilatları Konfransı tərəfindən Beynəlxalq Yoxsulluğun Aradan Qaldırılması Günü ilə əlaqədar seminar keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az-a verilən məlumata görə, Avropa ölkələrinin ayrı-ayrı hökumət qurumlarının, parlamentarilərin, beynəlxalq və yerli QHT-lərin iştirakı ilə keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizin AŞ Nazirlər Komitəsinə sədrliyi adından çıxış edib.

 

S.Müslümov son illərin iqtisadi və maliyyə böhranı şəraitində sosial hüquqlar sisteminin təmin edilməsinin Avropa məkanında xeyli aktuallaşdığını, həyata keçirilən iqtisadi strategiyalarda sosial birliyin vacib elementlərinin diqqətdə saxlanılmasının daha çox önəm kəsb etdiyini vurğulayıb. Nazir böhranın təsirlərindən qorunmaq üçün iqtisadi baxımdan zəruri sayılaraq aparılan iqtisadi islahatların bir sıra hallarda ölkələrdə sosial rifah meyarlarına zidd olduğunu, nəticədə işsizlik, yoxsulluq və sosial təcrid kimi problemlərin kəskinləşməsinə, əhali təbəqələri arasında yoxsullaşma meyllərinə şərait yaratdığını qeyd edib. O, bildirib ki, böhrandan xilas yolu kimi aparılan hər bir islahat iqtisadi baxımdan zəruri sayıldığı kimi, sosial hüquqların təmin olunması baxımından da məqbul olmalı və yoxsullaşma meyllərinin artmasına şərait yaratmamalıdır.

 

AŞ Nazirlər Komitəsi üçün sosial hüquqların qorunması və təşviqinin sosial məsələlərin həllində əsas elementlərdən biri olduğunu qeyd edən S.Müslümov bildirib ki, AŞ-nın bu sahədə fəaliyyəti kollektiv şikayətlər sistemini nəzərdə tutan Dəyişdirilmiş Avropa Sosial Xartiyası və Protokolunun icrasına, o cümlədən Avropa Sosial Təminat Məcəlləsi və onun Protokoluna əsaslanır: “Bu hüquqi sənədlər üzv dövlətlərdə sosial hüquqların müdafiəsi sahəsində çatışmazlıqların müəyyən edilməsi və aradan qaldırılması üçün mühüm alətlərdəndir. Ona görə də Nazirlər Komitəsi həmin sənədləri hələ da ratifikasiya etməmiş üzv dövlətləri bunu etməyə dəvət edir”.

 

 

S. Müslümov AŞ Nazirlər Komitəsinə Azərbaycanın sədrliyi adından seminar iştirakçılarına uğurlar arzulayıb, bu tədbirdə aparılacaq müzakirələrin bütün üzv dövlətlərdə sosial rifah məsələlərinin həlli üçün faydalı olacağına əminliyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 679

Oxşar yazılar