Sabah Bakıda “Amay” ticarət mərkəzində arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası açılacaq.
Kənd Təsərrüfatı Nazirliyindən Lent.az-a verilən məlumata görə, 1 ay davam edəcək yarmarkada bu il 254 nəfər arıçı iştirak edəcək. Zona və Respublika Baytarlıq laboratoriyaları bu il yarmarkaya buraxılan balın yoxlanmasını daha da sərtləşdirib və nəticədə gətirilən balın 20%-dək hissəsi keyfiyyət göstəriciləri normaya uyğun olmadığından yarmarkaya buraxılmayıb.
Bakı şəhəri də daxil olmaqla, 8 iqtisadi rayonun və hər bir rayon üzrə iştirakçıların yarmarkada yerləşməsini müəyyənləşdirmək üçün bu gün püşkatma keçirilib. KTN-nin nümayəndələri arıçıları yarmarkanın keçirildiyi ərazi ilə tanış edərək, onlara yarmarkanın qaydaları barədə məlumat veriblər.
Bildirilib ki, yarmarka müddətində heç bir iştirakçı yarmarkaya kənardan boş banka belə gətirə bilməyəcək. Bu da yarmarkada yalnız yoxlanılmış məhsulun satışını təmin edəcək. Sıxlıq yaratmamaq üçün yarmarka müddətində satış stollarında yalnız bir nəfər qeydiyyatdan keçmiş şəxsin özü otura biləcək.
Qeyd edək ki, yarmarkanın açılış mərasimi oktyabrın 15-də saat 10:30-da Nobel prospekti, 23 ünvanında yerləşən “AMAY” Ticarət Mərkəzində olacaq.