Bu ilin 1 aprel tarixindən sentyabr ayının sonuna qədər aparılmış təhlilə görə Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (SNTTTYS) konsultativ bölməsinin doǧuşa yardım sahəsi ilə baǧlı fəaliyyətində müsbət nəticələr əldə olunub.
Lent.az-ın məlumatına görə, bunu SNTTTYS-nın baş həkimi Mirələm Cəlalov jurnalistlərə açıqlamasında deyib. M.Cəlalovun sözlərinə görə, cari ilin aprelin 1-dən sentyabrın sonuna qədər Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının konsultativ xidmətin mütəxəssisləri 46 pasiyentə xidmət göstərib. Keçən ilin müvafiq dövründə bu rəqəm 55 olub, bu da pasiyentlərin sayında 17 faiz azalma deməkdir.
M.Cəlalov qeyd edib ki, ölkənin rayon və şəhər xəstəxanalarına bu il 79, keçən il isə 88 dəfə müxtəlif profilli məsləhətçi həkimlər göndərilib. Keçən illə müqayisədə bu il çağırışların sayında 10 faiz azalma qeydə alınıb. Yerlərdə aparılan ginekoloji cərrahi əməliyyatlara toxunan M.Cəlalov bildirib ki, bu müddət ərzində regionlarda belə əməliyyatların sayı 3 dəfə (keçən il 2, bu il 6) artıb. Əməliyyatların əksəriyyəti qeysəriyyə, uşaqlıq amputasiyası və qanaxma ilə bağlı relaparatomiya olub. Bundan başqa, regionlardan paytaxta köçürülən ginekoloji xəstələrin sayı azalır. Belə ki, bu ilin aprel - sentyabr aylarında keçən illə müqayisədə 39 faiz azalma olub. M.Cəlalov əlavə edib ki, respublika baza tibb müəssisələri üzrə çağırışlara gəlincə, Bərdə doğum evində bu ilin müvafiq dövründə baxılan 8 xəstəyə 3 cərrahi əməliyyat və 1 daşınma, Gəncə Perinatal Mərkəzində 9 xəstəyə 3 daşınma, Lənkəran Perinatal Mərkəzində 4 xəstəyə 1 daşınma, Quba Perinatal Mərkəzində 5 xəstəyə 1 cərrahi əməliyyat və 1 köçürülmə, Şəki Perinatal Mərkəzində 14 xəstəyə 7 köçürülmə, Şirvan doğum evində isə 5 xəstəyə 1 cərrahi əməliyyat həyata keçirilib. Bakı şəhəri üzrə isə ən çox yerləşdirilən xəstələr Respublika Perinatal Mərkəz və Respublika Klinik Xəstəxanası olub.